Konstitusiya Məhkəməsində
avropalı qonaqlarla görüş
keçirilmişdir
Konstitusiya Məhkəməsində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qonaqlara rəhbərlik etdiyi qurum haqqında məlumat verərək demişdir ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Konstitusiya Məhkəməsi isə 1998-ci ildə yaradılmışdır. Gənc təsisat olmasına baxmayaraq, Azərbaycanın Konstitusiya Məhkəməsi beynəlxalq təcrübədən istifadə edərək fəaliyyətini təkmilləşdirmişdir.
Konstitusiya Məhkəməsinin hüquqları və səlahiyyətləri Azərbaycan Konstitusiyasının 130-cu maddəsində əks olunmuşdur. Azərbaycanın Konstitusiya Məhkəməsi qanunların və digər hüquqi aktların Konstitusiyaya uyğunluğuna nəzarət edir. Müvafiq dövlət təsisatları ilə yanaşı, vətəndaşların da birbaşa Konstitusiya Məhkəməsinə müraciət etmək hüquqları vardır. Konstitusiya Məhkəməsinin mühüm funksiyalarından biri də qanunlara rəsmi şərh verməsidir.
Nümayəndə heyətinin rəhbəri xanım Qudrun Mosler-Törnström Azərbaycana səfərlərinin məqsədi haqqında danışaraq demişdir ki, bir sıra bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının fəaliyyətləri ilə tanış olduq. Azərbaycanda bələdiyyələrin fəaliyyətini tənzimləmək üçün demokratik qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli hakimiyyətlərin formalaşmasına kömək göstərir.
Xanım Qudrun Mosler-Törnström Azərbaycanda bələdiyyələrin də gənc təsisat olduğunu bildirmiş, onlara hüquqi yardım göstərilməsinin vacibliyini qeyd etmişdir.
Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılmış, hüquqi məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 6 aprel.- S. 4.