Hesablama Palatasının sədri Avropa Şurasının nümayəndə
heyəti ilə görüşmüşdür
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin (AYRHK) Monitorinq Komitəsinin nümayəndə heyəti Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov ilə görüşmüşdür.
Palatadan bildirmişlər ki, qonaqlar AYRHK-ın Azərbaycanda yerli və regional demokratiya üzrə 2003-cü ildə qəbul edilmiş tövsiyəsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ölkəmizdə aparılan məqsədyönlü işləri məmnunluqla qeyd etmişlər. Eyni zamanda, AYRHK təmsilçiləri yerli hakimiyyətin iki orqandan - bələdiyyələr və icra nümayəndələrindən ibarət olmasından yaranan paralellik, özünüidarə orqanlarının maliyyə bazasının möhkəmləndirilməsi, yerli büdcələrin formalaşdırılması mənbələri, onlardan istifadənin səmərəliliyinin artırılması və bələdiyyələrin funksiyalarının getdikcə daha da genişləndirilməsi ilə əlaqədar konqresin tövsiyələrinin yerinə yetirilməsi sahəsində əlavə tədbirlərin görülməsi barədə mövqelərini bildirmişlər.
Heydər Əsədov yerli və regional demokratiyanın inkişafı, habelə "Yerli özünüidarə haqqında" Avropa Xartiyasının prinsip və meyarlarına uyğun olaraq bu sahədə ölkəmizdə həyata keçirilən tədbirlər, yaradılmış qanunvericilik bazası, yerli büdcələrin icrasına nəzarət mexanizmləri, dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə nəzarət sahəsində Hesablama Palatasının vəzifə və səlahiyyətləri və digər məsələlər barədə məlumat vermişdir. H.Əsədov həmçinin Azərbaycanda yerli özünüidarə orqanlarının potensialının artırılması, xüsusilə bələdiyyələrin maliyyə bazasının gücləndirilməsi üçün ilk növbədə, mövcud imkanların dəyərləndirilməsi zərurəti ilə bağlı təkliflərini diqqətə çatdırmışdır.
AYRHK nümayəndə heyətinin rəhbəri Y.Vinen Hesablama Palatası sədrinin təklif və fikirlərini yüksək qiymətləndirərək yerli özünüidarə orqanlarının maliyyə təminatının möhkəmləndirilməsində ölkənin Ali Audit Qurumu kimi Hesablama Palatası ilə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətində olduqlarını bildirmişdir.
Görüşün sonunda ölkəmizin Avropa Şurası ilə əlaqələrinin
hərtərəfli inkişaf etdirilməsi
sahəsində Hesablama Palatasının
üzərinə düşən bütün
vəzifələri bundan sonra
da yerinə yetirməyə hazır
olması bir daha təsdiq
edilmişdir.
Azərbaycan.- 2012.- 6 aprel.- S. 6.