İqtisadi sahədə Ukrayna Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

 

Ukrayna Azərbaycanda metro tikintisində iştirak etmək niyyətindədir. Bunu Bakıda səfərdə olan Ukraynanın baş naziri Nikolay Azarov bildirib. Ukrayna hökumətinin başçısı qeyd edib ki, Azərbaycanda metropolitenin inkişafı layihəsi 2035-ci ilədək həyata keçiriləcək. Layihə nəticəsində Bakı Metropoliteninin xətlərinin uzunluğunun indiki 34,6 km-dən 119 km-ə, stansiyaların sayının isə 23-dən 76-ya çatdırılması planlaşdırılır.

Bununla yanaşı, səfər çərçivəsində keçirilən görüşlərdə Ukrayna və Azərbaycan arasında nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Tərəflər Azərbaycanda körpülərin tikintisi layihələrində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər. Ukraynanın baş naziri Nikolay Azarov həmçinin Azərbaycanı "Vikinq" layihəsinə - Qara dəniz-Baltik dənizi nəqliyyat dəhlizinə qoşulmağa dəvət edib. Ukrayna hökumətinin başçısı qeyd edib ki, biz Azərbaycanı bu nəqliyyat dəhlizinin işində iştirak etməyə çağırırıq. "Bu, bir tərəfdən nəqliyyat dəhlizini Mərkəzi Asiya istiqamətində davam etdirməyə imkan verəcək, digər tərəfdənsə sizə Baltikyanı ölkələrə, Belarusa və digər Avropa ölkələrinə çıxmaq imkanı yaradacaq" - deyə o, bildirib.

Azərbaycanla Ukrayna arasında ticarət münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan ukraynalı qonaq nəzərə çatdırıb ki, iki ölkə arasında ticarət dövriyyəsinin illik həcmi 1,4 milyard dollara yaxınlaşır, amma bu göstəricini dəfələrlə artırmaq imkanı var. Ukrayna nümayəndə heyətinin tərkibində Bakıya gəlmiş Ukraynanın xarici işlər nazirinin müavini Viktor Maykonun sözlərinə görə, kənd təsərrüfatı, tikinti, kosmik sənaye, kimya, neft sənayesi kimi sahələr hesabına qarşılıqlı ticarət dövriyyəsini 2-3 dəfə artırmaq olar. "Hazırda Azərbaycan və Ukrayna iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edirbu əməkdaşlığın inkişaf etdirərək ticarət dövriyyəsinin artırılması realdır" - deyə ukraynalı qonaq qeyd edib.

O həmçinin söyləyib ki, Azərbaycan və Ukrayna tikinti sahəsində üçüncü ölkələrdə birgə fəaliyyət göstərə bilər. Onun sözlərinə görə, hədəf yalnız daxili bazar olmamalıdır: "Ukrayna və Azərbaycanın tikinti sahəsində bir çox oxşarlığı var. Hər iki ölkədə iri tikinti şirkətləri fəaliyyət göstərir. Bu o demək deyil ki, biz rəqabət aparmalıyıq. Hər iki ölkənin tikinti şirkətləri birgə əməkdaşlıq edə bilər. Ümumiyyətlə, Ukrayna Azərbaycanla tikinti sahəsində əməkdaşlıq etməyə hazırdır. Hazırda Azərbaycanın tikinti sahəsində sifarişləri onun tikinti şirkətlərinin yerinə yetirə biləcəyi həcmi üstələyir. Ukraynanın tikinti şirkətləri daha təcrübəlidir və bu sahədə Azərbaycana dəstək göstərməyə hazırdır" - deyən V.Mayko bildirib ki, hazırda Ukrayna Braziliya ilə birgə kosmodrom inşa edir. Həmin kosmodrom Ukraynaya məxsus olacaq və 2013-cü ildə istifadəyə veriləcək. "Biz Azərbaycana bu kosmodromdan istifadə etməyi və eyni zamanda, kosmik sənaye sahəsində Azərbaycana yalnız hazır məhsul deyil, xidmətlərin tam spektrini təklif edirik. Bu sahədə yeni texnologiyalarımızı bölüşməyə hazırıq. Azərbaycan Alkantara kosmodromundan istifadə edə bilər" - deyə V.Mayko qeyd edib.

 

 

Azərbaycan.- 2012.- 6 aprel.- S. 7.