Azərbaycan iş adamları üçün
Rusiya Federasiyası Çeçenistan
Respublikasının investisiya
imkanlarının təqdimatı keçirilmişdir
Rusiya Federasiyası Çeçenistan Respublikası Baş nazirinin müavini - maliyyə naziri Əli İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan iş adamları üçün Çeçenistanın investisiya imkanlarının təqdimatı keçirilmişdir.
Tədbirdə Çeçenistanın bir sıra nazirlik, komitə və iri müəssisələrinin rəhbərləri, Azərbaycandan isə rəsmi şəxslərlə yanaşı, 50-yə yaxın iş adamı iştirak etmişdir.
Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizin qazandığı sosial-iqtisadi nailiyyətlər barədə məlumat vermişdir. Bildirmişdir ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən iqtisadi islahatlar, görülmüş genişmiqyaslı işlər nəticəsində Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, sahibkarlıq fəaliyyəti genişlənmiş, biznes və investisiya mühiti daha da yaxşılaşmışdır. Bütün bunlar isə Azərbaycanın nüfuzunu, xarici investorların ölkə iqtisadiyyatına marağını daha da artırmışdır. İqtisadiyyatın sürətli inkişafı ölkəmizin maliyyə imkanlarının artmasına və xarici ölkələrə sərmayə yatırmasına da əlverişli şərait yaratmışdır. Azərbaycan artıq investisiya ixrac edən ölkəyə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyası Şimali Qafqaz regionunda investisiya imkanlarının araşdırılması məqsədilə 2011-ci ilin noyabrında Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Stavropol diyarında səfərdə olmuşdur. Niyazi Səfərov Azərbaycan Respublikası və Rusiya Federasiyası Çeçenistan Respublikasının arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə məlumat vermiş, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd etmişdir.
Çeçenistan nümayəndə heyətinin rəhbəri Əli İsayev çıxış edərək təmsil etdiyi regionun Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamış, investisiya potensialı barədə məlumat vermiş, əməkdaşlıq üçün prioritet sahələri iştirakçıların diqqətinə çatdırmışdır.
Çeçenistanın iqtisadi inkişaf və ticarət naziri Əbdul Maqomadov Çeçenistanın iqtisadi potensialı haqda təqdimatla, sənaye və energetika naziri Qalas Taymasxanov sənaye potensialı, Fiziki Tərbiyə, İdman və Turizm Nazirliyinin nümayəndəsi Məmməd Başayev isə Çeçenistanın turizm potensialı haqqında təqdimatla çıxış etmişlər. Sonra Çeçenistanda sənaye və energetika sahəsində həyata keçirilməsi nəzərdə tutulan 3 iri layihənin təqdimatı keçirilmiş, "Çeçenistanın investisiya imkanları" adlı video-çarx nümayiş olunmuşdur.
Azərbaycan.- 2012.- 6 aprel.- S. 7.