Hesablama Palatası hesabat verdi
Milli Məclisin iclasında
Aprelin 6-da Azərbaycan Respublikası Milli Məclisinin
növbəti plenar iclası keçirildi. Gündəlikdəki məsələləri
müzakirə etməzdən əvvəl bu günlərdə
Bakıda keçirilmiş Avronest Parlament Assambleyasının
ikinci sessiyası və cari məsələlərlə
bağlı fikirlər səsləndirildi. Milli Məclisin Sədri
Oqtay Əsədov bildirdi ki, Avronest Parlament
Assambleyasının sessiyasında iştirak edən erməni
deputatlar mətbuata açıqlamalarında Azərbaycan
Prezidentinin ermənilər haqqında "faşist" ifadəsi
işlətdiyini deyiblər: "Cənab Prezident
çıxışında dedi ki, Xocalı
soyqırımı barbarlıq aktı və faşizm təcəssümüdür.
İndi əgər onlar bu sözləri özlərinə
götürürlərsə, deməli, faşistdirlər".
Avronest Parlament Assambleyasının sessiyasının yüksək
səviyyədə təşkil olunduğunu deyən Oqtay Əsədov
bildirdi: "Biz bir daha göstərdik ki, Azərbaycan hər
bir beynəlxalq təşkilatın tədbirinə ev sahibliyi
etməyə qadirdir". Milli Məclisin Sədri onu da qeyd
etdi ki, yüksək səviyyədə təşkilatçılığa
baxmayaraq, erməni deputatlar yenə də bir bəhanə
tapdılar və son gündə bəzi narazılıqlar
yaratdılar.
İclasda
deputatlardan Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid
Oruc, Siyavuş Novruzov, Aqil Abbas Avronest Parlament
Assambleyasının sessiyasının ölkəmizdə keçirilməsini
və təşkilini yüksək qiymətləndirdilər.
Avronest Parlament Assambleyasının sessiyasını
mühüm siyasi hadisə kimi dəyərləndirən
deputatlar bu mötəbər tədbirin nəticələrinin
Azərbaycan üçün uğurlu olduğunu dedilər. Həmçinin
qeyd edildi ki, Azərbaycan bu sessiyanı yüksək səviyyədə
təşkil etməklə elə bir nümunə göstərdi
ki, başqa ölkələr buna çatmaq üçün
çox səy göstərməlidirlər.
İclasda çıxış edən deputat Elman Məmmədov bildirdi ki, ermənilərin Bakıda bir qəbiristanlığının dağıdılmamasına az qala and içirdik: "İşğal altındakı ərazilərdə və Ermənistanda azərbaycanlıların minlərlə qəbiristanlığı dağıdılıb. Xocalıda, Qaradağlıda soyqırımı törədənlərə nə ad vermək olar? Bir xalqa ki, əli azərbaycanlıların qanına batmış S.Sərkisyan rəhbərlik edir, deməli, elə onun özü faşistdir. Buna başqa nə ad vermək olar?"
Deputat Asim Mollazadə də erməni mətbuatında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ilə bağlı yazılanlara toxunaraq dedi ki, Xocalıda hərbi cinayət törədənlər beynəlxalq tribunala cəlb olunmalı və onların əməllərinə hüquqi qiymət verilməlidir: "Bizim məhkəmə-hüquq sistemi bu istiqamətdə çalışmalıdır. Dünyaya bu məsələ ilə bağlı ciddi müraciət etməliyik. Xocalı qətliamı ilə bağlı beynəlxalq tribunalın yaradılması üçün Avropa parlamentlərinə üz tutmalıyıq".
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq İsa Əli oğlu Nəcəfovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında məsələyə baxıldı. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bununla bağlı məlumat verdikdən sonra deputatlar məsələyə müsbət münasibət bildirdilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsini şərəflə yerinə yetirəcəyinə and içən İsa Nəcəfov ona göstərilən etimada görə Milli Məclisə təşəkkürünü bildirdi. Qeyd edək ki, İsa Nəcəfovun Konstitusiya Məhkəməsinin hakimi kimi səlahiyyət müddəti bu ilin martında başa çatmışdı.
İclasda Azərbaycan Respublikası Hesablama
Palatasının hesabatı da dinlənildi. Hesablama Palatasının sədri
Heydər Əsədov çıxış edərək
bildirdi ki, Hesablama Palatasının 2011-ci ildəki fəaliyyəti
barədə hesabat "Hesablama Palatası haqqında"
qanunun və Palatanın Daxili Nizamnaməsinin tələblərinə
uyğun hazırlanmışdır. Hesablama Palatasının
2011-ci ildəki fəaliyyəti qeyd edilən normativ hüquqi
aktlara, Palatanın müvafiq normativ sənədlərinə və
təsdiq olunmuş illik iş planına əsasən həyata
keçirilmişdir. Hesabatda Hesablama Palatasının illik fəaliyyətinin
nəticələri, o cümlədən 2011-ci ilin İş
Planında nəzərdə
tutulmuş nəzarət tədbirlərinin və
ekspert-analitik tədbirlərin icra vəziyyəti, dövlət
büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun
büdcəsi üzrə müvafiq qanun layihələrinə,
dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə,
dövlət büdcəsi və DSMF-nun büdcəsinə dəyişikliklər
edilməsi haqqında qanun layihələrinə
hazırlanmış rəylərin xülasələri, habelə Palatanın cari fəaliyyətinin
təşkili üzrə görülmüş işlər əks
etdirilmişdir.
Müzakirələr
zamanı deputatlardan Elmira Axundova, Vahid Əhmədov, Fazil
Mustafa, Fəzail Ağamalı, Zahid Oruc, Fəzail İbrahimli,
Qüdrət Həsənquliyev, Çingiz Qənizadə və
Siyavuş Novruzov hesabatla bağlı fikirlərini, rəy və
təkliflərini bildirdilər. Milli Məclis Sədrinin
müavini Bahar Muradova deputatların hesabata laqeyd
olmadığını, Hesablama Palatasına böyük
inamlarının olduğunu dedi. Hesablama
Palatasının sədri Heydər Əsədov deyilənlərə
münasibət bildirdikdən sonra hesabat nəzərə
alındı.
Parlament "Azərbaycan Respublikasının Avstraliya
İttifaqında (Kanberra şəhərində) səfirliyinin
təsis edilməsi haqqında" Azərbaycan Respublikası
Qanununun layihəsinə də müsbət münasibət
bildirdi.
Milli Məclisin
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə
"Serbiya Respublikasında E-763 avtomobil magistralının
Ljiq-Boljkovci, Boljkovci-Takovo və Takovo-Preljina hissələrinin
tikintisinin maliyyələşdirilməsi üçün
Borcverən qismində çıxış edən Azərbaycan
Respublikası hökuməti və Borcalan qismində
çıxış edən Serbiya Respublikası hökuməti
arasında Kredit Sazişi"nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Qanununun layihəsini müzakirəyə
təqdim etdi. Komitə sədrinin sözlərinə
görə, bu kredit sazişi göstərir ki, Azərbaycan
artıq borcverən bir ölkəyə çevrilib.
Sənədin
Azərbaycanın milli maraqlarına cavab verdiyini deyən Ziyad
Səmədzadə dedi ki, sazişin şərtlərinə
əsasən Azərbaycan Serbiyaya 15 il müddətinə, faiz
dərəcəsi illik 4 faiz olmaqla 308 milyon avro kredit
ayıracaq. Bu məsələ ilə
bağlı deputatlar fikirlərini bildirdilər. Milli Məclis Sədrinin müavini, parlamentin Təbii
ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov
bu kredit sazişinin siyasi və iqtisadi baxımdan ölkəmizin
maraqlarına tam cavab verdiyini diqqətə
çatdırdı. Bildirdi ki, bu saziş həm də
Azərbaycan şirkətlərinin beynəlxalq təcrübə
qazanması və iş adamlarımız üçün yeni
imkanların açılması deməkdir.
Qanun layihəsi təsdiq olundu.
Günün ikinci yarısında Milli Məclisdə
"Yol hərəkəti haqqında" qanun, Mülki Məcəllə
və İnzibati Xətalar Məcəlləsinə əlavə
və dəyişikliklərin edilməsinin müzakirəsi
başladı.
Qanun layihəsi ilə bağlı məlumat verən
parlamentin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli bildirdi ki, hər
üç sənədə edilən dəyişiklik və əlavələr
nəqliyyat vasitələri ilə bağlıdır. Onun sözlərinə görə, "Yol hərəkəti
haqqında" qanuna ediləcək dəyişikliyə əsasən
hərəkət sürətinin ölçülməsi
üçün nəzərdə tutulan mobil və ya stasionar
xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda yolda
radarın mövcudluğu barədə məlumat verən
servis nişanı və ya həmin yolda icazə verilən
sürət həddini göstərən "Maksimum sürətin
məhdudlaşdırılması" nişanı
quraşdırılmalıdır. Belə servis nişanı və ya
3.24 nişanı
yaşayış məntəqələrindən kənarda
müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində
isə 50-200 metr qabaqda quraşdırılır.
Yeni dəyişikliyə əsasən, yol polisləri
avtobus sürücülərini küçənin
ortasında saxlaya bilməyəcək. Şəhərdaxili
(rayondaxili) sərnişin daşımaları ilə məşğul
olan sürücü qaydaları pozduqda, yol polisi əməkdaşı
ona qayda pozuntusunu elan etdikdən və dövlət qeydiyyat
nişanını qeydə aldıqdan sonra sürücü
barəsində inzibati xəta haqqında protokolu sonuncu
dayanacaqda tərtib edə bilər. Bu dəyişiklik
müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin
daşımalarında ləngimələrin
qarşısını almaq məqsədi daşıyır.
Sonra Əli
Hüseynli gündəlikdə olan Mülki Məcəlləyə
nəzərdə tutulan dəyişikliklə bağlı məlumat
verdi. Onun fikrincə, bu dəyişiklik
də nəqliyyat vasitələrinin istifadəsi ilə
bağlıdır. Mülki Məcəlləyə
edilən dəyişikliklərə görə, nəqliyyat
vasitəsinə dair sərəncam vermək hüququ nəzərdə
tutan etibarnamələrin müddətinin azaldılması nəzərdə
tutulur. Qanun layihəsində qeyd olunur ki, nəqliyyat
vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə
tutan etibarnamə bir ildən artıq müddətə verilə
bilməz. Mülki Məcəlləyə bununla
bağlı edilən dəyişikliklərin 2012-ci il oktyabrın 1-dən qüvvəyə minməsi
təklif olunur.
İnzibati Xətalar Məcəlləsinə ediləcək
dəyişikliyə gəlincə isə Əli Hüseynli
bildirdi ki, bu dəyişikliklər sanksiyaların
artırılması ilə bağlıdır. Bütün
bunlar yol hərəkəti qaydalarının
pozulmasının qarşısının alınmasına
yönəlib. Bundan sonra cərimələr
konkret göstəriləcək. Avtomobildə
təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat
vasitəsini idarə etməyə görə cərimənin
məbləği 15 manatdan 40 manata qaldırılıb. Yolda müəyyən edilmiş hərəkət
sürəti həddini aşmaya görə cərimələrin
məbləği artırılıb. Hərəkət
sürətini 10-30 km/saat həddində aşmağa görə
20 manat (hazırda 15 manatdan 20 manata qədərdir), 30-60 km/saat
həddində aşmağa görə 100 manat (hazırda 20
manatdan 40 manata qədərdir), 60 km/saat həddindən artıq
aşmağa görə 150 manat (hazırda 40 manatdan 60 manata qədərdir)
miqdarında cərimə müəyyən edilib.
İclasda bu məsələ ilə bağlı
müzakirələr aparıldı. İlk olaraq deputat Vahid Əhmədov
sualla müraciət etdi: "Son vaxtlar istər "Yol hərəkəti
haqqında" qanuna, istərsə də İnzibati Xətalar
Məcəlləsinə çoxlu dəyişikliklər
edilir. Ancaq sözügedən qanunlara edilən
bu dəyişikliklərdən və cərimələrin
artırılmasından sonra monitorinqlər
aparılırmı, cərimələrin
artırılması inzibati xətaların
qarşısını alırmı, yoxsa bəzi insanlar
üçün əlavə rüşvət mənbəyi
yaradırıq?"
Bu sualın cavabında Əli Hüseynli bildirdi ki,
sözügedən qanunlara dəyişikliklər ediləndən
sonra inzibati xətalarla bağlı cərimələrin,
rüsumların dövlət büdcəsinə ödənilməsi
istiqamətində çox müsbət tendensiya müşahidə
olunmaqdadır.
Komitə sədrinin sözlərinə görə,
xüsusilə son bir ildə məlum dəyişikliklərdən
və cərimələrin artırılmasından sonra
inzibati xətalarla bağlı cərimələrin,
rüsumların təxminən 80 faizi dövlət büdcəsinə
ödənilib.
Sonra çıxış edən deputatlar Fazil Mustafa,
Qüdrət Həsənquliyev, Etibar Hüseynov layihədəki
əlavə və dəyişiklikləri müsbət qiymətləndirdilər. Ancaq deputatlar
hesab etdilər ki, nəqliyyat vasitəsinə dair sərəncam
vermə hüququnu nəzərdə tutan etibarnamə,
ümumiyyətlə, ləğv edilməlidir. Eyni zamanda yol hərəkəti qaydalarını
pozan piyadalara qarşı tətbiq edilən sanksiyaların
artırılması da məqsədəuyğundur. Deputatlar Musa Qasımlı və Eldar İbrahimov isə
yol hərəkəti qaydalarının pozulması
hallarının qarşısının alınması
üçün cəzaların daha da sərtləşdirilməsinin
vacib olduğunu söylədilər. Onların
fikrincə, bununla bağlı təbliğat işləri də
aparılmalıdır. Deputat Çingiz Qənizadə
isə hesab edir ki, öncə sürücülük mədəniyyəti
formalaşmalıdır, əks halda cərimələrin sərtləşdirilməsi
də buna kömək etməyəcəkdir.
Deputat Mübariz Qurbanlı isə bildirdi ki, hazırda
bütün dünyada yol hərəkəti qaydaları ilə
bağlı problem mövcuddur. ABŞ və
Avropanın bir neçə ölkəsində bunun
qarşısını texniki yeniliklər vasitəsi ilə
alırlar. Əksər ölkələrdə
isə nəqliyyat vasitəsinin çoxluğu belə problemlərin
yaranmasına səbəb olur.
Yeni dəyişikliklərə münasibət bildirən
Milli Məclis Sədrinin müavini Bahar Muradova isə diqqətə
çatdırdı ki, cərimələrin sərtləşdirilməsi
daim müsbət effekt verib. Onun fikrincə, ölkədə qəza
şəraiti yaradan avtomobil sürücülərinin əksəriyyəti
nisbətən aşağı sosial təbəqədən
olan insanlardı: "Onlar həm də bu sahədə
lazımı biliyə, savada malik deyillər. Belələri
demək olar ki, Rusiya istehsalı olan "Jiquli" markalı
avtomobillərlə hər gün qəzalar törədirlər.
Fikrimcə, Rusiyadan gətirilən köhnə
avtomobillərin ölkəyə daxil olmasını məhdudlaşdırmalıyıq".
Milli Məclis
Sədrinin birinci
müavini Ziyafət Əsgərov bildirdi ki, hər
3 qanunun çox böyük fəlsəfəsi var.
Bunların hamısının mənası sürücülərimizin
təhlükəsizliyinin təmin olunmasıdır. Azərbaycanda
hər bir insanın layiqli həyatının təmin edilməsi
dövlətin ali məqsədidir.
Sonra hər üç qanun layihəsi
ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Gündəlikdə duran sonuncu sənəd isə "Mədəniyyət
haqqında" qanun layihəsi idi. Milli Məclisin Mədəniyyət
komitəsinin sədri Nizami Cəfərov yeni
hazırlanmış qanun layihəsi ilə bağlı
geniş məlumat verdi. Onun sözlərinə
görə, yeni qanun Azərbaycan Konstitusiyasının
40-cı maddəsi ilə təsbit olunmuş mədəniyyət
hüququnun təmin olunması məqsədilə dövlət
mədəniyyət siyasətinin əsas prinsiplərini,
dövlət mədəniyyət fəaliyyətinin
formalarını və təşkilati, hüquqi və iqtisadi
əsaslarını, mədəniyyət sahəsində fəaliyyət
göstərən subyektlərin hüquqlarını və vəzifələrini,
həmçinin mədəniyyət işçilərinin
statusunu müəyyən edir, mədəniyyətin
ayrı-ayrı formaları üzrə müvafiq qanunların
və digər normativ hüquqi aktların qəbul edilməsində
baza rolunu oynayır. Komitə sədri bildirdi ki,
yeni qanun layihəsi 9 fəsil və 46 maddədən ibarətdir.
Layihənin 42-ci maddəsi "şou-biznes və
multimedia" adlanır. Bu maddədə
bildirilir ki, şou-biznes (kütləvi əyləncələr
industriyası) və multimedia (fotoqrafiya, audio, video, kompyuter,
internet və s.) istehsalı Azərbaycan qanunvericiliyinə əsasən
tənzimlənir.
Qanun layihəsi ilə bağlı müzakirələr
başlandı. İlk çıxış edən Milli Məclis Sədrinin
müavini Valeh Ələsgərov bildirdi ki, sənəddə
bəzi çatışmazlıqlar və boşluqlar var. 10
ildən sonra hazırlanan yeni qanun mükəmməl olmalı
və Azərbaycanın mədəniyyətini bütünlükdə
özündə dolğun əks etdirməlidir. Onun fikrincə,
qanun layihəsində bir sıra qeyri-müəyyənliklər
və uyğunsuzluqlar var: "Bu qanun layihəsi yenidən
işlənilməli, qanunvericiliyə
uyğunlaşdırılmalıdır".
Sonra
çıxış edən deputatlar İlyas
İsmayılov, Elmira Axundova, Leyla Abdullayeva, Asim Mollazadə,
Mübariz Qurbanlı, Jalə Əliyeva qanun layihəsində
bəzi çatışmazlıqların olduğunu söyləyərək
iclasda səslənən dəyərli təkliflərin qanun
layihəsinə daxil edilməsini məqsədəuyğun
hesab etdilər. Mədəniyyət komitəsinin
sədri Nizami Cəfərov isə səslənən əksər
təkliflərin ikinci oxunuşda nəzərə
alınacağını və mükəmməl bir qanun layihəsi
hazırlanacağını bildirdi.
Çıxışlardan sonra qanun layihəsi səsverməyə
çıxarıldı və ilk oxunuşda qəbul edildi.
Rəşad CƏFƏRLİ,
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2012.- 7 aprel.- S. 3.