Azərbaycan Qafqazın ən əhəmiyyətli ölkəsidir

 

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Beyin mərkəzləri: İnkişaf naminə əməkdaşlıq" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə ABŞ-ın qeyri-hökumət tədqiqat mərkəzi olan Ceymstaun Fondunun prezidenti Qlen Hovard, ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri, alimlər və mütəxəssislər iştirak etmişlər.

Tədbirdə çıxış edən SAM-ın daxili siyasətin təhlili şöbəsinin müdiri Tahirə Allahyarova mərkəzin fəaliyyəti, həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, SAM dünyanın beyin mərkəzlərinin təcrübəsini öyrənməyə və beynəlxalq aləmə inteqrasiya etməyə mühüm əhəmiyyət verir. Ölkəmizdə fəaliyyət göstərən beyin mərkəzləri müxtəlif sahələrdə nailiyyətlər əldə etmiş, xüsusilə sosial-iqtisadi sahədə böyük uğurlar qazanmışlar.

SAM-ın dünyanın bir çox ölkələrinin beyin mərkəzləri ilə fəal əməkdaşlıq etdiyini diqqətə çatdıran T.Allahyarova qarşılıqlı münasibətlərə dair bir çox memorandum və sazişlərin imzalandığını vurğulamışdır.

Azərbaycanın Qafqazın ən əhəmiyyətli ölkəsi olduğunu deyən Ceymstaun Fondunun prezidenti Q.Hovard bildirmişdir ki, hər il yüzlərlə amerikalı əsgər Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirak etmək üçün Azərbaycanın hava məkanından istifadə edir. Qonaq vurğulamışdır ki, ABŞ Azərbaycan ilə NATO arasındakı strateji tərəfdaşlığı yüksək qiymətləndirir. Azərbaycan NATO üçün vacib əhəmiyyət kəsb edən ölkələrdəndir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə  toxunan Ceymstaun Fondunun prezidenti problemin indiyədək həll olunmamasına görə təəssüfləndiyini bildirmişdir. Qeyd etmişdir ki, hazırda Azərbaycan diplomatiyası bu münaqişənin həlli istiqamətində çox mühüm işlər görür, bütün zəruri səyləri davam etdirir.

Q.Hovard qeyd etmişdir ki, Azərbaycan çoxşaxəli, strateji  və balanslaşdırılmış xarici siyasət həyata keçirir.  Sonda tədbirin əhəmiyyətini qeyd edən digər çıxış edənlər mövzu ilə bağlı işgüzar fikir mübadiləsi aparmış, təklif və mülahizələrini söyləmişlər.

 

 

Azərbaycan.- 2012.- 7 aprel.- S. 3.