Bakı-2020 Təşkilat Komitəsi videokonfrans vasitəsilə ərizə kitabını BOK-a təqdim etmişdir

 

 Bu həftə "Bakı-2020" Təşkilat Komitəsi canlı videokonfrans vasitəsilə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ekspertlər qrupuna Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyinin təqdimatını keçirmişdir.

AzərTAc xəbər verir ki, mayda 2020-ci il Olimpiya Oyunlarına 5 iddiaçı şəhər arasında rəsmi namizədlərin seçilməsi üçün BOK-un tələbinə uyğun olaraq təşkilat komitələrindən müvafiq təqdimatlar tələb olunurdu. Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin seçimi üçün təşkil edilən belə təqdimat BOK tərəfindən ilk dəfə tətbiq edilir.

Bakı, Doha, İstanbul, MadridTokio şəhərlərinin təşkilat komitələrinin hər biri 15 dəqiqə ərzində canlı videokonfrans vasitəsilə ərizə kitablarının texniki cəhətləri haqqında ətraflı məlumat vermiş, 30 dəqiqə ərzində isə BOK tərəfindən qaldırılan sualları cavablandırmalı idilər.

Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi ilə "Bakı-2020"nin texniki təqdimatı üçün təşkil edilən heyətdə yerli Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin şöbə müdiri Elməddin Dadaşov və "Bakı-2020" ekspertlər qrupunun üzvü Devrim Kara iştirak etmişlər.

Təqdimatın uğurlu keçdiyini qeyd edən nazir A.Rəhimov bildirmişdir ki, mütəxəssislərimiz yüksək səviyyəli təqdimat hazırlamışdılar və BOK-un ekspertlər qrupu təqdimatımızı çox müsbət qarşılamışdır. Qarşımızda duran növbəti geniş təqdimat isə Milli Olimpiya Komitələri Assosiasiyasının Moskvada keçiriləcək baş assambleyasında olacaqdır. Min nəfərin iştirak edəcəyi həmin toplantıda təşkilat komitəmiz 10 dəqiqəlik təqdimatla çıxış edəcəkdir.

BOK-un qaydalarına əsasən, texniki təqdimatın məzmunu məxfi saxlanılır.

 

 

Azərbaycan.- 2012.- 7 aprel.- S. 4.