Bakıda Ətraf mühitin mühafizəsi VI Beynəlxalq layihə olimpiadasının açılışı olmuşdur

 

Aprelin 6-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Ətraf mühitin mühafizəsi" VI Beynəlxalq layihə olimpiadasının ("İnepo-Avrasiya") açılışı olmuşdur. AzərTAc xəbər verir ki, açılış mərasimində müvafiq dövlət qurumlarının nümayəndələri, təhsil işçiləri iştirak etmişlər.

Olimpiadanın məqsədi dünyada, o cümlədən Azərbaycanda mövcud olan ekoloji problemlərin həlli, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaqdan, ekoloji bilikləri inkişaf etdirməkdən ibarətdir.    

Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai TeleviziyaRadio Yayımları Şirkəti, "Çağ" Öyrətim İşlətmələri Şirkəti və "İnepo-Avrasiya" Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadaya dünyanın 42 ölkəsindən (Azərbaycan, Türkiyə, Gürcüstan, İndoneziya, Litva, Tailand, Laos, Pakistan, Qazaxıstan Malayziya, Böyük Britaniya, Rusiya, Polşa, Ukrayna, Türkmənistan, Rumıniya və s.) 400-dək məktəbli qatılmışdır. 

İştirakçılar müvafiq mövzularda layihələrini təqdim etmişlər.

Azərbaycan-Türk Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz demişdir ki, 4 kateqoriya üzrə təqdim edilən layihələr müvafiq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, onlardan ümumilikdə 28-i seçilərək qızıl, gümüş, bürünc medallarla mükafatlandırılacaqdır. 

Qaliblərin mükafatlandırılması aprelin 7-də olacaqdır.

Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, səhiyyə nazirinin müavini Elsevər Ağayev, "Çağ" Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 7 aprel.- S. 4.