Emin Ağalarov Eurovision-2012 Beynəlxalq mahnı müsabiqəsində xüsusi dəvət edilmiş qonaq kimi iştirak edəcəkdir

 

 Tanınmış Azərbaycan müğənnisi  və bəstəkarı Emin Ağalarov (EMİN)  Bakıda keçiriləcək "Eurovision-2012" Beynəlxalq mahnı müsabiqəsində xüsusi dəvət edilmiş  qonaq kimi iştirak edəcəkdir.

Emin Ağalarov AzərTAc-a bildirmişdir ki, o bu dəvəti böyük məmnuniyyətlə qəbul etmişdir. Müğənni  etiraf etmişdir ki, böyük məsuliyyətin ağırlığını  hiss edir, çünki  "Eurovision" müsabiqəsi  onun tarixi Vətənində, doğma Azərbaycanda keçiriləcəkdir.

E.Ağalarov demişdir: "Əlbəttə, müsabiqəyə bir iştirakçı kimi deyil, xüsusi dəvət edilmiş qonaq qismində qatılsam da,  hər halda tamaşaçılar üçün öz ölkəmin təmsilçisi olacağam. Heç şübhəsiz, yaddaqalan, baxımlı, milli koloritli,  eyni zamanda, çox parlaqmüasir bir nömrə hazırlamaq istəyirəm. Bu, böyük bir məsuliyyətdir. Əlbəttə, buna ciddi hazırlaşıram və ümidvaram ki, mənim çıxış edəcəyimi eşidib sevinən insanları məyus etməyəcəyəm".

E.Ağalarov  "Rusiya mədəniyyətinin də bir nümayəndəsi kimi  "Buranovskiye babuşki" qrupunu dəstəkləyəcəkmi" sualına aydınlıq gətirərək  demişdir ki, dəstəkləyəcəkdir, lakin təbii ki, Azərbaycanın iştirakçısı Səbinə Babayevadan sonra. E.Ağalarov demişdir: "Biz onların Bakıya səfərini dəstəkləyirik.  Azərbaycanın iştirakçısına gəldikdə isə Azərbaycan çox düzgün seçim etmişdir.  Səbinə qalan bütün iştirakçıların fonunda həm gənc, həm istedadlı, həm də gözəldir. Onun yaxşı səsi varçox gözəl oxuyur. Zənnimcə, onun qələbə qazanmaq üçün hər cür şansı vardır. Mənim birinci favoritim Səbinədir. Böyük Britaniyadan olan iştirakçı  Hamperdinkə isə uşaqlıqdan rəğbət bəsləyirəm".

Emin hitləri radiostansiyaların reytinqlərini alt-üst edən  Böyük Britaniyada populyarlığının sirri barədə suala cavabında demişdir: "Bu, sadəcə, uğurdur.  Bunu izah etmək mənim üçün  çətindir, hərçənd  çoxdan musiqi ilə məşğulam  və mahnı bəstələyirəm. Əgər onlardan hansısa sinqlə çevrilirsə, deməli, bu mənim şəxsi xidmətim və uğurumdur".

 

 

Asya HACIZADƏ

 

Azərbaycan.- 2012.- 7 aprel.- S. 5.