012 Bakı Public Art Festivalı çərçivəsində gənc heykəltəraş Faiq Əhmədin Xarici şəhərəsəri təqdim edilmişdir

 

 Aprelin 6-da Filarmoniya bağında Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının Birinci "012 Bakı Public Art Festivalı" çərçivəsində gənc heykəltəraş Faiq Əhmədin "Xarici şəhər" əsəri təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, layihə özündə yer üzünə "taxılmış" və onu dəri üzlük kimi yuxarı qaldıran, çəkib uzadan böyük halqa - heykəltəraşlıq nümunəsini əks etdirir. Sanki gözlə görünməyən böyük barmaq bu üzüyü dartıb çıxarmağa və o da öz növbəsində,  mümkün qədər yumşaldaraq və üzərək ağır yer səthini özü ilə dartıb aparmağa çalışır. Fiziki dartınma hissi, simvolik mənada isə, genişlənmə, ekspansiya, hüdudlardan kənara çıxma hissi yaradır, sanki  nə isə genişlənməyə can atır, böyüməyə, daha həcmli olmağa çalışır. Bu əsər qala divarlarında yerləşdiriləcəkdir.  Çünki o, "Xarici şəhər" - "İçərişəhər" qarşıdurması ilə əlaqədardır. Bu qarşıdurma indiki zamanda aşkar fakt kimi qəbul olunur: Azərbaycan dilinə "İçərişəhər" kimi tərcümə olunan "Daxili şəhər" və qala divarları hüdudlarından kənarda yerləşən, indiki dövrə qədər böyüməkdə və genişlənməkdə olan və Abşeron yarımadasının gündən-günə daha da geniş ərazisini əhatə edən və mənimsəyən "Xarici şəhər" mövcuddur.  Lakin məsələ ondadır ki, hələ XIX əsrin əvvəllərində buna bənzər qarşıdurma mövcud deyildi, "Daxili şəhər" anlayışı yox idi, yalnız həmin bu "Daxili şəhər" var idi və digəri sadəcə, mövcud deyildi. Amma artıq XIX əsrin ortalarından başlayaraq, "neft bumu" başlayan zaman şəhər xaricdən hədsiz dərəcədə genişlənməyə başlayaraq, tezliklə qala divarları hüdudlarından xaricdəki əraziləri əhatə etməyə başladı.  Beləliklə, qala divarları, artıq "Daxili şəhərə çevrilmiş" əvvəlki Bakını, artıq iqtisadi baxımdan sürətlə inkişaf edən "Xarici şəhər" kimi müəyyənləşdirilən indiki Bakıdan ayıran demarkasiya xəttinə çevrildi. Bununla yanaşı, yalnız sənaye və iqtisadiyyat deyil, həm də şəhər əhalisi də artaraq inkişaf edirdi.

Qala divarlarının yaxınlığında qurulan "Xarici şəhər" heykəltəraşlıq nümunəsi, simvolik olaraq bizim diqqətimizi, şəhərin qala divarlarının hüdudlarından kənarda genişlənməyə yenicə başladığı dövrə yönəldir. Beləliklə, bu əsər genişlənmə dinamikasını, müəyyən olunmuş sərhəddən kənara çıxma niyyətini və "daxildən" "xaricə" doğru sürətli sıçrayışı təcəssüm edir.

Tarixə nəzər salsaq görərik ki, İçərişəhər ("qala", yaxud "köhnə şəhər") 221 min kvadratmetr sahədə yerləşmişdir. Şirvanşahlar sarayının və karvansaranın tikintisi XV əsrdə paytaxtı Bakıya köçürmüş I Xəlilüllahın vaxtında başlanmışdır. Bu isə şəhərin əsas nüvəsi olan "köhnə şəhərin" bərkiməsinə gətirib çıxarmışdır. İçərişəhər qalası daxilində böyüyən Bakı 1747-1806-cı illərdə xanlığın paytaxtı olmuşdur. 1806-cı ildən etibarən və xüsusilə də "neft bumu"ndan sonra (XIX əsrin ortaları - XX əsrin əvvəli) Bakı böyüməyə başladı və qala divarlarının xaricinə çıxdı. XIX əsrin ortalarında "neft bumu"nun birinci mərhələsində şəhərə gələn əhalinin və əmək qüvvəsinin axını çoxaldı. Əgər 1807-ci ildə Qalada 500 yaşayış evi var idisə, 1832-ci ildə onların sayı 1358-ə çatdı. Vaxt keçdikcə sənətkarlıq və ticarətlə məşğul olan əhalinin ən kasıb təbəqələri üçün Qalanın xaricində şəhərətrafı yaşayış yerləri yarandı. Bu ərazinin formalaşdırılması üçün geniş tədbirlərin həyata keçirilməsi artıq labüd idi. "İçərişəhər" termini məhz "neft bumu" nəticəsində şəhərin genişlənməsi və onun qala divarları xaricinə çıxması ilə əlaqədar idi.

Məlum olduğu kimi, Şamaxı qapıları (həmçinin "Qoşa qala qapıları" və "Şah Abbas qapıları" kimi məlumdur) XIX əsrin sonlarınadək qalanın əsas və yeganə giriş-çıxış qapısı olmuşdur. 1868-ci ildə hərbi qubernator şəhərin abadlaşdırılması məqsədilə Qafqaz Hərbi Dairəsinə qala divarlarının sökülməsi üçün müraciət edir. 1886-cı ildə şəhər Dumasının iclasında bu məsələ bir daha qaldırılmış, nəticədə qalanın xarici divarları sökülmüş, "Zülfüqar xanın qapısı" adlandırılan ikinci yarusun darvazası Şamaxı qapılarının yanına keçirilmişdir. Bununla "Qoşa qala qapıları" anlamı yaranmış, eləcə də vaxt keçdikcə "qala" sözü öz mənasını itirmişdir: o, şəhərlə harmoniya təşkil etməyə başlamışdır.

Faiq Əhməd Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (2004) heykəltəraşlıq ixtisası üzrə təhsil almışdır. O, 2007-ci ildə Azərbaycanı 52-ci Venesiya Biennalesində təmsil etmək üçün seçilmişdir. Sənətçi öz əsərləri vasitəsilə müasir formaları ənənəvi materiallarla (məsələn, Azərbaycan xalçaçılıq sənəti) əlaqələndirir.

"012 Bakı Public Art Festivalı"nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri əsərlərində əks etdirmişlər.

Layihə sentyabrın 1-dək davam edəcəkdir.

                                 

 

Azərbaycan.- 2012.- 7 aprel.- S. 5.