“Azərbaycan qadını” jurnalının yaz
buraxılışının təqdimatı olmuşdur
"Azərbaycan qadını" jurnalının hər sayının gözəl tədbirlə təqdimatı bir ənənəyə çevrilmişdir.
Jurnalın yaz buraxılışı aprelin 6-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan romanslarından ibarət konsert proqramı ilə təqdim olunmuşdur.
Təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak etmişlər.
Xalq artisti Xuraman Qasımova nəfis şəkildə, xüsusi məharət və zövqlə hazırlanmış "Azərbaycan qadını" jurnalının hər nömrəsinin oxucular tərəfindən maraqla qarşılandığını bildirmişdir. Qeyd edilmişdir ki, jurnalın yeni sayında oxuculara bir-birindən maraqlı bədii-publisistik yazılar, eləcə də ölkəmizin həyatında parlaq hadisəyə çevrilən mühüm beynəlxalq layihələri əks etdirən materiallar təqdim olunmuşdur. Belə layihələrdən biri Azərbaycan Milli İncəsənət Muzeyində martın 10-da açılmış "Fransa inciləri" adlı sərgidir. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın dəstəyi ilə həyata keçirilən bu sərgi ötən bahar Parisdə təşkil edilmiş tədbirlərə cavab olmaqla yanaşı, həm də bir sənət hadisəsi idi. Bakılılar və şəhərimizin qonaqları iki ay ərzində Fransanın görkəmli incəsənət xadimlərinin əsərlərilə tanış olmaq imkanı qazanmışlar.
Oxucular həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Rusiya Federasiyasının İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adına layiq görülməsi, birinci xanıma "Türk dünyasına xidmət" mükafatının təqdim edilməsi ilə bağlı geniş materiallarla tanış ola biləcəklər.
"Dumanlı şəhər"də közərən sənət işığı" başlıqlı yazıda Londonda açılan "Bakıya uçuş: Azərbaycanın müasir incəsənəti" adlı sərgi barədə məlumat verilmişdir. Sərginin ideya rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, əlaqələndiricisi isə dünyada məşhur layihələr müəllifi Erve Mikaeloffdur. "Uçuş"un əsas məqsədi müasir Azərbaycan rəssamlarının sərgilədikləri əsərlərin diliylə ziyarətçilərə Azərbaycan mədəniyyəti, onun adət-ənənələri və bu günü haqqında daha ətraflı söhbət açmaqdır.
Jurnalda "YARAT müasir incəsənət məkanı" təşkilatının "Ön söz" adlı sərgisindən də bəhs edilmişdir. Məqalədə qeyd edilmişdir ki, Pablo Pikassonun "Mən axtarmıram, mən tapıram" kəlamı istedadlı rəssam Aida Mahmudovanın rəhbərlik etdiyi "YARAT!" qeyri-kommersiya təşkilatının həyata keçirdiyi layihələr üçün deviz sayıla bilər.
Jurnalın həmişə maraqla qarşılanan "Pyedestal" rubrikasının budəfəki qonağı Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anardır.
"Azərbaycan qadını" jurnalının səhifələrində bu dəfə oxucular qadın hakimlərin həyat və ömür yolu, düşüncələri ilə yaxından tanış olacaqlar.
Jurnalın bu buraxılışında oxucuları uzun illər Vətənindən, doğulduğu Qarabağ torpağından ayrı düşən Leyla İsmayılova, Azərbaycanın xalq artisti, səhnəmizin Leylisi Aygün Bayramova, gənc idmançı Fəridə Əzizova ilə maraqlı görüş və "Yüz yaşın nağılı" gözləyir.
Konsert proqramı ilə davam edən tədbirdə Davud Əkbərlinin (tar), Dilarə Əliyevanın (soprano), Atabəy İsmayilovun (tar) ifasında Asəf Zeynallının "Ölkəm", Musa Mirzəyevin "Bahar", Rauf Hacıyevin "Leyla", Tofiq Quliyevin "Sevgilim", "Gecə serenadası", Fikrət Əmirovun "Baharımsan", Vasif Adıgözəlovun "Bakı" və digər romanslar səsləndirilmişdir. Pianoda Emil Əfrasiyab müşayiət etmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 7 aprel.- S. 5.