İşıqlı
ömrün qara bəxti
Unudulmazlar
Ötən
əsrin 30-cu illərində respublikamızı bürüyən
repressiyaların iti caynaqlarına ilişən ziyalılar
arasında otuzdan artıq şair, yazıçı və ədəbiyyatşünas
alim olub. Onların həyat və yaradıcılıqları
ilə maraqlananda, arxiv materiallarındakı xasiyyətnamələri
və digər sənədləri oxuyanda bu günahsız
"günahkar"ların acı talelərinə kədərlənməmək
mümkün deyil. Xalqının maariflənməsi yolunda cəfakeşlik
göstərən bu işıqlı insanların qara bəxti
dövrün, zamanın, quruluşun haqsızlığından
xəbər verir. Millətin ziyasını kəsmək
üçün onun ziyalılarını həbs edərək
gedər-gəlməzə göndərmək, qətlə
yetirmək, üstünə min böhtan və şər
ataraq zindanlarda çürütmək o dövrdə elə
bir xaos yaratdı ki, şübhələr, inamsızlıqlar
baş alıb gedirdi, qardaş qardaşın üzünə
dururdu. Bəzən də qatığın "qara" rəngdə
olması ittihamların baş mövzusuna çevrilirdi. Məqsəd
millətin işıqlı övladlarını sıradan
çıxarmaq, onu qorxaq və asılı vəziyyətə
salmaq idi. Bu kabus Azərbaycanı dolaşaraq neçə-neçə
mərd, cəsarətli, savadlı, xalqının, millətinin
gələcəyi uğrunda fədakarlıq göstərən
vətən oğullarının həyatına son qoydu.
İndi o vahiməli dövrün yazılarını
araşdıranda dəhşətə gəlirsən. 37-ci
ilin elə gecəsi olub ki, yüzlərlə evdə şivən
qopub. İnsanlar sorğu-sualsız həbs edilərək
sürgünə göndərilib, güllələnib. Bəxti
qaralanan ziyalılardan biri də şair Hacıkərim
Sanılı idi.
O,
Qazax qəzasının Çaylı-Kəsəmən kəndində
anadan olub. İbtidai təhsilini kənd mollaxanasında
aldıqdan sonra Qori Müəllimlər Seminariyasını
bitirib. Bəlkə də Hacıkərim Sanılının
taleyinin bəd gətirməsi elə bu məktəbdə təhsil
alması ilə bağlıdır. Faktlar göstərir ki, məhz
Qori Müəllimlər Seminariyası məzunlarının əksəriyyəti
sonralar repressiya qurbanı olub. Bu faktın özü də
qaniçənlərin məkrli məqsədini gün kimi
aydınlaşdırır.
Hacıkərim
Sanılı Zəngəzur qəzasının Xaçmaz kənd,
Gəncə şəhər rus-müsəlman, Qazax qəzasının
Poylu və Dağ Kəsəmən məktəblərində
müdir işləyib. Gənc nəslin maariflənməsində
əlindən gələni əsirgəməyib. Gəncliyində
"Difai" partiyasının fəaliyyətində
yaxından iştirak edən Hacıkərim Sanılı
"Hümmət" təşkilatının da üzvü
olub. O, xalqının maariflənməsi, xoş gələcəyi
yolunda mübariz idi. Bir müddət də Qazax qəzasının
general-qubernatoru (1918) vəzifəsində
çalışıb. Hətta həmin il Tiflis "Hümmət"
partiyası tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti
parlamentinə üzv seçilib. Maarifçi və ictimai
xadim kimi geniş fəaliyyət göstərən Hacıkərim
Sanılı həm də bədii yaradıcılıqla məşğul
olub, şeirlər yazıb.
Hacıkərim Sanılı müəllim kimi böyük nüfuz sahibi idi. Hətta Sankt-Peterburq Müəllimlər İnstitutunun nəzdindəki kursda da təcrübə keçib (1910). Pedaqoji fəaliyyətinə görə üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edilən azərbaycanlı pedaqoq mədəni həyatın önündə gedən ziyalılardan biri idi. Azərbaycan Sovet ordusu tərəfindən işğal edildikdən sonra, həmkarları kimi, yeni quruluşa inanan Hacıkərim Sanılı öz peşəsinə sadiq qaldı. Xalq maarifi sahəsində çalışdı. Azərbaycan İstehlak-Kooperasiya İnstitutunda, Sovet Ticarəti İnstitutunun nəzdindəki işçi fakültəsində müəllim, Dövlət Elmi-Tədqiqat İnstitutunda elmi işçi, Bakı Xalq Maarif Şöbəsində inspektor vəzifələrində çalışdı.
Həbs edilənə qədər dörd kitabı işıq üzü görüb. "Təzə mahnı" adlanan bir şeirində oxuyuruq:
Söylədiyim Azərbaycan dilidir,
Mən dərdiyim vətənimin gülüdür.
Bu çaldığım el sazının
telidir,
Gərək səsi ürəkləri
oynada.
1919-cu ildə qələmə
alınan bu şeirin dili o qədər sadədir, təmizdir ki, heyrət etməyə bilmirsən. Söhbət şeirin məzmunundan,
mövzusundan yox, Azərbaycan dilinin gözəlliyindən gedir.
Müəllif də sanki oxucusunun diqqətini bu səmtə yönəldərək
klassik şeir nümunələrimizdə, müasirlərinin
yaradıcılığında baş alıb gedən yad kəlmələrə qarşı
üsyan edir:
Gah ərəbin, gahi farsın dilində,
Gah onların, gah urusun dilində,
Danışardı özgə elin
dilində,
Öz dilini yanılmışdı dünyada.
Şeiri
ilə ədəbiyyatda
təzə yollar açmaq istəyən, bu yollarda da
əlvan çiçəklər
salan Hacıkərim Sanılı yaradıcılığı
boyu bircə arzusunu tez-tez dilə gətirirdi: "Özgə şivədən,
özgə dildən qaçaq, bir də uymayaq biz yadlara". Doğma dilinin aşiqi olan Hacıkərim Sanılı uşaqlar üçün də yaddaqalan süjetli, maraqlı, lakonik şeirlər yazıb:
"İt və pişik", "Çoban",
"Şüurlu qarğa"
və s. Bu şeirlər
olduqca düşündürücü
və mənalıdır.
Hacıkərim Sanılının şeirlərində vətən
məhəbbəti, xalqa
bağlılıq öz
əksini tapıb.
Xüsusilə də təbiətlə
əlaqədar qələmə
aldığı poetik
misralar yurdumuzun təbii gözəlliklərini
misra-misra dilə gətirib. Bəzən də bu şeirlərdə təbiətin
mənzərələri olduğu
kimi görünür.
Hacıkərim Sanılı sözlə
tablo çəkən
bir şair idi. Məsələn,
"Meşələr" şeiri o qədər gözəl və səmimidir ki, oxuduqca özünü bu zümrüd donlu aləmin qoynunda hiss edirsən:
Yel vurduqca yaşıl donu yellənir,
Ətəkləri xışıldanır, dillənir.
Qollu palıd yarpaq açır güllənir,
Həm qollanır,
həm boy atır meşələr.
Həyatda müəllimliklə, şairliklə
məşğul olan Hacıkərim Sanılı
zəngin daxili aləmə malik, millətini ürəkdən
sevən, xalqının
maariflənməsi yolunda
biliyini əsirgəməyən
xeyirxah, nur əməlli bir insan olub. Onun həyatında, yaradıcılığında
"hədəfə gələn",
mövcud quruluşun dağılmasını şərtləndirə
bilən bir əməl, iş fəaliyyəti olmayıb,
amma repressiyanın caynaqlarına ilişib. Maraqlıdır ki, bəzi həmkarları da özlərini bu bulanıq sudan xilas
etmək üçün
dövrün boyuna mədhiyyələr biçəndə
özlərini duruya çıxarmaq üçün
belə yazırdılar:
"Mən nə Sanılıyıam, nə
Əhməd Cavad..."
Amma görünür, can qorxusundan
kağıza qara iz salan bu
sözlərin nə vaxtsa ittiham və iradla qarşılanacağını ağıllarına da gətirməyiblər. Bəzən
də bir anlıq yaşamaq xatirinə donosçuluğa
məcbur edilən bu qələm sahibləri dünyanın
dəyişəcəyini, ədalətin
qalib gələcəyini,
kimin kim
olacağını heç
düşünməyiblər də. Biz baş
verən o qeyri-adi qarşıdurmaları təftiş
etmək niyyətində
deyilik. Sadəcə bildirmək istəyirik
ki, sovet dövrünün həyata
keçirdiyi ən ağır və bağışlanmaz "islahat"larından
biri də məhz 30-cu illərin repressiyası idi. Olumdan ölümə doğru yol gələn insan bu beş
addımlıq ömür
yolunu bəzən öz istədiyi kimi yox, ətrafın,
quruluşun cızdığı
istiqamətdə yaşayır.
Əbədiyyət qazanmaq üçün
birinci şərt isə millətin, xalqın işıqlı
gələcəyi naminə
ömrünü odlara
atmaqdı. Hacıkərim Sanılı bir pərvanə kimi öz xalqının yolunda nizələrin, süngülərin başına
fırlandı. 37-ci ilin apardığı möhtəşəm ziyalılarımızdan
biri idi. Güllələnmə hökmünə məruz qalan Hacıkərim Sanılının
ürəyi elə həbsxana kamerasında da dayanıb.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 7 aprel.- S. 7.