Məqsəd sağlam və sabit həyat
yaratmaqdır
7 aprel Ümumdünya
Sağlamlıq Günüdür
Ümumdünya Səhiyyə Təşkilatı sağlamlığı insan həyatının elə bir amili hesab edir ki, onda heç bir xəstəlik və fiziki qüsur olmasın. Hər bir vətəndaş əlverişli mənəvi və ictimai şəraitdə yaşasın. Ona görə də insan sağlamlığı cəmiyyətin sərvətidir. Yalnız sağlam olanlar bəşəriyyətin xeyrinə qurub-yaratmaq üçün özlərinin yaradıcı imkanlarından tam istifadə edə bilərlər.
Bu amili əsas götürüb reallaşdırmağı qarşısına məqsəd qoyan Ümumdünya Səhiyyə Assambleyası 1948-ci ildə ÜST-ün yaradılması münasibətilə keçirilən yığıncaqda Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etmişdir. 1950-ci ildən başlayaraq dünya ictimaiyyəti hər il aprelin 7-də bu tarixi günü qeyd edir.
Aprelin 7-də ÜST üçün prioritet sayılan problemlər diqqət mərkəzinə gətirilərək geniş müzakirələrə səbəb olur, uzunmüddətli maarifləndirmə proqramları həyata keçirilir. Başqa sözlə, Ümumdünya Sağlamlıq Günü səhiyyə sahəsində beynəlxalq ictimaiyyəti qayğılandıran, qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən başlıca problemlərə diqqət yönəltmək baxımından geniş imkanlar açır. Ona görə də hər il bir məsələ gündəmə gətirilir. Məsələn, 2008-ci ildə sağlamlıq gününün əsas müzakirə hədəfi insanları iqlim dəyişikliyinin zərərli təsirlərindən qorumaq zərurəti ilə bağlı olmuşdur. Biz artıq neçə illərdir ki, qeyri-sabit və dəyişkən iqlimin sağlamlığımıza təsirini müşahidə edirik. Havaların kəskin istiləşməsi, fırtınalar, daşqınlar, şaxtalar, quraqlıqlar hər il on minlərlə insanın həyatına son qoyur. İqlim dəyişikliyinə həssas olan malyariya, zülal-enerji çatışmazlığı və s. kimi xəstəliklər 4 milyondan çox insanın ölümünə səbəb olmuşdur. Hətta bu rəqəmlər də dünyanın geniş ərazilərində iqlim dəyişikliyinin ərzaq məhsullarına, içməli suya vura biləcəyi dolayı və sarsıdıcı ziyanı əks etdirmir. ÜST-ün baş direktoru Marqaret Çan dəfələrlə qeyd etmişdir ki, hər bir dövlət əhalisinin sağlamlığını qorumaq və rifahını yüksəltmək məqsədilə ictimai səhiyyə siyasətini və praktikasını gücləndirməlidir. Çünki meydana çıxan problemləri yalnız birgə fəaliyyət göstərən insanlar və millətlər həll edə bilərlər.
2009-cu ilin sağlamlıq gününün mövzusu fövqəladə hallarda tibb müəssisələrinin təhlükəsizliyinə həsr edilmişdi. "İnsan həyatını xilas edək - fövqəladə hallarda xəstəxanaların təhlükəsizliyini təmin edək" devizi ilə keçirilən maarifləndirmə proqramlarında əsas məqsəd dağıntı və təbii fəlakət zamanı baş verən böhranlı və faciəli vəziyyətlərə dözümlü təhlükəsiz tibb müəssisələrinin yaradılması idi. Xəstəxanalar istənilən ölkə üçün çox böyük investisiya qoyuluşu tələb edir və onların dağılması və zədələnməsi son dərəcə böyük iqtisadi yük yaradır. Təbii fəlakətlərə davamlı təhlükəsiz tibb müəssisələrinin tikilməsi və ya mövcud xəstəxanaların daha təhlükəsiz edilməsi üçün modifikasiya aparılması xərc-effektivlik baxımından xeyli dərəcədə sərfəlidir. Xəstəxana dağıdıldıqda və ya onun fəaliyyəti pozulduqda xilası təxirəsalınmaz yardım göstərilməsindən asılı olan milyonlarla insan həyatının itirilməsi deməkdir.
2010-cu ilin Ümumdünya Sağlamlıq Gününün "Urbanizasiya və sağlamlıq" mövzusu urbanizasiyanın bütünlükdə dünya əhalisinin, o cümlədən ayrı-ayrılıqda hər birimizin səhhətinə zərərli təsirinin etirafı olaraq seçilmişdir. Urbanizasiya bir çox səhiyyə problemləri, o cümlədən su, ətraf mühit, zorakılıq və travmalar, qeyri-infeksion xəstəliklər və onların risk faktorları olan tütünçəkmə, düzgün qidalanmamaq, fiziki aktivliyin olmaması, spirtli içkilərdən sui-istifadə, eləcə də müxtəlif xəstəliklərin əmələ gəlməsi ilə bağlı təhlükələrlə əlaqələndirilir. Bir faktı qeyd edək ki, bəşər tarixində ilk dəfə olaraq bu gün dünya əhalisi kəndlərə nisbətən daha çox şəhərlərdə məskunlaşmışdır. Buna paralel olaraq yoxsulluqdan əziyyət çəkən təbəqə hazırda şəhərətrafı ərazilərdə deyil, əhalinin sıx məskunlaşdığı böyük şəhərlərdə yaşayır. Mütəxəssislərin fikrincə, əsrin ortalarında dünyada hər on nəfərdən yeddisi şəhərlərdə məskunlaşmış olacaqdır. Bu göstəricilərə isə daha çox inkişaf etməkdə olan dövlətlərdə rast gəlmək mümkündür. Plansız və urbanizasiya nəticəsində gecəqondu və qeyri-qanuni yaşayış məkanlarının sayı artır və bu halların qarşısını almaq çətinləşir. 2010-cu ildə ÜST 7-11 aprel tarixində dünya üzrə "1000 şəhər - 1000 həyat" kampaniyası keçirmişdir.
Ötən il ÜST sağlamlıq gününü "Mikrob əleyhinə dərmanlara qarşı müqavimət, bu gün tədbir görülməsə, sabah müalicə mümkün olmayacaq" devizi altında aparmışdır. ÜST-ün Avropa üzrə regional direktoru Jujanna Cakab bildirmişdir ki, antibiotiklər dəyərli kəşfdir, lakin biz onları layiqincə qiymətləndirmirik, onlardan sui-istifadə edir və izafi işlədirik. İndi hər hansı bir dərmanın təsir etmədiyi superbakteriyalar yaranmışdır. Avropada və bütün dünyada səyahətlərin, ticarətin artması ilə əlaqədar insanlar anlamalıdırlar ki, bütün ölkələr bu problemi həll etməsə, ayrılıqda heç bir ölkə təhlükəsiz olmayacaq.
Hesablamalara görə, hər il təkcə Avropa Birliyində 25 min nəfərdən çox insan əksər hallarda onlara xəstəxanalarda yoluxmuş antibiotiklərə müqaviməti olan bakteriya infeksiyalarından ölür. Mikrob əleyhinə maddələr göbələklərin, parazitlərin, bakteriyaların və virusların yaratdığı infeksiyaların törətdiyi xəstəlikləri müalicə etmək üçün istifadə edilən dərmanlardır. Bu dərmanların kəşfi bəşər tarixində səhiyyənin ən mühüm nailiyyətlərindən biridir. Onlar xəstəlikləri azaltmış, insanların həyatlarını xilas etmişdir. Bununla belə, son 70 ildə təbabətdə mikrob əleyhinə dərmanlardan səhv istifadə olunması həmin preparatlara qarşı müqaviməti olan müxtəlif saylı və növlü mikroorqanizmlərin amansız şəkildə törəyib artmasına səbəb olmuşdur ki, bu da ölümlərin, xəstəliklərin, əlilliklərin sayının çoxalmasına, eləcə də müalicə xərclərinin daha da artmasına gətirib çıxarmışdır.
2012-ci ildə bugünün mövzusu "Sağlam səhhət ömrü uzadır" devizi altında yaşlanma və sağlamlıq məsələlərinə həsr olunacaq. Burada başlıca diqqət ona yönəldilir ki, sağlamlıq yaşlı kişi və qadınların bütün ömrü boyunca dolğun və səmərəli həyat sürmələrinə yardım edir.
Yaşlanma harada yaşamasından, cavan və ya qoca, kişi və ya qadın, zəngin və ya kasıb olmasından asılı olmayaraq, hər bir insanı düşündürür. XXI əsrdə sağlamlıq geniş sosial təmayüllər baxımından müəyyən edilir. İqtisadiyyatın qloballaşdığı, ailə modellərinin dəyişdiyi, texnologiyaların sürətlə inkişaf etdiyi, urbanizasiyanın artdığı bu əsrdə ən böyük sosial dəyişikliklərdən biri əhalinin yaşlanması məsələsidir. Tezliklə dünyada yaşlı insanların sayı uşaqların sayından və indiyədək olduğundan daha artıq olacaq.
2000-2050-ci illər arasında 80 və ya daha yaşlı insanların sayı təxminən dörd dəfə artaraq 395 milyona çatacaq. Qarşıdakı beş il ərzində bəşər tarixində ilk dəfə olaraq 65 və ondan yuxarı yaşlı insanların sayı 5 yaşa qədər uşaqların sayından çox olacaq. Bu yaşda olan insanların sayı 2050-ci il üçün 14 yaşa qədər uşaqların sayını ötüb keçəcək. 2000-2050-ci illər ərzində dünyada yaşı 60-dan yuxarı olan əhalinin faiz nisbəti ikiqat yüksələrək 11 faizdən 22 faizə çatacaq. Eyni dövr ərzində 60 və daha yuxarı yaşlı insanların sayının 605 milyondan 2 milyarda çatacağı gözlənilir.
ÜST-ün Avropa üzrə Regional Ofisinin direktoru bildirib ki, Avropada ömür uzunluğunun artması böyük nailiyyətdir və biz uzunömürlüyün artırılmasına həyat səviyyəsinin yüksəldilməsi ilə nail olmalıyıq. Bütün ÜST Avropa regionu siyasətçiləri bu tendensiyanı sağlam və aktiv yaşlanmaya imkan yaradan geniş əhatəli siyasətlərə sərmayə qoyulması yolu ilə dəstəkləyə bilərlər.
Sağlam yaşlanma beynəlxalq ictimai səhiyyə proqramının gündəliyində əsas prioritetə çevrilir. Sağlam yaşlanma həyatın ilkin mərhələlərindəki sağlamlıqla əlaqədardır. Məsələn, ana bətnində ikən zəruri maddələrlə qidalanmamaq yaşlı vaxtda qan dövranı çatışmazlıqları və şəkərli diabet kimi xəstəliklərə tutulma riskini artıra bilər. Uşaqlıqda keçirilən tənəffüs yolları infeksiyası yaşlı vaxtda xroniki bronxit xəstəliyinə tutulma riskini artırır. Piylənmə və ya həddən artıq çəki problemi olan yeniyetmələr yaşlı vaxtlarında şəkərli diabet, qan dövranı çatışmazlıqları, xərçəng, tənəffüs orqanları fəaliyyətinin və dayaq-əzələ sisteminin pozulması kimi xroniki xəstəliklərlə üzləşirlər. Sağlam yaşlanma bir çox amillərdən asılıdır. Fərdin bioloji sisteminin funksional imkanları ömrün ilk illərində formalaşıb artır, ilkin yetkinlik dövründə ən yüksək səviyyəyə çatır və bundan sonra təbii olaraq zəifləməyə başlayır. Bu zəifləmə həddini, ən azı, qismən də olsa, insanın bütün həyat boyu davranışları və məruz qaldığı təsirlər müəyyən edir. Bura onun qidalanması, fiziki aktivlik səviyyəsi və sağlamlıqla bağlı risklərə məruz qalmaq halları daxildir.
Bu gün Azərbaycanda gerçəkləşdirilən sosialyönümlü inkişaf strategiyası ÜST-ün ötən illər ərzində qarşıya qoyduğu problemlərin həllinə yönəldilmişdir. İnsan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatların uğurla gerçəkləşdirilməsi hər bir fərdin maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir. Hazırda vətəndaşların etibarlı sosial müdafiəsinin, fiziki-mənəvi sağlamlığının, elmi-intellektual yüksəlişinin təmini bu siyasətin prioritet xəttinə çevrilmişdir. Ölkə Prezidenti İlham Əliyev bazar iqtisadiyyatı şəraitində "sosial dövlət" konsepsiyasına daim üstünlük verərək bu yolda atılan bütün addımlarda məhz əhalinin rifahı, sağlamlığı və firavanlığı məsələlərini ön planda saxlamışdır. Hazırda Azərbaycanın ötən illərdə insan inkişafı sahəsində mühüm uğurlar qazandığını əksər beynəlxalq təşkilatlar da etiraf edirlər. Birləşmiş Millətlət Təşkilatı İnkişaf Proqramının hələ 2010-cu il üçün açıqladığı "İnsan İnkişafı Hesabatı" respublikanın insan inkişafı indeksinə görə yüksək nəticələr əldə etdiyini bir daha təsdiqləmişdir. 182 ölkənin yer aldığı həmin hesabatda Azərbaycan Rusiya və Qazaxıstandan sonra 67-ci, Gürcüstan 74-cü, Ermənistan 76-cı, Türkiyə isə 83-cü yerdə qərarlaşmışdır.
Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin ötən ilin noyabrında Bakıda keçirilmiş 61-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev bununla bağlı demişdir: "Ölkəmizdə ağır vəziyyətdə yaşayan ailələrə dövlət tərəfindən dəstək verilir. Ağır vəziyyətdə yaşayan 125 min ailə dövlətdən ünvanlı sosial yardım alır. Dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bir dənə də olsun sosial proqrama dəyişiklik edilməmişdir. Bir dənə də olsun yubanma, yaxud da ki, geriləmə olmamışdır. Əksinə, Azərbaycan pensiyaçılarının pensiya təminatı yaxşılaşdırılmışdır və orta hesabla pensiyalar 40 faiz artmışdır. Yaşlı nəsil üçün bu, birbaşa onların sağlamlığına verilən töhfədir". Respublikada aparılan bu siyasət vətəndaşların sosial təminat, sağlam ətraf mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və digər hüquqları ilə yanaşı, səhiyyə hüquqlarının da etibarlı müdafiəsinə mükəmməl institusional-qanunverici təminat mexanizmləri formalaşdırmışdır. Son 8 ildə yüksək tələblərə uyğun səhiyyə sisteminin yaradılması respublikada ardıcıl şəkildə həyata keçirilən sosialyönümlü islahatların başlıca hədəfinə çevrilmişdir. Səhiyyə xərcləri 8 dəfədən çox yüksəlmişdir. Hazırda 2012-ci ilin dövlət büdcəsində bu sahənin xərcləri 5,7 faiz təşkil edir.
Son illər ərzində tibbi xidmətin müasir tələblər səviyyəsində qurulması üçün ilk növbədə bu sahədə infrastrukturun müasirləşdirilməsi istiqamətində tədbirlər diqqət mərkəzində saxlanılmışdır. Yeni tələblərə cavab verən səhiyyə müəssisələri tikilmiş, mövcud tibb ocaqlarının təmiri və yenidən qurulması işləri aparılmışdır. 2003-cü ildən etibarən Azərbaycanda 300-dən çox tibb müəssisəsi tikilmiş və yaxud əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmişdir
Ötən illərdə Heydər Əliyev Fondunun reallaşdırdığı səhiyyə layihələrinin əhəmiyyəti də xüsusi vurğulanmalıdır. "Talassemiyasız həyat naminə", "Diabetli uşaqlara yardım" və s. layihələr böyük rəğbətlə qarşılanmışdır. Fondun təşəbbüsü ilə inşa olunmuş diaqnostika mərkəzləri, xəstəxanalar, uşaq evləri ölkə səhiyyəsinə böyük töhfə olmuşdur.
Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində ölkənin ictimai həyatının bütün sahələri kimi, səhiyyə və tibb elmi də qloballaşan dünyada inteqrasiya proseslərinə cəlb olunmuşdur. Səhiyyəsi daha çox inkişaf etmiş ölkələrin müsbət təcrübəsindən Azərbaycanda istifadə edilməsi, təbabətin müxtəlif sahələri üzrə konsepsiya və strategiyaların yaradılması, tibb təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması, yeni müalicə və diaqnostika metodlarının, eləcə də müasir tibb texnologiyalarının tətbiqi, səhiyyədə təşkilatçılıq və tibb müəssisələrinin menecmenti, maliyyə vəsaitlərinin istifadəsi, regional epidemioloji təhlükəsizlik, təbii fəlakətlərin aradan qaldırılması və bir çox digər sahələrin inkişafı üçün səhiyyədə beynəlxalq əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir.
Ümumdünya Səhiyyə Təşkilatı səhiyyə məsələləri ilə bağlı ölkəmizə müxtəlif təkliflər, tövsiyələr verir, eyni zamanda həyata keçirilən mütərəqqi islahatları daim diqqət mərkəzində saxlayır. ÜST-ün Avropa Regional Komitəsinin Bakıda keçirilən 61-ci sessiyasında "Sağlamlıq-2020" Fəaliyyət Proqramı geniş müzakirə olunmuşdur. Bu siyasət Avropa reqionunda sağlamlığa və firavan yaşayışa yeni baxışı nəzərdə tutur. Proqramın əsas məqsədi hər bir kəsin sağlamlığının tam potensialına nail olmaq imkanının yaradılmasıdır.
İradə ƏLİYEVA
Azərbaycan.- 2012.- 7 aprel.- S. 7.