Azərbaycan-Qırğız münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

 

Prezident İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. Dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi son 9 ildə ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmış, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə də münasibətlərin möhkəmlənməsinə üstünlük vermişdir.

Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin oktyabr ayında Naxçıvanda, 2010-cı ildə İstanbulda və bu yaxınlarda Almatıda keçirilən görüşləri türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin daha da yüksək səviyyədə inkişafından xəbər verir. Bu baxımdan TDƏŞ-in I Zirvə toplantısı türkdilli ölkələr arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından yadda qalmışdır.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması müştərək dil, mədəniyyət və dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. TDƏŞ geniş coğrafi arealı əhatə edən türk dünyasının problemlərinin həllinə, ölkələrimiz və xalqlarımızın bir-birinə daha sıx bağlanmasına imkan yaradacaqdır. Dövlət başçılarının görüşünün yekunu olaraq TDƏŞ-in I Zirvə toplantısının 49 bənddən ibarət yekun sənədi - Almatı Bəyannaməsi imzalandı. Sənəd türkdilli dövlətlərin bir sıra beynəlxalq və regional məsələlər üzrə razılaşdırılmış mövqeyini, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Dövlət başçılarının imzaladıqları sənəd möhkəm təməl üzərində qərarlaşmış münasibətlərin hazırkı və perspektiv inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qırğız Respublikasının Prezidenti  Almazbek Atambayevin bu günlərdə Azərbaycan Respublikasına rəsmi səfəri də türkdilli dövlətlər arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqlədi. Dövlət başçılarının görüşündə Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunmuş, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edilmişdir. Siyasi münasibətlərin daha da möhkəmləndirilməsinin bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtləndiyini nəzərə alan tərəflər ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin arzuolunan səviyyədə inkişaf etdirilməsini son dərəcə vacib bilirlər. Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır.

Qırğız Respublikası Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu yüksək qiymətləndirir, son illərdə ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Bu baxımdan dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı "Azərbaycan Respublikası Prezidentinin və Qırğız Respublikası Prezidentinin Birgə bəyanatı"nın imzalanması əməkdaşlıq əlaqələrinin daha da güclənməsi üçün yeni perspektivlər açacaqdır. Prezident İlham Əliyev bildirmişdir: "Bu gün iki müstəqil dövlət kimi Qırğızıstan və Azərbaycan əcdadlarımızın ənənələrinə sadiqdirlər. Bu gün biz münasibətlərimizin inkişafının yeni mərhələsinə başlayırıq. Biz həmişə çalışmışıq ki, ölkələrimiz arasında münasibətlər dinamik və səmərəli inkişaf etsin. Lakin təəssüf ki, müəyyən vaxt itirilmişdir. Siz Qırğızıstana rəhbərlik edəndən sonra biz münasibətlərimizin inkişaf dinamikasını, bu münasibətləri inkişaf etdirmək üçün real, ciddi əzmkarlıq göstərildiyini görürük. Ən başlıcası, biz öz vədlərimizə və razılaşmalarımıza sadiqik. Bir neçə ay bundan əvvəl olmuş ilk görüşümüz artıq münasibətlərimizin fəallaşmasına gətirib çıxarmışdır, bizim strukturlar və şirkətlər arasında artıq əlaqələr mövcuddur. Sizin Azərbaycana səfəriniz ikitərəfli əlaqələrin inkişafına bizim necə yanaşmağımızın sübutudur".

Dövlət başçılarının görüşündən sonra Azərbaycan-Qırğız sənədlərinin imzalanma mərasimi keçirilmişdir. Bu sırada "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Qırğız Respubikasının Narkotiklərə Nəzarət üzrə Dövlət Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Azərbaycan Respublikasının Dünya Ticarət Təşkilatına qəbul olunması üzrə Protokol", "Azərbaycan Respublikası hökuməti və Qırğız Respublikası hökuməti arasında vergi qanunvericiliyinə riayət edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş", "Azərbaycan Respublikası hökuməti və Qırğız Respublikası hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası hökuməti və Qırğız Respublikası hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"ləri qeyd etmək lazımdır.

Qırğız Respublikasının Prezidenti iki ölkə arasında ən müxtəlif sahələrə dair imzalanan sənədlərin əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcəyini bildirmişdir: "Fəxr edirəm ki, Qırğızıstanın 20 ildə Azərbaycana ilk dəfə rəsmi səfərə gəlmiş birinci Prezidentiyəm. Sizin haqlı olaraq qeyd etdiyiniz kimi, biz 20 ili itirmişik. Ancaq düşünürəm ki, biz bu 20 ilin əvəzini çox tez bir vaxtda çıxacağıq.  Sizin dediyiniz kimi, bu gün 20 il ərzində imzalandığından daha çox sayda, özü də real sənəd imzalanmışdır. Gələn ay biz hökumətlərarası komissiyanın iclasını keçirəcəyik, özü də komissiyanın qarşısında real vəzifələr qoyulmuşdur - energetika, investisiyalar, investisiya fondunun yaradılması və digər sahələrdə. Bilirsiniz, düşünürəm ki, biz bu itirilmiş vaxtın əvəzini çıxacağıq". 

Azərbaycana rəsmi səfəri zamanı Qırğız Prezidenti Almazbek Atambayev Baş nazir, Milli Məclisin Sədri ilə də görüşlər keçirmiş, əməkdaşlığın perspektiv imkanları barədə geniş fikir mübadiləsi aparmışdır.

Azərbaycanla Qırğızıstan arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan addımlar böyük nəticələrin əldə olunacağına əsas verir. Bu səfər onu göstərdi ki, rəsmi Bişkek Cənubi Qafqazın ən ararıcı və resrektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.

 

 

Elnur HACaLIYEV

 

Azərbaycan.- 2012.- 8 aprel.- S. 1.