Yeni hədəf inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır

 

Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində özünəməxsus cəhətləri ilə seçilən uğurlu bir modelin əsasını qoyduğu beynəlxalq miqyasda da açıq etiraf edilir. İnkişafın Azərbaycan modelinin uğurunu göstərən əsas cəhətlərdən biri ölkəmizin ümumi daxili məhsulun artım tempinə görə 2005-ci ildən başlayaraq sıçrayışlı dövr yaşaması, bir neçə il ərzində əsas makroiqtisadi göstərici üzrə dünya ölkələrinin reytinq cədvəlinə rəhbərlik etməsi oldu. Hesablamalar göstərir ki, XXI əsrin ilk 10 ili ərzində Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul 7,5 dəfə artıb. Bu isə o deməkdir ki, qeyd olunan müddətdə ölkədə 15,6 faizlik orta illik iqtisadi artım yaşanıb.

SSRİ-nin iflasından sonra transformasiya prosesi yaşayan ölkələr arasında ümumi daxili məhsulun artım tempinə görə Azərbaycanın yeganə dövlət kimi çıxış etməsi bir daha inkişafın Azərbaycan modelinin hansı möhtəşəm nəticələrə yol açdığını nümayiş etdirir. O da xüsusi qeyd edilməlidir ki, yeni yüzilin ilk 10 ili ərzində ölkə əhalisinin maddi rifah halının yüksəldilməsinə də böyük diqqət ayrılıb, orta aylıq əməkhaqqı 7,6 dəfə artıb, işsizlik beş dəfədən çox azaldılıb, yoxsulluq həddi 2010-cu ilin yekunlarına görə 9 faizə düşüb.

Daha bir mühüm cəhət postsovet ölkələri arasında Azərbaycanın yüksək tərəqqisinin onun bir ictimai-iqtisadi formasiyadan digərinə keçid prosesini daha tez və böyük uğurla başa çatdırmasıdır. Bu, artıq baza iqtisadiyyatı elementlərinin Azərbaycanda tam bərqərar olduğunu, ölkənin iqtisadi inkişafının məhz sözügedən müstəvidə reallaşdığını göstərir. Transformasiya prosesinin belə uğurlu yekunu həm də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən inkişaf strategiyasının  nə qədər dəqiq və uzaqgörənliklə hesablanmasının göstəricisidir.

Beləliklə, iqtisadi inkişafda bir çox əsas parametrlər üzrə postsovet ölkələrini qabaqlayan Azərbaycanın iqtisadi sferada keçid prosesini daha tez başa vurması da tamamilə təbiidir. İqtisadi sahədə keçid dövrünün başa çatmasından danışarkən Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş mərasimdə demişdir: "Biz öz iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Müxtəlif hesablamalara görə, Azərbaycan postsovet məkanında iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə keçid dövrü başa çatıbdır".

İqtisadi sahədə keçid dövrünün başa çatmasının daha bir mühüm cəhəti onun dünyanı sarsıdan qlobal maliyyə böhranı fonunda özünü göstərməsi oldu. Belə bir şəraitdə iqtisadi sahədə keçid dövrünü başa vurmaqla Azərbaycan həm də yaratdığı modelin nə dərəcədə effektiv və mənfi kənar təsirlərdən yüksək özünümüdafiə qabiliyyətinə malik olduğunu ortaya qoydu. Ümumiyyətlə, 2008 və 2009-cu illər ərzində özünü daha qabarıq büruzə verən, əvvəl maliyyə, daha sonra isə real sektoru əhatə edən böhrandan ən az zərər çəkən və minimal itki ilə çıxmağı bacaran azsaylı ölkələrdən biri Azərbaycandır. 2010-cu ildə də müəyyən fəsadlarını göstərən böhran ölkəmizdə demək olar ki, hiss olunmadı. Bu, bir daha Azərbaycan iqtisadiyyatının dayanıqlığını və özünüinkişaf qabiliyyətinə malik olmasının mühüm göstəricisidir.

Sözügedən böhran isə okeanın o tayında başlasa da, az sonra bütün dünyanı öz cənginə aldı. Belə ki, 2008-ci il sentyabrın 15-i dünya maliyyə bazarında "qara bazar ertəsi" kimi həkk olundu və məhz həmin gün qlobal miqyasda  investisiya fondunun nəhəngi sayılan ABŞ-ın "Lehman Brothers" bankının özünü müflis elan etməsi ilə dünyanı lərzəyə salan qlobal maliyyə böhranının başlandığı məlum oldu. "Lehman Brothers"in müflislik barədə elanından dərhal sonra dünyanın ən aparıcı fond birjalarında indekslər sürətlə ucuzlaşmağa başladı. Baş verənlər ABŞ-da ipoteka bazarının çökməsi prosesinə yeni təkan verdi. Aşağı faizlərlə kredit verən bütün şirkətlər demək olar ki, eyni vaxtda zərərə düşdüklərini elan etdilər. Bir sıra ipoteka operatorları isə bazardan çəkildiklərini, digərləri müflis olduqlarını bildirdilər.

Araşdırmalar göstərir ki, ABŞ-da ipotekanın belə geniş vüsət almasına 2000-2001-ci illərdə informasiya və yüksək texnologiyalar üzrə ixtisaslaşmış şirkətlərin səhmlərinə qoyulan vəsaitlər hesabına maliyyə sisteminin böyük itkilərlə üzləşməsi təkan verib. Belə şirkətlərin səhmlərinin müəyyən müddət üçün ucuzlaşması sonda investorların diqqətini real mülkiyyətə - mənzilə və digər daşınmaz əmlak növlərinə yönəltməsilə nəticələndi. Belə şəraitdə bankların  müştərilərin verilən kreditləri nə dərəcədə qaytarmaq imkanına malik olduqlarını araşdırmaması, onların etibarlılıq dərəcəsini yoxlamaması artıq ipoteka bazarında gələcək böhranın əsasını qoyurdu. Əvvəllər banklar ipoteka ilə alınan mənzilin dəyərinin 70 faizindən artığının pulunu verməkdən imtina edirdi. Sonralar isə ipotekaya tələbin artması fonunda banklar mənzillər üçün ilkin ödəniş olaraq 80, az sonra 90, bir qədər keçidikdən sonra isə 100 faizi həcmində kredit verməyə başladılar. Hətta bəzi banklar evin dəyərinin 105-110 faizi həcmində kredit verirdi və əlavə 5-10 faiz mənzili mebellə təmin etməyə hesablanmışdı. Bu, müştəri gətirmək üçün cəlbedici bir metod idi. Sözügedən ipoteka krediti bumu 2006-cı ilə qədər davam etdi. Məhz 2006-cı ildən etibarən məlum oldu ki, müştərilərin heç də hamısı banklardan ipoteka məqsədilə aldıqları kreditləri geri qaytarmaq iqtidarında deyil. Elə bu da kredit verən bankların maliyyə sarıdan ciddi problemlərlə üzləşməsinin əsasını qoyurdu. 2007-ci ildən başlayaraq dünyada yanacaq-enerji daşıyıcılarının və ərzağın qiymətinin sürətli artımı aşağı gəlirli ipoteka borclularının durumunu daha da ağırlaşdırdı. Təbii olaraq bu vəziyyətdə banklara ipoteka kreditlərinin ödənilməsi ilə bağlı yaranan problemlərin miqyası artan xətt üzrə inkişaf etməyə başladı və onların əksəriyyətinin ödəmə qabiliyyətinin olmadığı üzə çıxdı. Yaranmış durumda maliyyə bazarlarında mövqeləri laxlayan bankların getdikcə daha ağır vəziyyətə düşməsi iqtisadi inkişafın əsas əngəlləyici faktoruna çevrilirdi.

"Lehman Brothers"in çöküşü isə ABŞ-ın özündə maliyyə böhranını dərinləşdirməklə yanaşı, onun daha böyük sürətlə dünya iqtisadiyyatına təsir etməsi demək idi. Elə bu səbəbdən "Lehman Brothers"in müflis olduğu gün həm də qlobal maliyyə böhranının başlandığı dövr hesab olunur. "Lehman Brothers"in müflislik barədə elanından dərhal sonra dünyanın ən aparıcı fond birjalarında indekslər sürətlə ucuzlaşdı.

Daha sonra böhranın təsirləri Avropada, MDB-də, digər dövlətlərdə hiss edilməyə başlandı. 2008-ci ilin yekunları göstərdi ki, Azərbaycan dünyanın bir çox ölkələrindən fərqli olaraq qlobal maliyyə böhranının təsirlərindən effektiv müdafiə olunan dövlətlər sırasındadır. Bunun başlıca səbəblərindən biri qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək üçün vacib əhəmiyyət daşıyan bir sıra qabaqlayıcı tədbirlərin görülməsi idi. Azərbaycanın iri maliyyə ehtiyatlarının olması,  banklar və müəssisələrin o qədər də borclanma səviyyəsinə malik olmaması və dövlət tərəfindən bank sistemi ilə bağlı çevik siyasət yeridilməsi böhranın təsirlərinin neytrallaşmasına imkan verdi. Bütün bunlar həm də böhranın özünün zirvə nöqtəsinə çatdığı 2009-cu ildə ölkəmizin iqtisadi sahədə keçid dövrünü başa vurması ilə nəticələndi. Dünyanın əksər ölkələrində ciddi iqtisadi geriləmə qeydə alındığı halda, iqtisadi sahədə keçid dövrünü uğurla başa çatdıran Azərbaycanda böhranın pik həddi sayılan 2009-cu ilin yekunları üzrə ümumi daxili məhsulun 9,3 faizlik artımı yarandı. Bu, bir daha Azərbaycanın iqtisadi inkişaf strategiyasının möhtəşəm uğurundan xəbər verirdi.

Sonrakı dövrdə qazanılan uğurların miqyasının davamlı şəkildə genişləndirilməsi, makroiqtisadi sabitliyin qorunub saxlanılması ilə yanaşı, milli iqtisadiyyatın rəqabətqabiliyyətlilik səviyyəsinin daha da yüksəldilməsinə gətirib çıxardı. Bu fonda qeyri-neft sektorunun daha dinamik inkişafı təmin olundu, iqtisadiyyatın diversifikasiyası davam etdirildi. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi yeni vüsət aldı, sahibkarlığın dinamik tərəqqisi  üçün biznes mühitinin daha da təkmilləşdirilməsi həyata keçirildi. Ümumiyyətlə, Azərbaycan bu gün biznes, investisiya mühitinə görə vəziyyətin ən yaxşı olduğu ölkələr sırasındadır. Dövlətin sözügedən sahələrə dəstəyi isə onların dinamizmə əsaslanan inkişafında özünəməxsus vacib rol oynayır. Həmçinin ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində kifayət qədər böyük nailiyyətlərə imza atılıb, bu sahədə görülən işlərin miqyası davamlı şəkildə genişlənməkdədir. Ölkənin ixrac potensialının genişləndirilməsi və milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, sosial yönümlü siyasətin davamlılığının təmin edilməsi yaşanan tərəqqiyə mühüm töhfələr verməkdə, bazar iqtisadiyyatı şəraitində Azərbaycanın yeni müvəffəqiyyətlərə imza atmasını şərtləndirməkdədir.

Bütün bunlar qarşıdakı dövr ərzində Azərbaycanın qət edəcəyi iqtisadi tərəqqi yolunun yenə möhtəşəm uğurlarla müşayiət olunacağını, ölkəmizin daha böyük nailiyyətlərə imza atacağını şərtləndirən əsas faktorlar sırasında yer alır. Bunun ən ümdə səbəblərindən biri Prezident İlham Əliyevin rəhbərliyi altında  həyata keçirilən və ilk növbədə, sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar,  sosial-iqtisadi siyasətin strateji məqsədləri olaraq qarşıya qoyulmuş sərbəst bazar münasibətlərinə əsaslanan çoxşaxəli milli iqtisadiyyatın formalaşdırılması, onun dünya təsərrüfat sisteminə uğurlu inteqrasiyasının təmin olunmasıdır. Eyni zamanda, azad bazar münasibətləri şəraitində Azərbaycan iqtisadiyyatının inkişaf tempinin daha çevik hala gəlməsi üçün qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr bu gün paytaxt və regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini müvəffəqiyyətlə təmin edib.

Ümumiyyətlə, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində iqtisadi müstəqilliyini davamlı bir formada daim gücləndirən Azərbaycan bu sahədə dayanıqlı və dinamik yüksəlişini təmin edən ölkədir.  Bu məqsədlə iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi siyasəti uğurla davam etdirilib və etdirilməkdədir. Eləcə də özəl sahibkarlığın, kiçik və orta biznesin inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb, ölkədə rəqabət mühiti, iqtisadiyyatın elmi əsaslar üzərində tərəqqisi təmin olunub, vətəndaşların layiqli həyat səviyyəsinə zəmin verəcək məqbul gəlirləri təmin edən iş yerlərinin açılması iqtisadi inkişafın əsas parametrlərindən birinə çevrilib.  Ərzaq təhlükəsizliyinin təminatı sahəsində mühüm nailiyyətlərə imza atılıb, idxaldan asılılıq əhəmiyyətli dərəcədə azaldılıb və yaxın perspektivdə tam aradan qaldırılması nəzərdə tutulur. Bu kontekstdə ixrac potensialı davamlı olaraq genişləndirilir. Bütün bunlara paralel olaraq cəmiyyət, ailə və hər bir vətəndaşın sosial rifahının mütəmadi qaydada yüksəlməsi, insan kapitalının inkişafı əsas diqqət mərkəzindədir. Təsadüfi deyil ki, ölkəmizdə insanların fiziki, mənəvi, sosial tələbatlarının təminatının ildən-ilə yaxşılaşması beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir, Azərbaycan insan inkişafı indeksinə görə də dünya üzrə böyük müvəffəqiyyətlərə imza atmış dövlətlərdən biridir.

Artıq beynəlxalq miqyasda keyfiyyətcə yeni statusda qəbul olunmağa başlayan Azərbaycan sıçrayışlı inkişaf nəticəsində "aşağı gəlirli ölkələr" sırasından "orta gəlirli ölkələr" sırasına qəbul olunub. Qarşıda duran əsas hədəflərdən biri  "orta gəlirli ölkələr" sırasının daha yüksək şkalasına, bunun ardınca "yüksək gəlirli ölkələr" cərgəsinə daxil olmaqdır. "Orta gəlirli ölkələr" qrupunun daha yüksək şkalası adambaşına düşən milli məhsulun 17-18 min ABŞ dollarına çatdırılmasıdır. 2010-cu ilin yekunlarına əsasən Azərbaycanda bu səviyyə 10 min dollardan artıqdır. Azərbaycan iqtisadiyyatının ildə təxminən 7-8 faiz artmasının təmin olunması isə reallığa kifayət qədər yaxın olduğundan və bundan əvvəl əldə etdilən nəticələr də bunu təsdiq etdiyindən yaxın vaxtlarda Azərbaycanın "orta gəlirli ölkələr" sırasının daha yüksək şkalasında yer alacağı şübhə doğurmur.

BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində qeyd olunur ki, 1950-ci ildən sonra belə bir inkişafa 13 ölkə nail olub. İndi Azərbaycanın tam imkanı vardır ki, 14-cü dövlət qismində çıxış etsin.

Bunun üçün ölkədə hər bir şərait var: ilk növbədə, son 10 ildə görülmüş işlər, yaranmış potensial və təcrübə, ən başlıcası, uzunmüddətli siyasi sabitlik, siyasi inkişaf və Prezident İlham Əliyevin simasında müasir dünya baxışları olan güclü liderin olması. Bütün bunlar ölkəmizin "yüksək gəlirli ölkələr" cərgəsinə daxil olmaq perspektivinin də elə uzaqda olmadığını deməyə əsas verir.

Qeyd edilənlər bir daha təsdiq edir ki, həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam xalqın sosial rifahının daha da yaxşılaşdırılması fonunda Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etməkdir. Bu, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Qazanılan uğurlar, o cümlədən iqtisadi sahədə keçid dövrünün sona yetməsi təbii olaraq Azərbaycanın qarşısında yeni mühüm vəzifələr qoyur. Bu vəzifələrin ən vaciblərindən biri isə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasının təmin edilməsidir.

Məlumdur ki, inkişaf etmiş ölkələr üçün əsas göstəricilərdən biri əhalinin yüksək həyat səviyyəsidir. Qeyd edilən kateqoriya üzrə hazırda postsovet məkanında ən yüksək göstəricilərdən biri Azərbaycana məxsusdur. Hətta dünyanın nüfuzlu nəşrlərindən hesab edilən "İnternational Living" jurnalı ölkələrin 2009-cu il üçün kateqoriyalar üzrə reytinq göstəricilərinə dair hesabatda Azərbaycanın MDB və region ölkələri arasında ən güclü iqtisadiyyata malik olduğunu və həyat səviyyəsinin MDB-də ən yüksək yerlərdən birində durduğunu bildirib. Jurnalın həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə apardığı araşdırmalar 194 ölkəni əhatə edib və bu sahələr üzrə hər bir ölkə 100 ballıq sistemlə qiymətləndirilib.

İnsan inkişafı indeksi baxımından Azərbaycan yüksək nailiyyətlərin müəllifi kimi çıxış edir. Belə ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində inkişafın mühüm bazası və göstəricisi olan insan kapitalının formalaşdırılmasına hər zaman xüsusi diqqət yetirilir. BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatından da aydın görünür ki, Azərbaycan bu istiqamətdə hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti - Çin və Hindistanı da arxada qoyub. 2010-cu ilin sonunda Bakıda təqdimatı keçirilən hesabat dünyanın 169 ölkəsini əhatə edir. Hesabatdan aydın olur ki, son 5 ildə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə imza atan ölkə kimi çıxış edir və bunun nəticəsidir ki, 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlib. O da sevindirici haldır ki, Azərbaycan 2000-2010-cu illər dövründə  postsovet məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə nail olub. Nəticədə Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil edilib.

Bu, bir daha təsdiq edir ki, inkişaf etmiş ölkələrə xas olan əsas cəhətlərdən biri kimi  ölkəmizdə indi insanlar daha sağlam və uzunömürlü həyat sürür, həmçinin daha yüksək səviyyədə təhsil ala bilir və daha çox məhsul və xidmət növlərindən istifadə etmək imkanına malikdirlər. Beləliklə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə  həyata keçirilən siyasət Azərbaycanın ümumi tərəqqisini daha sürətli etməklə yanaşı, həm də ölkə vətəndaşlarının həyat səviyyəsinin davamlı olaraq yüksəlməsinə yol açır. Ölkə rəhbərinin dəqiq düşünülmüş iqtisadi siyasəti sayəsində davamlı xarakterə malik iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanda sosial həyat və iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlər əldə edilir. Bu isə yaxın perspektivdə Azərbaycanda yoxsulluq probleminin də tamamilə həll ediləcəyini, insanların maddi rifah halının daha da yüksələcəyini qətiyyətlə deməyə əsas verir.

Azərbaycanın insan inkişafı sahəsində qazandığı uğurları şərtləndirən daha bir mühüm məqam ölkənin zəngin resurslarının intellektual potensiala çevrilməsi ilə əlaqədar görülən məqsədyönlü işlərdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətində duran ən önəmli cəhətlərdən biri məhz ölkəmizin mövcud təbii resurslarının intellektual potensiala çevrilməsi prosesini sürətləndirməkdir. Bu məqsədlə son illərdə 1200-dən çox orta məktəb binası tikilib istifadəyə verilib, onların maddi-texniki bazası müasir standartlara uyğun şəkildə qurulub. Eyni zamanda, gənc nəslin intellektual səviyyəsinin artırılması və yeni texnologiyalara yiyələnməsi üçün 2007-2015-ci illəri əhatə edən xüsusi dövlət proqramı çərçivəsində 5000 azərbaycanlı tələbənin dünyanın aparıcı universitetlərində təhsil alması işinə başlanıb. Bu isə Azərbaycan gənclərinin intellektual potensialının daha da gücləndirilməsi, nəticədə ölkəmizin siyasi və iqtisadi sferalarda yeni zirvələri fəth etməsi deməkdir.

Hazırda Azərbaycanda bazar iqtisadiyyatının bəşəri prinsiplər əsasında fəaliyyətinin təmin edilməsi nəticəsində hər bir vətəndaşın ümumi sərvətlərdən bəhrələnməsi, cəmiyyətdə gedən proseslərə inteqrasiyası və fərdi kreativliyi daha da güclənir. Azərbaycanın inkişafının dinamik xarakteri, özünü hər bir fərdin həyatında əks etdirməsi isə bu prosesin daha sürətlə reallaşmasına rəvac verir. Qeyd olunduğu kimi, ölkəmizdə insanların fiziki, mənəvi, sosial tələbatlarının təminatının ildən-ilə yaxşılaşması beynəlxalq səviyyədə də açıq etiraf edilir, bu sahədə Azərbaycanın nümunəvi dövlət olduğu vurğulanır. Həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərin inkişaf dinamikasına diqqət yetirməklə də bunun real təsdiqini görmək mümkündür. Son bir neçə ilin təhlili göstərir ki, Azərbaycanda əhalinin adambaşına düşən gəlirlərinin miqdarı, istehlak edilən məhsulların, göstərilən xidmətin həcmi davamlı olaraq artıb, keyfiyyət göstəriciləri daha da yaxşılaşıb. Eyni zamanda, mənzillə təminat, kommunal xidmətlərin müxtəlif növləri, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə göstərilən xidmət kəmiyyət və keyfiyyət etibarilə əhəmiyyətli dərəcədə yüksəlib.

Bununla yanaşı, məşğulluq səviyyəsinin, əmək şəraitinin yaxşılaşdırılması, insan hüquqlarının müdafiəsi sahəsində də qazanılan uğurların miqyası durmadan genişlənir. Ölkəmizdə insanların sabit, təhlükəsiz şəraitdə yaşaması, maddi gəlirlərinin artması və digər bu kimi hallar demoqrafik göstəricilərə də müsbət təsir göstərib. Ötən illərin müqayisəli təhlili göstərir ki, Azərbaycanda həyatın davamlılığı sahəsində vəziyyət müsbətə doğru dəyişir və orta yaş həddi artır. Bütün bunlar bir daha dinamik inkişaf edən Azərbaycanın uğurlu tərəqqisinin bilavasitə insanların həyatında da özünü əks etdirdiyini bariz şəkildə nümayiş etdirir. Elə bunun nəticəsidir ki, Azərbaycan insan inkişafı indeksinə görə də dünya üzrə böyük müvəffəqiyyətlərə imza atmış dövlətlər sırasındadır. Həqiqətən də, insan inkişafı indeksini özündə ehtiva edən bütün göstəricilərə, o cümlədən əhalinin savadlılıq səviyyəsinə, uzunömürlülüyə, alıcılıq qabiliyyətinin yüksəlməsinə diqqət yetirdikdə ciddi tərəqqi aydın görünür.

İnkişaf etmiş ölkələr üçün əsas xarakterik cəhətlərdən olan ümumi daxili məhsulun yüksək həcmi sahəsində də Azərbaycan mühüm nailiyyətlər qazanıb və bu sahədə davamlı yüksəliş nümayiş etdirir. İstehsal, kapitallaşma, elmtutmulu sahələrin, sənayenin sürətli inkişafı kimi xarakterik cəhətlər baxımından Azərbaycan inkişaf etmiş dövlətlər sırasına daxil olmaq istiqamətində əsaslı uğurlar qazanan dövlətlərdən biridir.  Bu kontekstdə o da nəzərə alınmalıdır ki, ərazi bütövlüyünün pozulmasına, təcavüzə məruz qalmasına, 1 milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq Azərbaycan hər hansı xarici yardıma ehtiyac duymur. Əksinə, ölkəmiz tədricən donor dövlətə, beynəlxalq miqyasda aparıcı investorlardan birinə çevrilir. Azərbaycan həm də o azsaylı ölkələrdəndir ki, özünün enerji, nəqliyyat, ərzaq təhlükəsizliyini uğurla təmin edir. İqtisadi sferada keçid dövrü başa çatdıqdan sonra sosial-iqtisadi inkişafın yeni mərhələsində Azərbaycan özünün nəqliyyat,  enerji, ərzaq və ekoloji təhlükəsizliyinin daha da gücləndirilməsi üçün sistemli tədbirlər həyata keçirməkdə davam edir. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası üçün görülən işlərin miqyası genişləndirilməkdə, innovativ metodlardan istifadə olunmaqda, intensiv üsulların tətbiqinə diqqət daha da atırılmaqdadır. İstər sənaye, istər kənd təsərrüfatı, istərsə də yeni istehsal sahələrinin yaradılması və bu zaman qabaqcıl elmi texnologiyadan istifadəyə xüsusi diqqət yetirilməsi, elmi texniki tərəqqinin nailiyyətlərindən istifadə olunması, həmçinin ölkə daxilində elmi tutumlu sahələrin yaradılması iqtisadi inkişafda keyfiyyət amilinin daim ön planda tutulmasını təmin edən əsas cəhətlərdən birinə çevrilib. Bazar iqtisadiyyatı üçün səciyyəvi olan qanunvericilik bazasının daha təkmil hala gətirilməsi, müəssisələrin təsərrüfat fəaliyyətində sahibkarlıq subyektlərinə geniş imkanlar verilməsi, mülkiyyətin çoxnövlülüyünün təminatı, qiymətlərin, eləcə də xarici ticarətin liberallaşdırılmasına yol açan institutsional islahatlar yeni inkişaf mərhələsində Azərbaycana növbəti böyük uğurlar qazandıraraq müvafiq bazanın formalaşmasında zəruri rol oynayıb və oynamaqdadır. Ölkəmizdə maliyyə və kapitalın azad hərəkəti, qiymətli kağızlar, sığorta, lizinq, fond birjalarının inkişafı, idxal-ixrac əməliyyatlarının genişlənməsi, tədiyyə balansında bir qayda olaraq müsbət saldonun qeydə alınması,  xarici iqtisadi fəaliyyət prosedurlarının sadələşdirilməsi, qlobal iqtisadiyyatda milli mənafelərin qorunması ilə uğurlu inteqrasiya  və digər amillər Azərbaycanın inkişafını dinamikləşdirən mühüm cəhətlərdir.

İntellektual potensialın formalaşdırılması və onun inkişafının xüsusi diqqət mərkəzində olması, sosialyönümlü siyasətin prioritet istiqamət təşkil etməsi şübhəsiz ki, yeni mərhələyə qədəm qoymuş iqtisadi tərəqqinin Azərbaycan xalqının bu sahədə intibahına müsbət təsir göstərəcək. Ölkəmizin baş qanununda da deyildiyi kimi, "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir". Bütün bunlar Azərbaycana kifayət qədər parlaq gələcək, daha sürətli inkişaf tempi və yeni möhtəşəm uğurlar vəd edir.

Uğurlara Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olması kimi mühüm bir nəticənin də əlavə olunacağı şübhə doğurmur. Perspektivdə bunun yüksək inkişaf etmiş ölkə kateqoriyası ilə əvəzlənəcəyi istiqamətində də müvafiq addımlar atılması üçün lazımi potensialın ortaya qoyulacağı gözləniləndir. Bu, Şərq dünyasında Yaponiyadan sonra ölkəmizin ikinci belə dövlət statusu daşıyacağına da bir əminlik yaradır.

Beləliklə, qeyd edilənlərə əsasən, Azərbaycanın artıq inkişaf etmiş ölkələr kateqoriyasına daxil edilmə perspektivinin yaxın tezlikdə kifayət qədər yüksək olma ehtimalını aşağıdakı meyarlara əsasən qeyd etmək mümkündür: ölkəmizdə ümumi və adambaşına düşən ümumi daxili məhsulun miqdarı, həyat səviyyəsi və standartının yüksək səviyyəsi ilə ifadə olunan sosial-iqtisadi tərəqqi artıq inkişaf etmiş dövlətlərin müvafiq göstəricilərinə  olduqca yaxındır və tezliklə onlarla bərabər səviyyədə olacaq; iqtisadi sahədə keçid dövrünü başa vurduqdan sonra Azərbaycan təsərrüfatçılığın bazar iqtisadiyyat sisteminə uyğun qurulmasını təmin edib və bu, inkişaf etmiş ölkələrə xas olan əsas xüsusiyyətlərdən biridir; bu gün Azərbaycan iqtisadiyyatı inkişafa töhfələr verəcək qanunvericilik tələblərinə uyğun istənilən təşəbbüsə açıqdır, xarici investisiyaların ölkəyə gəlişinə, daxili sərmayələrin miqdarının davamlı artımına hər cür şərait yaradılıb. Artıq ümumi daxili məhsul istehsalında özəl sektorun payı 85 faizi keçir. İstər özəl, istərsə də dövlət istehsalının məcmu həcminin artan xətt üzrə inkişafı ölkə iqtisadiyyatının dinamik inkişafda olduğunu göstərməklə yanaşı, onun yüksək effektivliyinin mühüm göstəricisdir; Azərbaycanda ümumi daxili məhsul istehsalında xidmət sferasının payının sənaye və kənd təsərrüfatına nisbətən sürətli artımı respublikamızı inkişaf etmiş ölkələr kateqoriyasına yaxınlaşdıran daha bir vacib amil kimi çıxış edir; sənayedə emal və material tutumlu sahələrdən yüksək texnologiyalara əsaslanan, elmi texniki tərəqqinin nailiyyətlərinə söykənən istehsal  sferalarına keçid istiqamətində qazanılan nailiyyətlər də Azərbaycanın inkişafında yeni bir mərhələnin təzahürü sayılır. Bu amil məhz inkişaf etmiş ölkələri xarakterizə edən əsas xüsusiyyətlərdən biridir; həyata keçirilən məqsədyönlü siyasət sayəsində kənd təsərrüfatı istehsalında kifayət qədər ciddi uğurlara imza atılıb, ilk növbədə, burada istehsalın mexanikləşdirilməsi həyata keçirilib. Görülən digər tədbirlər məhsuldarlığın yüksək səviyyədə olmasına gətirib çıxarmaqdadır. Bunun nəticəsində ölkənin ərzaq tələbatının təminatında yerli istehsalın payı əhəmiyyətli dərəcədə artıb və inkişaf etmiş ölkələrdə olduğu kimi, yaxın gələcəkdə bütün əsas kənd təsərrüfatı məhsullarına olan tələbat məhz yerli istehsal hesabına ödəniləcək. Artıq kənd təsərrüfatında strateji sayılan əksər məhsulların yüz faizi yerli istehsalın payına düşür. Həmçinin tələbatdan artıq istehsal olunan məhsullar ixraca yönəlir. Beləliklə, inkişaf etmiş ölkələrin əksəriyyətində  olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatının iqtisadiyyatın ixrac sektoruna çevrilməsi prosesi gedir.

Bütün bunlar bir daha tezliklə Azərbaycanın adının inkişaf etmiş ölkələr sırasında olacağından xəbər verir. Əslində, artıq bəzi beynəlxalq təşkilatlar Azərbaycanı inkişaf etmiş ölkə qismində qəbul edir. Məsələn, Ümumdünya Ticarət Təşkilatı Azərbaycanın tərəqqi göstəricilərini əsas gətirərək onun məhz inkişaf etmiş ölkə statusunda bu quruma daxil olmasını israr edir. Əldə edilən nailiyyətlər yaxın perspektivdə digər müvafiq beynəlxalq təşkilatlar və iqtisadiyyat institutları tərəfindən də Azərbaycanın analoji statusla qəbul edilməsini istisna etmir. Bundan sonra isə ölkəmizin qarşısında duracaq yeni hədəf yüksək inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır ki, bu missyanın da uğurla yerinə yetiriləcəyini tam əminliklə demək olar. 

 

 

Azərbaycan.- 2012.- 8 aprel.- S. 2.