İnkişaf
konsepsiyası bəhrəsini verir
Prezident İlham Əliyevin 30 oktyabr 2011-ci ildə Ağdaşa səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu barədə danışılmışdır. Həmin səfər zamanı dövlət başçısı şəhərin mərkəzində yerləşən Heydər Əliyev abidə-kompleksində aparılan yenidənqurma işləri ilə tanış olmuş, Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin və Dünya Bankının maliyyə vəsaiti hesabına inşa edilmiş 100 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının açılış mərasimlərində iştirak etmişdir. Ölkə rəhbərinin görülən işlərlə bağlı razılığını bildirməsi, Ağdaşın müasir rayona çevrilməsini xüsusi vurğulaması sakinlərin işgüzarlığını, qurub-yaratmaq əzmini daha da artırmışdır.
Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası Ağdaşı daha da gözəlləşdirir. Rayon sakinlərinin sosial rifah halı daha da yaxşılaşır, insanlar dövlətin onlara göstərdiyi qayğını yüksək qiymətləndirməklə yanaşı, quruculuq işlərində fəal iştirak edirlər.
Əhalinin təbii qaz yanacağı, elektrik enerjisi ilə təminatı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ağdaş şəhərində, Ləki qəsəbəsində və rayonun 10 kəndində müxtəlif ölçülü 47 min p/m uzunluğunda qaz xətti yeniləşdirilib. Yuxarı Ləki, Orta Ləki və Aşağı Ləki kəndlərinə müxtəlif ölçülü plastik və polad borular vasitəsilə 27.6 min p/m uzunluğunda qaz xətləri çəkilib. Güvəkənd, Əmirarx, Tofiqi, Əmirmahmud və Qarağan-Saatlı kəndlərinin də qazlaşdırılması üçün əməli işlər görülüb.
50 kilometrə yaxın məsafədə elektrik xətti əsaslı və cari təmir olunub. Kükəl kəndi ərazisində 220/110 kilovoltluq 2x125 meqavat gücündə Ağdaş Regional Elektrik Yarımstansiyasının tikintisi davam edir.
Ağdaşda iqtisadiyyatın inkişafına nail olmaq üçün həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Rayonda ümumi məhsul istehsalı 5,6 dəfə, sənaye məhsulu istehsalı 3,5 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı isə 3,8 dəfə artıb.
Son səkkiz
ildə rayonda 5 min 745-i daimi olmaqla 15 min 638 yeni iş yeri
açılıb.
Regionların
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramının icrasının
üçüncü ilinin yekunlarına həsr olunmuş
konfransda Prezident İlham Əliyev sahibkarlığın
inkişafı ilə bağlı demişdir: "Mən
bütün icra orqanlarının rəhbərlərinə
demişdim, bu gün də deyirəm ki, sahibkarlarla bir yerdə
olun, onlara kömək edin, onların işinə
qarışmayın, onlara maneçilik törətməyin.
Ölkəmizin inkişafı sahibkarlığın
inkişafından asılıdır. Biz bu istiqaməti
seçmişik və bu istiqamət bizə uğurlar gətirir".
Sahibkarlığın
inkişafı üçün Ağdaş rayonunda da hər
cür şərait yaradılır. Sahibkarlar səmərəli
fəaliyyətləri ilə rayonun sosial-iqtisadi
inkişafına öz töhfələrini verməyə
çalışırlar.
Ötən
il Sahibkarlığa Kömək Milli Fondundan 18 sahibkar 237 min
manat uzunmüddətli kredit alıb. Rayonda fəaliyyət
göstərən 6 bank və bank olmayan kredit təşkilatları
tərəfindən 7 milyon 752 min manat (bir il əvvələ
nisbətən 23 faiz çox) qısamüddətli kredit də
sahibkarların fəaliyyətlərinin genişləndirilməsinə
imkan yaradıb. Rayonda bir yeni bank təşkilatının
filialının açılması da sahibkarlığa maliyyə
dəstəyinin artırılmasına kömək edir.
Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə Ərəbocağı kəndinin ərazisində 1200 başlıq südçülük istiqamətli heyvandarlıq kompleksinin və 80 başlıq atyetişdirmə məntəqəsinin tikintisi davam edir. İki yaşayış kompleksinin, bir istirahət mərkəzinin və bir şadlıq sarayının tikinti işləri də öz axarındadır. Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, son illər Ağdaşda sahibkarlar tərəfindən 230-a qədər müəssisə və obyekt inşa edilib. Sahibkarlığa göstərilən diqqətin nəticəsidir ki, rayonda istehsal olunmuş ümumi məhsulun 95,6 faizi, sənaye məhsulunun isə 93,4 faizi özəl sektorun payına düşür.
Yerli kənd təsərrüfatı məhsulları
istehsalçıları da dövlət dəstəyini daim
hiss edirlər. Bunun nəticəsidir ki, aqrar sahədə
mühüm nəticələr qazanılır. Bir az da dəqiq
desək, 2003-cü ildən bəri rayonda taxıl, tərəvəz,
bostan məhsulları, meyvə istehsalı orta hesabla 50 faiz
artıb. Bu da kənd təsərrüfatı sahəsinə
aid olan gəlirlərin 6 dəfə çoxalmasına imkan
verib.
Söhbət zamanı RİH-in başçısı Rafiq Niftəliyev bildirdi ki, bir neçə bölgəni əhatə edəcək kənd yerlərinin kompleks inkişafı layihəsinə Ağdaş da qoşulub. Layihə rayonun 9 min hektarda şoranlaşmış torpaq sahəsinin yuyularaq əkin dövriyyəsinə qaytarılmasını təmin edəcəkdir. Suvarılan sahələr bitkiçilik və heyvandarlıq sahələrindən yüksək məhsuldarlığın əldə edilməsi üçün stimul verir.
Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm işlər görülür. Heydər Əliyev Fondu tərəfindən Pirkəkə kəndində 200 yerlik yeni məktəb binası tikilib, Maqsud Şeyxzadə adına Təbiət, Texniki və Humanitar Fənlər Təmayüllü Gimnaziyanın binası əsaslı təmir edilib. Habil Əliyev adına Musiqi məktəbi üçün yeni bina inşa edilərək ən müasir avadanlıqlarla təchiz olunub.
Son səkkiz ildə rayonda ümumi yeri 1564 olmaqla 6 yeni məktəb binası, 840 şagirdlik 42 əlavə sinif otağı tikilib. Bir çox məktəb binalarında isə əsaslı təmir və yenidənqurma işləri görülüb.
Ağdaşlılar bu ildə çox yeniliklər gözləyirlər. Şəhərin su-kanalizasiya şəbəkəsi, Ləki qəsəbəsinin su-kanalizasiya xətləri yenidən qurulur. Şəhər ərazisində çoxmənzilli yaşayış binalarının əsaslı təmir olunması, küçələrin asfaltlaşdırılmasının davam etdirilməsi, kəndlərarası yollara asfalt döşənməsi, 46 kənddə sutəmizləyici qurğuların quraşdırılması, aztəminatlı ailələr və əlillər üçün çoxmənzilli yaşayış binalarının tikintisi və sair məsələlərin ünvanı məhz 2012-ci ildir. Ağdaşlılar əmindirlər ki, dövlət qayğısı sayəsində hər bir işin öhdəsindən layiqincə gələcəklər.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2012.- 8 aprel.- S. 3.