Vətənimizin sabahı üçün layiqli nəsil yetişdirək

 

 Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində Prezident İlham Əliyev keçilmiş yolu, qazanılmış möhtəşəm nailiyyətləri ətraflı şəkildə təhlil etməklə yanaşı, qarşıdakı dövrdə məktəb binalarının tikintisinə də xüsusi diqqət yetirib.  Prezidentin nitqində deyilir: "Birinci Proqram qəbul olunandan sonra ölkəmizdə 2300-dən çox yeni məktəb tikilmişdir. Keçən il 200-dən çox məktəb tikilmiş və təmir edilmişdir. Bu il isə 400-dən çox məktəb tikiləcək və əsaslı təmir ediləcəkdir". Sözügedən dövlət qayğısından Ağcabədi rayonuna da yetərincə pay düşür.

Xalqımızın ümummilli lideri Heydər Əliyev təhsili millətin gələcəyi adlandırmışdır. Ulu öndərin bu yanaşması ölkənin çoxsaylı təhsil işçilərinin fəaliyyətinə aydın istiqamət vermiş, dövlətimizin və xalqımızın işıqlı sabahı naminə çalışan müəllimləri savadlı, vətənpərvər, yüksək intellektual səviyyəyə malik yeni nəsil yetişdirmək uğrunda mübarizəyə səfərbər etmişdir. Həyatımızın bu mühüm sahəsinə dövlətin davamlı və yetərli qayğısı qazandığımız uğurların əsas şərtidir. Uğurlar isə kifayət qədər çoxdur, fərəhlidir.

Ölkəmizin böyük iqtisadi potensiala malik aqrar rayonlarından olan Ağcabədi son illər dinamik inkişaf yolundadır. Rayonun sosial-iqtisadi həyatının bütün sahələrində baş verən yüksəliş diqqət çəkir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 2011-ci il mayın 6-da bu rayona səfəri zamanı bir neçə yeni müəssisə və obyektin açılışında iştirak etdi. Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi, rayon mədəniyyət evi ilə tanış oldu, yeni inşa olunan şahmat məktəbinin açılışında, mərkəzi rayon xəstəxanası üçün yeni binanın təməlqoyma mərasimində iştirak etdi. Dövlət başçısı yeni süd zavodunun, "Atena" süd məhsulları kombinatının, yenidən qurulan 24 kilometrlik Ağcabədi-Qaradolaq-Kəbirli yolunun açılışında da oldu. Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə görülən işləri yüksək qiymətləndirərək dedi: "Ağcabədi rayonunda aparılan quruculuq-abadlıq işləri məni sevindirir. Çox şadam ki, burada işlər yaxşı gedir, böyük işlər görülür. Rayonlar, kəndlər abadlaşır, sosial məsələlər öz həllini tapır. Belə olan halda əlbəttə ki, həm rayon inkişaf edəcək, həm də ölkəmiz qabağa gedəcək. Bu gün Ağcabədidə həm sosial, həm də iqtisadi məsələlər öz həllini tapır. Böyük süd kompleksləri tikilir. Orada yüzlərlə yeni yerləri açılır. Məktəblər tikilir, xəstəxana tikiləcək, böyük xəstəxananın təməl daşı qoyulacaqdır. Parklar salınır, olimpiya kompleksləri tikilir, kənd yolları çəkilir, yəni bütün şərait yaradılmalıdır. Hər bir rayonda, xüsusilə Ağcabədi kimi böyük rayonda bütün bu işlər lazımi səviyyədə aparılmalıdır. Kənd yollarının tikintisi isə bundan sonra da davam edəcəkdir. Biz çalışmalıyıq ki, bütün kəndləri belə gözəl yollarla birləşdirək".

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında rayon üçün nəzərdə tutulan tədbirləri müvəffəqiyyətlə reallaşdıran Ağcabədi rayonunda digər sahələrlə paralel olaraq təhsil də yeni inkişaf mərhələsinə daxil olmuşdur. Rayonun təhsil şöbəsinin müdiri Mehdi Əhmədov bildirir ki, son illər rayonda təhsilin maddi-texniki bazasını möhkəmləndirmək, tədrisin keyfiyyətini müasir tələblər səviyyəsinə qaldırmaq istiqamətində bir sıra zəruri görülmüşdür. Dövlətin qayğısından məqsədyönlü şəkildə bəhrələnən,  Prezident İlham Əliyevin Qarabağın bu dilbər guşəsinə xüsusi münasibətindən güc alan rayon rəhbərliyinin gündəlik qayğı və diqqətinin məntiqi nəticəsidir ki, Ağcabədi təhsili son bir neçə ildə çox uğurlu inkişaf yolu keçmişdir. Son 8 ildə rayonda 8180 şagird yerlik 29 yeni məktəb binası tikilmişdir. Heydər Əliyev Fondunun xətti ilə "Yeniləşən Azərbaycana yeni məktəb" devizi altında 6, Dövlət Proqramı çərçivəsində 13, qeyri-hökumət təşkilatlarının xətti ilə 10 yeni məktəb binası inşa olunaraq istifadəyə verilmişdir. Şəhər 1, 9, 11,12 saylı, Pərioğullar, 2 saylı Avşar kənd, 3 saylı Hindarx qəsəbə, Aşağı Avşar kənd orta məktəbləri əsaslı təmir olunmuşdur. Mehdi Əhmədov deyir ki, məktəblərin hamısı müasir avadanlıqlarla təmin edilmişdir. Ağcabədinin təhsil həyatında unudulmayan əlamətdar bir hadisədir ki, keçən il mayın 6-da rayona səfər edən Azərbaycan Prezidenti İlham Əliyev bütün regionda bənzəri olmayan şahmat məktəbinin açılışında iştirak etmişdir. İndi heç kəsdə zərrə qədər də şübhə yoxdur ki, ən yaxın zamanlarda Ağcabədi şahmat məktəbinin yetirmələrinin sorağı beynəlxalq turnirlərdən gələcəkdir. Şəhidlərin xatirəsini əbədiləşdirmək, məktəblilər arasında vətənpərvərlik hisslərini təbliğ etmək, bölgələrdə şahmatı daha da inkişaf etdirmək məqsədilə Təhsil Nazirliyində təsdiq edilmiş təqvim planına əsasən 25 fevral - 5 mart 2012-ci il tarixində Ağcabədidə Xocalı soyqrımı şəhidlərinin xatirəsinə həsr edilmiş respublika şahmat turniri keçirilmişdir. Bu tədbirin rayonda şahmatın inkişafına əhəmiyyətli təsiri şəksizdir.

Respublika Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramın"da nəzərdə tutulan vəzifələri əsas götürən rayon təhsil şöbəsi rayonun ümumtəhsil məktəblərində oxuyan istedadlı uşaq və gənclərlə aparılan işə xüsusi diqqət yetirir. Hər il rayonun istedadlı gəncləri ilə rayon icra hakimiyyəti başçısının görüşlərini keçirmək artıq ənənəyə çevrilmişdir. Bu görüşlərdə istedadlı uşaqlar rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılırlar.

Mehdi Əhmədovun sözlərinə görə, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı proqramı"na əsasən rayonun ümumtəhsil məktəbləri 624 ədəd kompyuterlə təmin edilmişdir. I-XI siniflərdə təhsil alan 19180 nəfər şagirdin hər 31 nəfərinə 1 kompyuter düşür. 17 ümumtəhsil məktəbi və təhsil şöbəsi internet şəbəkəsinə qoşulmuşdur.

Məzunların aliorta ixtisas məktəblərinə qəbulu hər bir məktəb rəhbərini, hər bir valideyni düşündürən əsas məsələlərdəndir. Keçən ilki məzunlardan 196 nəfəri müxtəlif ali məktəblərə qəbul olunmuşdur. Bu, Ağcabədi təhsilinin tarixində rekord nəticədir. Keçən il yeni dərs ili ərəfəsində rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov tələbə adı qazanmış gənclərlə görüş keçirmiş, 500-dən yuxarı bal toplayan 29 nəfər tələbəyə "Fəxri fərman" və qiymətli hədiyyələr təqdim etmişdir.

Rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədov onu da bildirir ki, dövlətimizin ildən-ilə artan iqtisadi gücü təhsilin inkişafına, onun maddi-texniki bazasının müasir tələblər səviyyəsində möhkəmlənməsinə təkan verir. Ağcabədidə məktəb tikintisinin geniş vüsət alması hər kəsdə böyük razılıq və minnətdarlıq hissi doğurur. Hazırda şəhər 3 saylı məktəb-lisey üçün 960 yerlik, Qaraxanlı və Şərəfxanlı kənd məktəblərinin hər biri üçün 180 yerlik, Aran kənd  2 saylı məktəbi üçün 80 şagird yerlik binaların tikintisi müvəffəqiyyətlə davam etdirilir. Bu il 480 yerlik Rəncbərlər, 260 yerlik Qiyamadınlı, 540 yerlik Təzəkənd, 220 yerlik Aran kənd 1 saylı, 480 yerlik Qaravəlli, 180 yerlik Biləğan, 320 yerlik Avşar kənd 3 saylı, Ağabəyli və Mehrablı kənd məktəbləri üçün hər biri 80 yerlik yeni binaların, şəhərdə 150 yerlik uşaq bağçasının inşasına başlanacaqdır. Bu göz önündə qeyri-adi mənzərə yaradır. Təkcə məktəb binalarının tikintisi hesabına Ağcabədi böyük inşaat meydanına çevriləcəkdir. Rayonun təhsil işçiləri bunu dövlətin böyük qayğısı kimi hədsiz sevinclə qarşılayır. Eyni zamanda onlar üzərlərinə düşən şərəfli vəzifənin məsuliyyətini yüksək qiymətləndirirlər. Bütün qüvvə və bacarıqlarını səfərbər edərək çalışırlar ki, vətənin sabahı üçün layiqli nəsil yetişdirsinlər. Elə övladlar ki, onlar doğma vətəni canlarından artıq sevsinlər, dövlətə, Prezidentə həmişə sədaqətli olsunlar.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2012.- 8 aprel.- S. 3.