Yetirmələri
ilə fəxr edən məşqçi
Söhbət Astara
Uşaq Gənclər İdman
Məktəbinin sərbəst güləş üzrə məşqçi-müəllimi,
idman ustası Məhərrəm
Ağayevdən gedir
2012-ci il "İdman ili"dir
Məhərrəm Ağayev 1973-cü ildə Astara rayonunun Ərçivan kəndində dünyaya göz açıb. Bu kənddəki 1 saylı orta məktəbin hələ 4-cü sinfində oxuyarkən idmanın sərbəst güləş növü ilə məşğul olmağa başlayıb. Məhərrəmin idmana gəlməsində güləşlə məşğul olan böyük qardaşı Aslanın xüsusi rolu olub. 6-cı sinifdən isə Bakı Olimpiya Ehtiyat İdman Məktəbində təhsilini və məşqlərini davam etdirib. 1992-ci ildə həmin məktəbi bitirib. İlk uğuru rayon çempionu adını qazanması olub. Sonra ölkədaxili turnirlərində iştirak edib, qaliblər sırasında yer tutub. Rusiyada, Türkiyədə, Özbəkistanda keçirilən yarışlara qatılıb. SSRİ çempionu adına layiq görülüb.
2002-ci ildə Sankt-Peterburq Dövlət Bədən Tərbiyəsi Universitetinə daxil olub və 2006-cı ildə ali təhsilini başa vurub. Məşqçilik fəaliyyətinə isə Astara Uşaq Gənclər İdman Məktəbində başlayıb. Qazandığı nailiyyətlərə görə 1991-ci ildə idman ustası adına, məşqçi kimi uğurlu fəaliyyətinə görə 2008-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən əməkdar məşqçi fəxri adına layiq görülüb.
2001-ci ildən məşqçilik fəaliyyəti ilə məşğuldur. Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının üzvü, şöhrətli idmançı Cəbrayıl Həsənovun ikinci məşqçisi olub. Qardaşı Aslan Ağayev isə C.Həsənovun fərdi məşqçisidir. Məhərrəm Ağayev yetirmələri ilə fəxr edir. Onlardan Ehtiram Ağayev, Elşad Ağayev, İlqar Ağayev, Elvin Qasımov, Gündüz İmrəliyev, Araz Süleymanov, Loğman Ağayev və başqaları respublika yarışlarında həmişə 1-2-ci yerləri tuturlar. Hazırda məşqçilik etdiyi qrupda 25 gənc sərbəst güləşin sirlərinə yiyələnir. 110 nəfərlə isə fərdi qaydada məşğul olur. Onların ustalıq səviyyəsini yüksəltmək üçün əlindən gələni əsirgəmir və bu idmançıların gələcəkdə böyük uğurlar qazanacaqlarına əmindir.
Əməkdar məşqçi Tofiq Həmidovun rəhbərlik etdiyi Astara Uşaq Gənclər İdman Məktəbində Məhərrəm Ağayev kimi məşqçilər çoxdur. Odur ki, məşqlər lazımi səviyyədə keçir. M.Ağayevin yetirmələrindən Loğman Ağayev ötən il iki nailiyyət əldə etmişdir: Ukraynanın paytaxtı Kiyev şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə və Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş respublika zona yarışında birinci yeri tutmuşdur. Loğmanın bu uğurlarında məşqçi M.Ağayevin əməyi böyükdür və müəllim öz yetirməsi ilə fəxr edə bilər.
Göründüyü kimi, son illər, xüsusilə ötən il astaralı idmançılar, o cümlədən güləşçilər bir sıra uğurlar qazanmış, ölkədə idmanın inkişafına layiqli töhfə vermişlər. Güləş üzrə üçqat Avropa çempionu Aslan Ağayevin şöhrətli idman yolunu London Olimpiadasına lisenziya qazanmış Cəbrayıl Həsənov, dünya çempionatında 3-cü yeri tutmuş Sona Əhmədli, bir sıra mötəbər yarışlarda qalib adını qazanmış Loğman Ağayev və başqaları müvəffəqiyyətlə davam etdirirlər.
Astarada idman inkişaf edir. İnamla demək olar ki, bu torpağın gəncləri 2012-ci "İdman ili"ndə də yeni-yeni qələbələr qazanacaqlar.
S.CAVADOV
Azərbaycan.- 2012.- 8 aprel.- S. 3.