İnfrastruktur layihələrinin icrası diqqət mərkəzindədir

 

Builki qışın həddindən artıq sərt keçməsi 17 nömrəli Zaqatala Yol İstismarı İdarəsi işçilərinin də qayğılarını birə-beş artırıb. İdarənin baş mühəndisi Məmməd İbrahimxəlilovun verdiyi məlumata görə, qışda nəqliyyatın hərəkətinin davamlılığını təmin etmək üçün yollara 800 kubmetr qum, 20 tondan artıq duz səpilib.

Bu işlərin vaxtında görülməsi Zaqatala yollarının təhlükəsiz və işlək vəziyyətdə olmasına imkan verib. Güclü qar yağmasına  baxmayaraq yollarda hərəkət bir saat da olsa məhdudlaşmayıb. Zaqatala şəhərindən üzüyuxarı dağlara tərəf gedən istiqamətdə yerləşən Car kəndinin yolunun  da vaxtında təmizlənməsi sakinlərin şəhərə gediş-gəlişi üçün heç bir çətinlik yaratmayıb.

Artıq qarlı-şaxtalı qış arxada qalsa da yol istismarı idarəsi işçilərinin qayğıları azalmayıb. Yollar qumdan təmizlənir, yaranmış çalalar təmir olunur. Səkilər, bardürlər, körpülər yuyulub təmizlənir. Havalar bir az isinəndən sonra körpü məhəccərləri də rənglənəcəkdir.

Zaqatala rayonunda ümumilikdə 49 işlək körpü var. Bu körpülərin 25-i yerli əhəmiyyətli, qalanı isə respublika əhəmiyyətli  yolların üzərindədir. Yolların təmiri, asfalt örtüyünün yenilənməsi həmişə diqqətdə saxlanılır.

Hazırda Zaqatala şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar şəhərdaxili yolların təmiri və bərpası mövcud layihənin başa çatmasından sonraya saxlanılıb.

Keçən il rayonun kəndarası yollarına 21,7 kilometr uzunluğunda asfalt-beton, 6,3 kilometr uzunluğunda isə qırmadaş örtük çəkilib. Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, tikinti işləri bu ildavam etdiriləcək. Ümumilikdə 16,4 kilometr uzunluğunda kəndarası yol asfaltlaşdırılmalıdır. Dardoqqaz, Car, Suvagil, Qandax, Faldar, Muğanlı kəndlərinin yollarında, həmçinin Mazıx-Qəbizdərə yolunun 3 kilometrlik hissəsində yenidənqurma işləri nəzərdə tutulub.

Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev yol tikintisi layihələrinə də diqqəti çəkib: "Bu il əvvəlki illərdəki kimi infrastruktur layihələrinə böyük vəsait ayrılacaqdır. Xüsusilə yol tikintisinə. Magistral yollarda işlər gedir. Keçən il olduğu kimi, bu il də kənd yollarına eyni qaydada böyük sərmayə qoyulmağa başlanmışdır. Əvvəlki dövrlərdə də biz bu sahəyə diqqətimizi əsirgəməmişdik.

2012-ci və 2013-cü illərdə bu sahəyə daha da böyük məbləğdə vəsait qoyulacaqdır. Kənd yollarının tikintisi birbaşa yerli icra orqanlarına tapşırılmışdır. Onlar bu işi böyük səmərə ilə və böyük keyfiyyətlə görməlidirlər".

Dövlətin davamlı qayğısı Zaqatala rayonunun da yol infrastrukturunun yenidən qurulmasında əhəmiyyətli rol oynayacaq.

 

 

T.NƏZƏRLİ

 

Azərbaycan.- 2012.- 8 aprel.- S. 3.