Azərbaycan və Macarıstan gənclər təşkilatlarının hər bir görüşü iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır

 

 Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) "Mən gənc səfirəm" devizi altında keçirilən ikinci konfransı çərçivəsində aprelin 7-də Azərbaycanın və Macarıstanın gənclər təşkilatlarının geniş tərkibdə görüşü olmuşdur.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Budapeştdən AzərTAc-a bildirmişdir ki, tədbiri açan Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ölkəmiz haqda ətraflı məlumat vermişdir. Azərbaycanda hər bir sahədə olduğu kimi, gənclər sahəsində də həyata keçirilən mühüm layihələrdən danışan diplomat belə görüşlərin gənclər təşkilatları üçün yenigeniş imkanlar açdığını vurğulamışdır.

Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri Anar İmanov aparılan fikir və təcrübə mübadilələrinin əhəmiyyətini vurğulamış, qarşılıqlı görüşlərin gənclərin əlaqələrinin inkişaf etdirilməsi baxımından vacibliyini diqqətə çatdırmışdır.

Daha sonra hər iki ölkənin gənclər təşkilatları özlərinin fəaliyyətləri, həyata keçirdikləri layihələr barədə geniş məlumat vermişlər. Görüşdə ortaq layihələr və gələcək əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılmış, təkliflər səsləndirilmişdir. Macarıstanda fəaliyyət göstərən Xristian Demokratlar Təşkilatı, sosial, ailə və gənclər məsələlərinə məsul nazirliyin və digər gənclər təşkilatlarının nümayəndələri ilə gənclərin biznes imkanlarının inkişafı sahəsində gələcəkdə həyata keçiriləcək layihələrdə Azərbaycanın da tərəfdaşlıq imkanları müzakirə edilmişdir.

Sonda səfir Vilayət Quliyev Macarıstan universitetlərinin tələbələri arasında keçirilmiş "Mən Azərbaycan haqqında nə bilirəm?!" müsabiqəsinin qaliblərinin esselərinin dərc olunduğu "Azərbaycan macar gənclərinin gözü ilə" adlı kitabın nüsxələrini iştirakçılara təqdim etmişdir.

Görüşdə Gənclər və İdman Nazirliyinin nümayəndələri, "İrəli" İctimai Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, Gənclər Təşkilatları Milli Şurasının, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin, "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin, Azərbaycan Tələbələr Birliyinin və "ABŞ Təhsilli Azərbaycan Məzunları" İctimai Birliyinin rəhbərləri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 8 aprel.- S. 4.