Kimyaçıların
uğurları
Ölkə başçısının 2 aprel 2010-cu il tarixli sərəncamına uyğun olaraq "Azərikimya"nın Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyinə verilməsindən ötən dövr ərzində birliyin müəssisə və idarələrində yenidənqurma işləri aparılmış, istehsalata mütərəqqi texnologiyalar tətbiq edilmişdir. Xarici iqtisadi və inteqrasiya əlaqələri bu müddət ərzində nəzərəçarpacaq dərəcədə genişlənmişdir.
Ötən ilin əmtəəlik məhsul istehsalını 117 faiz yerinə yetirən kimyaçılar bütövlükdə əvvəlki ilə nisbətən bu göstəricini 30 faiz artıra biliblər. Əsas məhsullar olan etilen, polietilen və texniki diizopropil istehsalı 2010-cu illə müqayisədə 40 faizdən çox olmuşdur.
Neft-kimya məhsulları istehsalının müasir tələblər və standartlar səviyyəsində qurulması, perspektiv layihələr üzərində işlərin ardıcıl aparılması məqsədilə Yaponiya, Almaniya, Rusiya, İngiltərə, Fransa və digər ölkələrin şirkətləri ilə işgüzar əlaqələr qurulmuşdur. Etilen-polietilen zavodunun izopropil istehsalatında Almaniyanın "Lurge" firmasının istehsalı olan yeni qızdırıcı qurğu, "Polimir-120" kompleksində Türkiyə və Almaniya mütəxəssislərinin iştirakı ilə müasir tipli, kompyuterlə idarə olunan yüksək məhsuldarlıqlı qablaşdırma maşını və paketləmə kompleksi quraşdırılmışdır.
2010-cu ildən başlayaraq Türkiyənin "Petkim Petrokimya Holding" şirkəti ilə də səmərəli əməkdaşlıq və inteqrasiya əlaqələri qurulmuşdur. Bunun real nəticəsi olaraq birliyin istehsal etdiyi kimyəvi məhsulların xarici bazarlarda, xüsusilə də Avropa ölkələrində satış şəbəkəsi getdikcə genişlənməkdədir. Ötən il MDB ölkələri olan Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla yanaşı, ABŞ, İtaliya, Rumıniya, Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq, Çin, İsveç, Mərakeş və digər ölkələr də alıcıların sırasına daxil olmuşdur.
"Azərkimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev bütün qazanılan uğurların kökündə kadr siyasətinin əsas amil kimi rol oynadığını belə izah edir:
- Bu gün birliyin müəssisələrində kadr hazırlığına da xüsusi diqqət yetirilir. İstehsalatda çalışan və işə yeni qəbul olunan gənc mütəxəssislərin daha geniş təcrübə əldə etməsi, mütərəqqi texnologiyaların tətbiq olunduğu modern qurğu və avadanlıqların iş prinsipinə dərindən yiyələnmələri məqsədilə artıq onların böyük bir hissəsi ayrı-ayrı qruplar halında Türkiyənin ən müasir neft-kimya şirkəti olan "Petkim"də təcrübə keçmişlər.
Kimyaçıların əməyinin mühafizəsi, onlar üçün normal iş mühitinin yaradılması, əmək və sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı bir çox tədbirlər həyata keçirilmişdir. Ötən iki il ərzində kimyaçılarıın əməkhaqları artırılmış, maddi vəziyyətləri yaxşılaşmışdır.
Ötən ilin ortalarında müasir tibbi-səhiyyə avadanlıqları ilə təmin edilmiş, bütün tibb kabinələri mövcud standartlar səviyyəsində qurulmuş "Kimyaçı" poliklinikasının, həmçinin operativ və yüksək səviyyədə tibbi xidmət göstərmək imkanına malik təcili tibbi yardım mərkəzinin istifadəyə verilməsi "Azərikimya" kollektivinə göstərilən diqqət və qayğının danılmaz nümunəsidir. Artıq bu gün poliklinikada minlərlə ağac pöhrəsinin yetişdirilməsi üçün şitilliklər yaradılmışdır.
Akif ƏLİYEV
Azərbaycan.- 2012.- 8 aprel.- S. 5.