Astanada MDB Xarici
İşlər Nazirləri Şurasının növbəti
iclası keçirilmişdir
Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası keçirilmişdir.
İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil etmişdir.
Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov iclas iştirakçılarını salamlayaraq ölkəsinin MDB çərçivəsində əlaqələrin inkişafı, müxtəlif layihələrin həyata keçirilməsinə böyük əhəmiyyət verdiyini bildirmişdir.
Görüşdə MDB ölkələri arasında siyasi, iqtisadi, humanitar və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik məsələləri diqqət mərkəzində olmuşdur.
İclasda 2011-ci il üçün MDB-də Xarici İşlər nazirlikləri arasında çoxsəviyyəli məsləhətləşmələrə dair planın yerinə yetirilməsi müzakirə edilmiş, 2012-ci il üçün iş planı bəyənilmişdir. Bildirilmişdir ki, 2011-ci ildə MDB ölkələrinin Xarici İşlər nazirlikləri arasında yeddi məsləhətləşmə keçirilmişdir.
İclasda əsasən Avratlantika və Avrasiya təhlükəsizliyi, Konsul Xidmətləri Rəhbərlərinin Məsləhət Şurasının fəaliyyəti, Birlik dövlətlərinin su-energetika təhlükəsizliyi sahəsində əməkdaşlığı, arxiv xidmətləri arasında təcrübə mübadiləsi və s. olmaqla, ümumilikdə 18 məsələ müzakirə edilmişdir.
XİNŞ-in növbəti toplantısının bu il noyabrın əvvəlində MDB Dövlət Başçıları Şurasının iclasından qabaq keçirilməsi qərara alınmışdır.
Qulu KƏNGƏRLİ
Azərbaycan.- 2012.- 8 aprel.- S. 5.