TRASEKA dəhlizi
boyu sərhədlərdən keçid sadələşdirilir
TRASEKA Hökumətlərarası Komissiyası Daimi Katibliyinin Bakıdakı qərargahında "İpək Yolu" Gömrük Əməkdaşlığı Təşəbbüsünün "Karvansaray" layihəsinin hazırlanması üzrə işçi qrupunun iclası keçirilmişdir.
Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidmətlərinin məsul nümayəndələri iştirak etmişlər.
Daimi Katibliyin baş katibi Eduard Biryukov bildirmişdir ki, qurum son vaxtlar gömrük təşəbbüsü tədbirlərində fəal iştirak edir. TRASEKA-nın Nazirlər Konfransı Gömrük Təşəbbüsünün qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi təklifinin dəstəklənməsinə dair prinsipial qərar qəbul etmişdir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Rza Həsənəliyev çıxış edərək bildirmişdir ki, bütün iştirakçı tərəflər sıx əməkdaşlıq əlaqələrinin yaradılmasında qəti qərarlarını nümayiş etdirəcəklər. Azərbaycanın geosiyasi və strateji əhəmiyyətinə toxunan DGK sədrinin müavini qeyd etmişdir ki, Avropa və Asiya qitələri arasında yerləşən ölkənin ərazisində beynəlxalq əhəmiyyətli quru, dəmir yolu, dəniz və hava yolları kəsişməkdədir.
DGK-nın "İpək Yolu" gömrük xidmətləri Təşəbbüsünün yaradılmasını tam dəstəklədiyini vurğulayan R.Həsənəliyev bu təşəbbüs çərçivəsində əməkdaşlığın beynəlxalq ticarətin və tranzit daşınmalarının sadələşdirilməsinə xidmət edəcəyinə əmin olduğunu bildirmişdir.
İclasda mövzu ətrafında müzakirələr aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 8 aprel.- S. 5.