Gədəbəy sərvətinin tarixitaleyi

 

 Hörmətli redaksiya! Gədəbəy mis mədənləri haqqında az-çox eşitmişik. Eşitmişik ki, dağların bu dəyərli sərvəti illər boyu yadelli sahibkarlar tərəfindən aparılıb. Bəs indi oradakimi işlər görülüb? Bu barədə bir qədər ətraflı bilmək istərdim.

 

İlqar Məhərrəmov,

Göygöl Suvarma Sistemləri İdarəsinin mühəndisi

 

 

Gədəbəy sərvətinin sorağı əsrlərin dərinliyindən gəlir. Mütəxəssislər deyirlər ki, hələ üç min il bundan əvvəl Gədəbəy mis yataqlarından istifadə edilir, müxtəlif əmək alətləri hazırlanırdı. Lakin misin sənaye üsulu ilə emalı XIX əsrin ikinci yarısından başlanıb.

Milliyyətcə yunan olan, Türkiyə vətəndaşlığını qəbul etmiş Mexov qardaşları 1849-cu ildə bir nəfər rus vətəndaşı ilə birlikdə Misdağda zəngin yataqdan istifadə etməyi qərara aldılar. Beş il keçəndən sonra vəsait tükəndi və aralarında mübahisə  düşdüyü üçün onlar bu işdən ayrıldılar.

Bundan sonra mis yatağı bir neçə dəfə müxtəlif əcnəbi sahibkarların əlinə keçir. 1864-cü ildə bu yerlərə alman əsilli VolterVerner Simens qardaşları gəldilər.

 

1865-ci ildə onlar dağların qoynunda misəritmə zavodu inşa etdilər. Zaqafqaziya dağ-mədən sənayesinin ilki sayılan Gədəbəy zavodunun bir neçə misəridən peçi, dəmirçi kürəsi, havatəmizləyən qurğusu, buxar maşını, lokomobilis. var idi. Zavodun yanında xarrat-dülgər, çilingər, dəmirçi, tornajçı emalatxanaları, kərpic hazırlayan üç peç yerləşirdi. Burada metalın əridilməsi üçün böyük hovuz sistemi quraşdırılmışdı.

Gədəbəy misinin ilk topdansatış alıcısı Peterburqun Vıborq Mis-Pprokat Zavodu olmuşdu. Azərbaycanda isə Gədəbəyə dəvət edilmiş Lahıc ustaları misdən müxtəlif məişət əşyaları düzəldirdilər. Onların hazırladıqları milli qabların nümunələri Berlinə aparılmış, bir sıra Avropa muzeylərində sərgilərə qoyulmuşdu.

İlk vaxtlar misin əridilməsi üçün odunla qızdırılan sobalardan istifadə olunurdu. Bu məqsədlə Gəncə quberniyasının sərəncamı ilə mədənçilərə icarə əsasında 24 min hektar meşə zolağı ayrılmışdı (almanlar kəsilən hər ağacın əvəzinə müvafiq yerdə təzə ağac əkirdilər). Müəssisənin məhsuldarlığı artdıqca yanacağa tələbat da çoxalırdı. Odunu çatdırmaq olmurdu. Kaxetiyadakı neft quyuları haqqında məlumat gələn kimi Simens qardaşları şirkətə neft kəmərinin çəkilməsi üçün çar Rusiyasının Nazirlər Kabinetindən icazə aldılar.

Çexiyadan polad borular gətirildi. Ən bacarıqlı mütəxəssislər işə cəlb edildi. 1892-ci ildə Dəllər-Çənlibel neft kəmərinin çəkilişi başa çatdırıldı. Əvvəllər neft kiçik həcmli çənlərə doldurularaq at qoşqulu arabalarla Gədəbəyə daşınırdı. 1894-cü ildən başlayaraq həmin məhsullar Dəllər-Gədəbəy neft kəməri ilə misəritmə zavoduna çatdırılırdı.

Heyrət doğuran işlərdən birielektrik işığının əldə edilməsi idi. Dağların qoynunda elektroliz zavodu yaradılandan sonra mədən şəhərciyinə gur işıq gəldi. Peterburqda, Moskvada, Varşavada və digər şəhərlərdə küçələr kerosinqaz fanarları ilə işıqlandırılanda Gədəbəydə elektrik enerjisi var idi.

Sonra bu yerlərdə 84 kilometr uzunluğunda teleqraf xətti çəkildi.

1883-cü ildə Gədəbəydə daha bir müəssisə - Qalakənd zavodu fəaliyyətə başladı. Burada qarışıq misi saflaşdırmaq üçün xüsusi qurğu düzəldildi. İstehsalın həcmi aybaay, ilbəil çoxalırdı. Bu coşqunluğun arxasında bir sıra xəlvəti məqamlar da dayanırdı.

Ara-sıra deyilirdi ki, Qalakənddə qızıl da çıxarılır. Şirkətin bu işi bir neçə il üstüörtülü qalıb. Külçə qızıl, mis örtüklü kərpic formasında Qalakənddən Gədəbəyə, oradan da faytonla Dəllərə aparılırdı. Növbəti belə daşınmaların birində kərpiclərdən biri yerə düşüb sınır və mis qəlibin içindəki qızıl görünür.

...1879-cu ildə Berlində keçirilən Beynəlxalq sərgi Simenslərə növbəti bir uğur gətirdi. Sərgidə nümayiş etdirilən dəmir yolu maketi əsl sensasiya yaratdı. Dünyada birinci olan bu ixtiranın müəllifi Verner fon Simens idi. O, mədənlərlə əlaqəni daha səmərəli təşkil etmək məqsədilə Gədəbəylə Qalakənd arasında dəmiryol xətti çəkmək istəyirdi. Həmin xətt Düzyurddan, Çalburundan, Çaldaşdan, Səbətkeçməzdən, Plankənddən keçməklə Qalakənd çayı ilə Şəmkir çayının qovuşduğu yerin sahilində başa çatırdı.

Relsləri quraşdırmaq üçün bir sıra yerlərdə körpülər salmaq lazım gəlirdi. Buna görə də çay, qaya, dərə və yarğanların miqyasına görə bir ədəddən tutmuş 8-10 tağlı körpülər inşa edilirdi. Bəzi körpülər relyefinə görə qövsvari çəkilirdi. Mütəxəssislər deyirlər ki, bu, təkcə Azərbaycanda yox, hətta dünyada ən gözəl memarlıq nümunələrindən biri sayılır. Nəhayət, 37 kilometr uzunluğunda dəmir yolu hazır oldu. 1884-cü ildə Gədəbəy-Qalakənd dəmir yolu istifadəyə verildi. İlk vaxtlarda dəmiryol xəttində beş lokomotiv, 30-dan çox vaqonplatforma var idi.

1888-ci ildə Qalakənd çayının üstündə HES tikməyə başladılar. Qısa bir vaxtda bu uğurla başa çatdırıldı.

Ulu dağlarda tədricən Avropa tipli yaşayış məntəqələri meydana gəlirdi. Bu qəsəbələrdə düzgün planlaşdırılmış küçələr, qırmızı kirəmitli evlər, yamyaşıl bağlar diqqəti cəlb edirdi. Hər yerə su kəməri, teleqrafelektrik xətləri çəkilmişdi... Binalar daş, kərpic, əhəng-kirəc və ağac materiallardan istifadə etməklə tikilirdi. Dam örtüklərinin materialı yerli kərpic zavodlarında düzəldilirdi. Həmin zavodlarda gün ərzində 8-10 minədək adi və odadavamlı kərpic hazırlanırdı.

Qısa bir vaxtda yeni şəhərcikdə küçələr, dəmiryol xətti, həmçinin körpülər, müxtəlif keçidlər salındı, ayrıca su xətləri və kanalizasiya sistemi çəkildi.

Zavod rəhbərliyinin yerləşdiyi inzibati bina özünəməxsus memarlığı ilə seçilirdi. Səksən ildən çox rayon poliklinikası yerləşmiş həmin binanın daxilində sənəd və pulların mühafizəsi üçün seyfə bənzər "daş qutu" quraşdırılmışdı.

Sovet dövründə "Detdom" adı ilə dillərə düşmüş digər bir bina da öz memarlığı ilə seçilirdi. Birbaşa meşənin ətəyində tikilmiş həmin üçmərtəbəli bina uzun müddət təhsil sisteminə xidmət etmişdir.

Gədəbəyin sərvəti tarixin hər dönəmində bu yerlərə şöhrət gətirib. XIX əsrin ortalarında Bakıda nəşr olunan "Kaspi" jurnalında yazılıb ki: "Gədəbəy sivilizasiyanın mərkəzi sayılır". Alman mətbuatında isə oxuyuruq: "Gədəbəy Qafqazın sənaye motorudur". Bütün bunlar onu göstərir ki, öz sərvətinə, qüdrətinə görə hər yanda Gədəbəyə böyük qiymət verilirmiş.

Rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə deyir ki, bu yaxınlarda Berlində olarkən muzeylərdən birində çar Rusiyasının 1890-cı ildə nəşr olunmuş xəritəsini gördüm. Həmin xəritənin Qafqaz bölümündə ancaq Tiflis şəhəri, bizim Gədəbəy və Qalakənd əksini tapıb. XIX əsrdə bir alman alimi Gədəbəydən xeyli sayda tarixi əşya, arxeoloji tapıntı əldə edərək Almaniyaya aparıbmış. Həmin eksponatlar bu gün Berlin muzeyində saxlanır. Baxdıqca doğma diyar üçün sonsuz qürur duyurdum. Bu mənada mən alman sahibkarların xidmətlərini yüksək dəyərləndirirəm. Təqribən əlli il onlar bu yerlərdə çalışdılar və bizim müqəddəs torpaqları dünyaya tanıtdılar.

Aylar, illər keçdi. Dövran dəyişdi. Müstəqillik əldə olunandan sonra Gədəbəyin sərvəti Azərbaycan xalqının öz ixtiyarına verildi. Bu sahədə ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. 1996-cı il fevralın 5-də "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə" ulu öndərin imzaladığı sərəncam milli sərvətlərin xalqın istifadəsinə verilməsi sahəsində mühüm rol oynadı. 2005-ci ilin fevral ayından etibarən Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti yeni yataqların axtarışına, kəşfiyyat-qazma işlərinə başladı.

Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2006-cı il noyabrın 1-də Gədəbəyə səfəri zamanı bu mühüm işə güclü təkan verildi. Dövlət başçısı mədənçilərlə söhbət etdi, onlara müəyyən tövsiyə və tapşırıqlar verdi. Məhz bu cür tükənməz qayğı və kömək sayəsində 2009-cu ilin may ayında dəyərli obyekt işə salındı. Gədəbəydən alınan qızıl, gümüş və misdən ibarət aralıq məhsul Cenevrəyə yola salınır, İsveçrənin məşhur şirkətlərindən biri tərəfindən saflaşdırılaraq "Ayrum brendi" adı altında dünya bazarlarına çıxarılır.

Hər dəfə müqaviləyə uyğun olaraq qızıl payı ölkəmizə gətiriləndə ötən günlər yada düşür. Nə yaxşı ki, müstəqilliyi bərpa edə bildik. Xalq öz var-dövlətinin tamhüquqlu sahibi oldu.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 8 aprel.- S. 7.