Mədəniyyətimizin
abidəsi “Molla Nəsrəddin”
Azərbaycan mətbuatının "Əkinçi"dən başlayan "Şərqi Rus", "Həyat", "Füyuzat", "Açıq söz" və sair kimi milli-mənəvi dəyərləri formalaşdıran, bütöv-bütöv nəsillərin maarifləndirilməsi yolunda misilsiz xidmətləri olan məktəbləri mövcuddur. Bu məktəblər içərisində "Molla Nəsrəddin"in yeri əvəzedilməzdir.
1906-cı il aprelin 7-də Tiflisdə ilk sayının işıq üzü gördüyü jurnal sosial mənşəcə aşağı təbəqəyə mənsub olub uşaqlıqdan yoxsul, məzlum kütlələrə rəğbət, istismarçı və tüfeyli zümrələrə isə nifrət duyğusu ilə böyüyən, jurnalın kağız pulunu da çətinliklə əldə edən Azərbaycan ziyalılarının fədakarlığı sayəsində yaranmışdı. Məqsədi müsəlman qardaşlarını səsləyib qəflət yuxusundan oyatmaq, elmə, təhsilə, maarifə cəlb etmək idi. Azərbaycan və azərbaycançılıq ideyaları jurnalın və əməkdaşlarının - Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin, Əli Nəzminin, Məmməd Səid Ordubadinin, Əliqulu Qəmküsarın, Mirzə Əli Möcüzün, Ömər Faiq Nemanzadənin və başqa yazarların amalı olmuşdur. Bu, maarif fədailəri həyatlarının sonunadək amallarından dönməmiş, Azərbaycan uğrunda ideoloji mübarizə aparmış, böyük bir məktəb yaratmışlar. Jurnal Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparırdı.
Millətin problemləri, milli məsələlər jurnalın səhifələrinə çıxarılır, yumor dililə xalqa çatdırılırdı. Çünki dövrün ziyalıları gözəl bilirdilər ki, mətbuat olmadan bu problemlərin həlli mümkün deyil. Məsələn "Təzə təlim kitabı" felyetonunda deyilir: "Əkinçi əkdiyi buğdanın tozundan 10 hissəsini verir mülkədara, 10 hissəsini verir molla və dərvişə (yuxu təbiri, qızdırma duası və qeyri zəhmətlərin əvəzində), 10 hissəsini də qlava və pristava rüşvət və divan xərci...
- Kim deyər, əkinçinin özünə nə qədər buğda qaldı?
Bu felyeton bütöv bir millətin
başına açılan oyunların,
haqsızlığın, əzab-əziyyətin satirik ifadəsidir.
Kəskin və cəsarətli tənqidi
çıxışlarına, acı həqiqətləri
çəkinmədən söyləməsinə görə
daim təqib və hücumlara məruz qalan "Molla Nəsrəddin"in
nəşri çar senzurası tərəfindən dəfələrlə
dayandırılmış, bir sıra nömrələri
müsadirə olunmuş, redaktoru bir neçə dəfə
məhkəmə məsuliyyətinə cəlb edilərək
cərimə edilmişdir. Məcmuənin "Molla Nəsrəddin"
adlandırılması da maraqlıdır. Molla Nəsrəddin
şifahi xalq ədəbiyyatının qəhrəmanıdır
və həmişə zülmə, nadanlığa
gülmüş və
düşündürmüşdür. Jurnalın dərin məzmunlu
karikaturalarını Rotter, Oskar Şmerlinq və Əzim Əzimzadə
çəkirdi. Jurnalın ilk sayının uğurlu
olması onun sonrakı taleyinin və uğurlarının təməlini
qoydu.
Lakin
bu qədər təzyiq və təqiblərə baxmayaraq
"Molla Nəsrəddin"in haqq səsi çox keçmədən
Qafqazın hüdudlarını aşıb Rusiyada, Yaxın və
Orta Şərqdə, Mərkəzi Asiyada, Krımda, İrəvanda,
Kazanda, Ufada, Həştərxanda, Orenburqda, Təbrizdə,
Tehranda, Ərzurumda, İstanbulda, Qahirədə eşidildi,
türk dünyasında əl-əl gəzdi.
Jurnalın bütün nömrələrinin yenidən, faksimile nəşri mühüm milli-mənəvi əhəmiyyət kəsb edirdi. Odur ki, 1988-ci ildə nəşrin 1-ci cildi işıq üzü görüb. Qeyd edək ki, nəşrin bütün cildlərini həmin dövrdə istedadlı mətnşünas alim, tədqiqatçı Turan Həsənzadə tərtib etmişdir. O, ərəb qrafikasına əsaslanan əski Azərbaycan əlifbasından transliterasiya etmişdir.
Aprelin 7-də "Molla Nəsrəddin"in baş redaktoru Cəlil Məmmədquluzadənin ev muzeyində jurnalın ilk sayının işıq üzü görməsilə bağlı tədbir keçirildi. Mərasimdə alimlər, tədqiqatçılar, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Muzeyin direktoru Pərixanım Mahmudova, əməkdaşlar Yeganə Məmmədova və Fazilə Hümbətova "Molla Nəsrəddin"in tarixindən, keçdiyi yoldan, Tiflisdə, Təbrizdə və Bakıda nəşr olunma dövrlərindən geniş məruzə ilə çıxış etdilər. Digər çıxış edənlər də vurğuladılar ki, müxtəlif fasilələrlə 25 il işıq üzü görən "Molla Nəsrəddin" yeni-yeni yaradıcı nəslin öyrənc yeri, güvənc yeri olub. Dərinliyinə vardıqca hər an bu böyük abidəyə qayıtmağın zərurəti ortaya çıxır.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2012.- 8 aprel.- S. 8.