Ensiklopedik toplu və 777 sualın 1001 cavabı
Azərbaycan mətbuatında tanınmış imzalardan biri də uzun illər "Azərbaycan qadını" jurnalının məsul katibi vəzifəsində çalışan, tarix elmləri doktoru Sabir Gəncəlidir.
Ömrünün səksəninci ilində də qələmi və sözü ilə baş-başa qalmaqdan yorulmayan alim daha iki kitabı ("Ailə ensiklopedik toplu" və "777 sual bir cavab") ilə oxucularının görüşünə gəlib. Hər iki toplunun ərsəyə gəlməsi uzun illərin axtarışlarının və topladığı jurnalistlik təcrübəsinin zənginliyindəndir. Müəllif-tərtibçinin məqsədi mədəni, nümunəvi ailələr haqqında toplu yaratmaqla gənclərimizə bu xəzinənin incilərini öyrətməkdir. "Ailə" ensiklopedik toplu hazırlamaq fikri yazıçı-jurnalistdə hələ 2006-cı ildə nəşr etdirdiyi "Nəsillər, ailələr, talelər"i işıq üzü görəndən formalaşıb. Bir sözlə, oxuculara təqdim edilən "Ailə" belə demək mümkünsə, "Nəsillər, ailələr, talelər"in ikinci hissəsidir. Hər iki toplunun hazırlanmasında onunla çiyin-çiyinə çalışan rəssam Vəfa İbrahimqızıya minnətdarlığını bildirən müəllif, onu, əslində, 70-dən artıq kitabın, o cümlədən haqqında söz açılan hər iki nəşrin təkcə bədii tərtibatçısı deyil, həmmüəllifi kimi də təqdim edir. Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi, dosent Vəfa İbrahimqızının qrafika janrında çəkdiyi illüstrativ əsərlər, hər iki kitab-jurnalda dərc edilən məqalələrin mövzularının məna çalarlarının açılmasında xüsusi əhəmiyyət daşıyır.
Hər bir inkişaf ailədən başladığı kimi, burada da müəllif bunu cəmiyyətin təməl daşı sayıb və uzun illər "Azərbaycan qadını" jurnalında dərc edilən yazılarınmaraqlı məqamları ilə ensiklopediyanı zənginləşdirib. Ən yaddaqalanı isə xalqımızın və dövlətimizin nümunəyə çevrilmiş tarixi şəxsiyyətlərinin ailələri barədə burada olduqca zəngin faktlarla dolğunlaşdırılmış materiallara rast gəlmək mümkündür: "Evin, ailənin qurucusu qadın, qoruyucusu kişidir". Burada digər müdrik kəlamlara da rast gəlmək mümkündür: "Qadın zərif çiçək kimidir, qorumasan solar", "Allah dünyanı yaradarkən onun dirçəlişini, gələcəyini, həyat eşqini qadına həvalə etmişdir..."
Doğrudan da, ailə elə bir müqəddəs ocaqdır ki, orada isti ana qucağı, ata nəfəsi, oğul-qız, nəvə-nəticə fərəhi, səadəti var. Əlbəttə hər bir ailə həm də öz təkrarolunmaz aləmi ilə inkişaf edən kiçik bir cəmiyyətdir. Millətin, ölkənin səviyyəsi bu ailələrdən çox asılıdır.
Bu toplu özünəməxsus xüsusiyyətlərinə görə də çox dəyərlidir. Topluda ailə, məhəbbət, birgə yaşayış qaydaları haqqında hər bir qadını, kişini, yeni ailə quran gənci maraqlandıran sualara cavab verilir.
777 suala min bir cavab "min dərdin min bir dərmanı var" deyiminin oxşarı olsa da, burada məna və məzmun bir qədər fərqlidir. "777 sual 1001 cavab" toplusunun titul vərəqində müəllif-tərtibatçı həmin sualın cavabını özünəməxsus şəkildə və yozumda belə açır: "Ulu əcdadlarımız 1, 3, 4, 40 rəqəmlərini müqəddəs hesab etmişlər: 1 rəqəmi vahid Allahın varlığını ifadə edir. 3 rəqəmi "Atalar üçəcən deyiblər" - müdrik kəlamını yada salır. Müdriklərimiz əxlaq və mənəviyyat məsələlərində üç məqama fikir verməyi nəsihət etmiş, ailə, məhəbbət, həyat və məişət münasibətlərində sədaqətli, etibarlı, qüdrətli, namuslu olmağın üç əsas əlamətini göstərmişlər. 4 və 7 rəqəmləri elm, zəka, təbiət və həyatın qanunauyğunluğunun rəmzi kimi götürülmüşdür. 4 rəqəmi dünyanın 4 (cənub, şimal, şərq və qərb) cəhətini, qədim türklərin 4 istiqamətdə yürüşlərini bildirir. Dörd ünsür - hava, su, torpaq, od fəlsəfi anlamı həyat çeşməsi sayılmışdır. 7 rəqəminə gəlincə, göy 7 qatdan, həftə 7 gündən ibarətdir və s. Üç yeddi rəqəmi yan-yana qoyulduqda isə çoxluq, sonsuzluq bildirən bir müqəddəs anlam alınır. Professor M.H.Təhmasib "Koroğlu"nun dəlilərinin sayı haqqında fikir söyləyəndə 777 rəqəmini dəlilərin qəzəb, qüvvət və qüdrətinin sonsuzluğu, bitib-tükənməzliyi ilə mənalandırmışdır. 1001 isə çoxluq bildirir".
Bu ensiklopedik toplunun mənası da məhz həmin müqəddəs anlamlara əsaslanır. Burada ömrünün 50 ildən çoxunu maarif, mədəniyyət, incəsənət, ədəbiyyat tarixinin tədqiqinə həsr edən müəllif-tərtibçinin uzun illər ərzində topladığı materiallar oxucuya maraqlı səhifələr və rubrikalar altında təqdim edilir: "İlahi kəlamlar", "Kainat", "Bizim doğma planetimiz", Qitələr, xalqlar və dövlətlər, "Türk dünyasından soraqlar", "Dünyanın ən qədim şəhərləri", "Elm korifeyləri", "Kim, nə, necə, harada?" və sairə.
Topludakı maraqlı məlumatlar yalnız təbiətlə bağlı deyil. Dünyada nə qədər müharibələrin olması, BMT-nin necə və nəyə görə yaranması, ermənilər haqqında V.L.Veliçkonun "Qafqaz" əsərində nələrin yazılması, yurdumuza xain gözlə baxanların məkrli niyyətləri, soydaşlarımıza qarşı törədilmiş amansızlıq, qətliam, terrorlar və soyqırımıları barədə yaddaqalan materiallarla zəngin olan bu topludan öyrənmək olar.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2012.- 8 aprel.- S. 8.