Prezident İlham Əliyev Fransanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Kelleri diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin geniş sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri münasibətlərimizin yaxşı əlaməti kimi dəyərləndirdi. Qabriel Kellerin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Fransa arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev səfirin ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi işində iştirakından məmnunluğunu bildirən Qabriel Keller Prezident İlham Əliyevin əlaqələrimizin möhkəmləndirilməsinə verdiyi töhfənin önəmini qeyd etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 10 aprel.- S. 1.