Azərbaycan ilə
Rusiya arasında münasibətlər mehriban qonşuluq prinsipləri
əsasında inkişaf edir
Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko aprelin 9-da Baş nazir Artur Rasizadə ilə görüşmüşdür.
Baş nazir Artur Rasizadə siyasi və iqtisadi sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığını yüksək qiymətləndirdi, ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin dərin tarixə söykəndiyini və mehriban qonşuluq prinsipləri əsasında formalaşdığını diqqətə çatdırdı. Baş nazir Rusiya Federasiyasının subyektləri ilə də iqtisadi sahələrdə fəaliyyətə diqqət yetirildiyini dedi.
Artur Rasizadə Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar barədə qonaqlara məlumat verdi. Bildirildi ki, Azərbaycanda əldə olunmuş siyasi sabitlik iqtisadi, infrastruktur, sosial, humanitar sahələrin də sürətlə inkişafına zəmin yaratmışdır. Ölkənin iqtisadiyyatı sürətlə şaxələndirilir, neft gəlirlərindən asılılıq azaldılır, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Əhalinin rifahı yaxşılaşdırılır, sosial sahədə davamlı islahatlar aparılır.
Sürətlə inkişaf edən Azərbaycan regionda irimiqyaslı layihələr həyata keçirir. Bu cür layihələrdən biri də Avropa ilə Asiya arasında daşımaların artmasına imkan verəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Artur Rasizadə dedi ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız etnik təmizləmə siyasətinə məruz qalmışdır. Bu münaqişənin həll olunmaması nəinki Azərbaycanın, həmçinin bütün regionun inkişafına zərbə vurur.
20-ci ildönümü qeyd edilən Xocalı soyqırımı zamanı 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdıran Baş nazir həmin faciənin əks olunduğu fotoşəkilləri qonağa təqdim etdi.
Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan-Rusiya diplomatik münasibətlərinin bərpasından ötən 20 il ərzində əldə olunmuş uğurlardan məmnunluğunu ifadə etdi. Bakının simasında inkişaf edən Azərbaycanı gördüyünü deyən xanım V.Matviyenko bu uğurların Rusiyada diqqətlə izlənildiyini dedi, ölkənin sosial-iqtisadi sahələrdə nail olduğu müvəffəqiyyətlərin əhəmiyyətindən danışdı.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
AzərTAc
Azərbaycan.- 2012.- 10 aprel.- S. 2.