Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr uğurla inkişaf edir

 

Ötən ilin yekunlarına görə, Azərbaycan ilə Rusiya arasında son illərin ən böyük ticarət dövriyyəsinə nail olunmuşdur.

İki dövlət arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 800 milyon ABŞ dolları təşkil etmişdir. Cari ildə ticarət dövriyyəsinin daha da artacağı gözlənilir.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko demişdir. V.Matviyenko ümidvar olduğunu bildirmişdir ki, 2012-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 3 milyard ABŞ dollarını ötəcəkdir. Azərbaycanın və Rusiyanın regionları arasında da qurulan əlaqələr sərmayə qoyuluşunun artmasına və qarşıya qoyduğumuz məqsədə çatmağımıza imkan yaradacaqdır.

Rusiya və Azərbaycan mədəniyyət sahəsində də sıx əməkdaşlıq edirlər. Ötən il Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə  Bakıda keçirilmiş Birinci Beynəlxalq Humanitar Forum ənənəyə çevriləcəkdir. Biz hər il belə forumlar keçirəcəyik. Çünki belə tədbirlər əlaqələrimizin və əməkdaşlığımızın dərinləşməsinə təkan verir.

 

 

Azərbaycan.- 2012.- 10 aprel.- S. 2.