Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirmişdir

 

Azərbaycana rəsmi səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 9-da Heydər Əliyev Fondunda olmuşdur.

Valentina Matviyenkoya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Ümummilli liderin şəxsi arxivindən götürülmüşonun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara nəzər yetirən rusiyalı qonaqlar, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar. Ümummilli lider Heydər Əliyevin zəkasının bəhrəsi olanonun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi qonaqlarda xüsusi maraq doğurmuşdur.

Valentina Matviyenko Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazmışdır.

Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunmuşdur.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri səmimi qarşılanma üçün Heydər Əliyev Fonduna təşəkkürünü bildirmiş,  Rusiyada da ulu öndər Heydər Əliyevin xatirəsinə böyük hörmət və ehtiram göstərildiyini diqqətə çatdırmışdır. Rusiyalı qonaq Fondun fəaliyyəti haqqında ətraflı məlumata malik olduğunu bildirmişbunu yüksək qiymətləndirdiyini demişdir. Valentina Matviyenko Heydər Əliyev Fondunun Rusiyada qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi, həmçinin bir çox sosial layihələrdə fəal iştirak etdiyini vurğulamışdır. Fondun Rusiya ilə Azərbaycan arasında humanitar layihələrin inkişafına bundan sonra da töhfə verəcəyinə ümidvar olduğunu deyən Valentina Matviyenko ölkəmizdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə də toxunmuşdur. Rusiyalı qonaq Fondun təşkilatçılığı ilə keçiriləcək bu müsabiqədə iştirak etmək üçün Bakıya gələcək çoxsaylı qonaqların müasir Azərbaycanın inkişafının şahidi olacaqlarını bildirmişdir.

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılmışdır.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 10 aprel.- S. 3.