Azərbaycan ilə
Rusiya arasında diplomatik əlaqələrin
qurulmasının 20-ci ildönümü münasibətilə
Yekaterinburqda tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulluğu tərəfindən Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Yekaterinburqdakı 108 saylı gimnaziyasında təntənəli surətdə keçirilmiş tədbirdə Sverdlovsk Vilayət Dumasının deputatları, Rusiyanın Xarici İşlər Nazirliyinin Yekaterinburqdakı nümayəndəliyinin əməkdaşları, Sverdlovsk Vilayət Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbərliyi, diplomatlar iştirak etmişlər.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov tədbiri açaraq məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Rusiya ilə ikitərəfli siyasi-iqtisadi əlaqələri uğurla davam etdirən Azərbaycanın son zamanlar əldə etdiyi nailiyyətlərindən danışmışdır. Baş konsul bu müstəvidə görülən işlər və qarşıda duran vəzifələr barədə də ətraflı məlumat vermişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərinə xüsusi önəm verdiyini qeyd edən baş konsul bu əlaqələrin siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə hərtərəfli inkişaf etdiyini bildirmişdir.
Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha qeyd edən Sultan Qasımov prezidentlər İlham Əliyevin və Dmitri Medvedyevin görüşlərində səsləndirilmiş fikirləri xatırlamışdır. Baş konsul bu münasibətlərin nümunəvi olduğunu vurğulamışdır.
Sonra Sverdlovsk Vilayət Dumasının sədri xanım Lyudmila Babuşkinanın adından tədbirdə iştirak edən deputat Yevgeniy Artyux çıxış etmişdir. Azərbaycan ilə Rusiya arasında münasibətlərin tarixindən danışan deputat 20 il bundan əvvəl bu əlaqələrin yeni siyasi müstəvidə yenidən bərpa olunduğunu bildirmişdir. Deputat Dumanın sədri adından baş konsula təbriklərini çatdırmışdır.
Yekaterina Yemelyanenko çıxış edərək Rusiyanın Xarici İşlər Nazirliyinin Yekaterinburqdakı nümayəndəsi Serqey Xvanın təbriklərini çatdırmışdır.
Daha sonra Sverdlovsk Vilayət Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyinin təşkilat idarəsinin rəisi xanım Larisa Şarf, 108 saylı gimnaziyanın fəaliyyət göstərdiyi Yekaterinburq şəhəri Kirov Rayonu Administrasiyası rəhbərinin müavini Dmitri Baranov, diplomatlar adından isə Belarus səfirliyinin Yekaterinburqdakı nümayəndəliyinin rəhbəri Viktor Polyanin təbriklərini çatdırmışlar.
Qonaqlara baş konsulluq tərəfindən 108 saylı gimnaziyanın kollektivi ilə birgə hazırlanmış konsert nümayiş etdirilmişdir.
Sonda ziyafət təşkil olunmuşdur.
Asya HACIZADƏ
Azərbaycan.- 2012.- 10 aprel.- S. 3.