Elnur ASLANOV: Hər bir azərbaycanlı gənc mütəxəssis, tələbə Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması üçün nə etməlidir sualı ətrafında düşünməli, bacardığı qədər bu işə töhfə verməlidir

 

Bu günlərdə Macarıstanın paytaxtı Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) ikinci konfransı keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov konfransla bağlı təəssüratlarını AzərTAc ilə bölüşərək demişdir:

- Budapeşt şəhərində Macarıstan Respublikasının parlamentində keçirilən Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) "Mən gənc səfirəm" adlı beynəlxalq konfransı işini uğurla yekunlaşdırmışdır. Avropanın 27 ölkəsində təhsil alan 300-ə yaxın gənc azərbaycanlı tələbə tədbirə qatılmışdır.

Əgər Forumun Strasburq konfransında daha çox azərbaycanlı tələbələrin xaricdə təhsil almalarını nəzərdə tutan Dövlət Proqramı ətrafında müzakirələr aparılmışdırsa, Budapeştdə məzmun baxımından tamamilə fərqli və yeni ideyalar ətrafında geniş fikir mübadiləsi olmuş, qərarlar qəbul edilmişdir. Artıq azərbaycanlı tələbə və gənc mütəxəssislərin təhsilləri ilə yanaşı, lobbiçilik fəaliyyəti günümüzün reallığıdır. Tələbələrin yeni lobbiçilik mexanizmlərinin, fəaliyyət strategiyalarının hazırlanmasına cəlb edilməsi, onların yaşayıb təhsil aldıqları ölkələrin xüsusiyyətlərinin nəzərə alınması əsasında fərdi strateji seçimlərin edilməsi Budapeşt konfransında xüsusi maraq kəsb edən müzakirəyə səbəb olmuşdur. Hər bir ölkənin özünəməxsusluğu ilə seçilməsi lobbiçilik fəaliyyətinin müxtəlifliyini nümayiş etdirironun hər bir ölkənin xüsusiyyətlərinə adaptasiya edilməsini zəruri edir. Konfrans çərçivəsində aparılan müzakirələr bir çox məsələlərə aydınlıq gətirdi. Əminəm ki, bu müzakirələr yeni kommunikasiya strategiyasının uğurla həyata keçirilməsinə xüsusi töhfə verəcəkdir.

Dövlət rəsmiləri ilə gənclər arasında müxtəlif mövzular ətrafında maraqlı fikir mübadiləsi aparıldı, hökumət nümayəndələri təcrübələrini bölüşdülər. Azərbaycanın ümumi inkişaf strategiyasının bir-birini tamamlayan müxtəlif istiqamətləri, - Azərbaycanın gələcək inkişaf xüsusiyyətləri və prioritet sahələri, "neft kapitalının insan kapitalına çevrilməsi", yeni gənc mütəxəssislər nəslinin formalaşması, - belə tədbirlərin davamlılığını zəruri edir. Tədbir iştirakçılarının qərarı ilə növbəti konfransın 2013-cü ilin aprel-may aylarında İtaliyanın Roma şəhərində keçirilməsi nəzərdə tutulmuşdur.

Konfransda Dağlıq Qarabağ məsələsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü müzakirə edilən əsas mövzu idi. Qonşu Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə qeyri-qanuni vəziyyət yaratmış və beynəlxalq sülh və təhlükəsizliyi pozmuşdur. Dünya birliyinin çağırışlarının nəticəsizliyi azərbaycanlıları daha fədakar olmağahaqq tələblərini bütün beynəlxalq tribunalarda səsləndirməyə sövq edir. Konfransın iştirakçıları çox gözəl anlayırlar ki, onların üzərinə böyük məsuliyyət düşür. Beynəlxalq ictimaiyyətin rəyin tamobyektiv məlumatlandırılması Ermənistanın təcavüzkar siyasətinin əsl mahiyyətini nümayiş etdirməyə kömək göstərmək, dünya birliyinin adekvat reaksiyasını təmin edəcəkdir. Hər bir azərbaycanlı gənc mütəxəssis, tələbə Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün nə etməlidir sualı ətrafında düşünməli, bacardığı qədər bu işə töhfə verməlidir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 10 aprel.- S. 3.