Ölkə sənayesinin təkmil kompleks səviyyəsi regionların tarazlı inkişafının əsas şərtidir

 

Azərbaycan 2020: təklif edirəm

 

 Hər bir inkişaf etmiş ölkədə olduğu kimi, Azərbaycanda da iqtisadiyyatın böyük potensialının yaradılmasının əsasını sənaye istehsalının yüksək inkişafı təşkil edir. Respublikada sənayenin məqsədəuyğun güclü inkişafı ilk növbədə malik olduğu müxtəlif imkanların mövcudluğundan, elmi-texniki nailiyyətlərdən istifadə edilmə dərəcəsindən asılıdır və ölkənin daxili tələbatının yerli istehsal hesabına daha tam ödənilməsi ilə təmin edilir. Azərbaycanda çoxsahəli sənaye istehsalının irəliləyişi üçün belə əlverişli ilkin zəminin mövcudluğunu düzgün qiymətləndirən ulu öndər Heydər Əliyev hələ keçən əsrin 70-80-ci illərində müstəmləkə sisteminin süni şəkildə yaratdığı bir çox məhdudiyyətləri cəsarətlə aradan qaldıraraq ilk dəfə respublika iqtisadiyyatının hərtərəfli yüksəliş ənənəsini yaratdı. Onun ən bariz nümunəsindən birini respublika ərazisinin əsas hissələrində məhsuldar qüvvələrin güclü inkişafı təşkil edirdi. Uzun müddət əsassız olaraq inkişaf vəziyyətinə görə geridə qalmış respublika regionları çox yüksək səviyyədə iqtisadi tərəqqi yolu keçərək həmin dövrdə onun sənayesi ümumi məhsulun beşdə iki hissəsini verməyə nail olmuşdu. Əfsus ki, sovet dövlətinin çökməsi ərəfəsində və müstəqilliyimizin bərpasının ilk aylarında bacarıqsız və məsuliyyətsiz ölkə başçıları hərcmərclik dövründə Azərbaycan iqtisadiyyatının vəziyyətini son dərəcə ağırlaşdırdılar, onun inkişafı xeyli məhdudlaşdı.

Respublikanın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev ilk gündən iqtisadiyyatın köklü bərpasının və sonrakı dirçəlişinin əsaslarını yaratdı. Qısa müddət ərzində ilk dəfə milli maraqlara cavab verən neft strategiyasını həyata keçirdi, bazar münasibətlərinin tələbinə uyğun ölkə iqtisadiyyatında köklü islahatlar apardı. Artıq keçən əsrin 90-cı illərinin ikinci yarısından sonra ölkə iqtisadiyyatında müntəzəm artım meyli yarandı.

Respublikanın mühüm sosial-iqtisadi inkişaf problemlərinin həlli ilə yanaşı, regionlarda da məhsuldar qüvvələrin yüksəlişinə başlandı. Əslində, regionların əvvəlki illərə nisbətən daha miqyaslı və əhatəli inkişafı cənab İlham Əliyevin adı ilə bilavasitə bağlıdır. Birinci dəfə ölkə Prezidenti seçildikdən sonra sosial-iqtisadi sahədə irəli sürdüyü ilk təşəbbüs regionların inkişafı ilə əlaqədar oldu. 2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ücüncü ilinin yekunlarına həsr edilmiş konfransda Azərbaycan Prezidenti İlham Əliyev geniş nitq söylədi və xüsusi olaraq vurğuladı: "Müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. Bu proqramların içində, əlbəttə ki, ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır... Beləliklə, 2004-cü ildə qəbul edilmiş proqram bizim bütün iqtisadi inkişafımıza təkan vermişdir".

Cənab İlham Əliyevin regionların 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı ilə bağlı 2004-cü ilin fevralında imzaladığı birinci sərəncamı və onun davamı olaraq 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramı haqqında 2009-cu ildə imzaladığı ikinci sərəncamı, əslində, "Əsrin müqaviləsi"ndən sonra ölkənin ümum milli tərəqqisinin ən böyük iqtisadi inkişaf konsepsiyasıdır. Bu dövrdə neft strategiyasının uğurla başa çatması ilə əlaqədar ölkənin xeyli miqdarda artan maliyyə resursları hesabına genişmiqyaslı tədbirlərin həyata keçirilməsi mümkün oldu. Göstərilən sərəncamlar əsasında təkcə regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar 1500 civarında irihəcmli müxtəlif tədbirlər gerçəkləşdirildi. Dövlət ilk növbədə istehsalın səmərəli inkişafı üçün zəruri infrastruktur şəbəkəsinin genişləndirilməsini və müasirləşdirilməsini təmin etdi. Nəticədə bu gün regionların başdan-başa elektrikləşdirilməsi başa çatmaq üzrədir, qazlaşdırma işləri yaxın bir neçə ildə qurtaracaqdır, bütün ərazilərdə çoxlu məktəblər, diaqnostika mərkəzləri, olimpiya idman kompleksləri yaradılır, magistral və kəndlərarası yolların əhatə dairəsi genişlənir və yeniləşdirilir, beynəlxalq əhəmiyyətli (Gəncə, Naxçıvan, Lənkəran, Zaqatala, Qəbələdə) hava limanları tikilib, yaxud yenidən qurulubs. Regionlarda müasirləşdirilən yeni infrastruktur sistemləri onlarda milli sahibkarlığın geniş vüsət alması və dövlət dəstəyi əsasında qeyri-neft sektorunun müxtəlif istehsal sahələrinin, o cümlədən iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin ayrı-ayrı sahələrinin çox sürətli inkişafını təmin etdi. Dövlət Statistika  Komitəsinin məlumatına görə, 2010-cu ildə respublikada 2646 fəaliyyətdə olan sənaye müəssisəsi vardı ki, onların da 1154-ü və ya 44 faizi ölkənin əsas sənaye mərkəzi olan Bakı da daxil olmaqla, Abşeron iqtisadi regionunun hüdudlarından kənarda - Azərbaycanın digər regionlarında yerləşir. Regionlarda yaradılan yeni sənaye müəssisələrindən Astarada, Xaçmazda, Qubada, Şəkidə, Naxçıvanda istismara verilən mobil elektrik stansiyalarını (bu yaxınlarda hərəsinin gücü 25 meqavat olan FüzuliTaxtakörpü su elektrik stansiyalarının da tikintisi başa çatdırılacaq), Naxçıvan avtomobilmineral su dolduran zavodlarını, İmişli Şəkər Zavodunu, Qəbələ liftpiano zavodlarını, Gədəbəy Qızıl Zavodunu, Gəncə Alüminium Zavodunu, Lənkəran, Xacmaz və Qəbələ konserv zavodlarını, Lənkəran Çay Fabrikini, Şamaxı Elektrotexnika Zavodunu və yüzlərlə başqa müəssisəni misal göstərmək olar. Son 8 ildə ölkədə yaranan 1 milyondan artıq yeni yerlərinin 80 faizdən çoxu bu regionların payına düşür. Hazırda həmin yerlərdə fəaliyyət göstərən sənaye müəssisələrində 65 mindən artıq işçi çalışır. Regionlarda yaradılmış yeni yerləri hesabına məşğulluğun səviyyəsi yüksəlmiş, ölkədə yoxsulluq son zamanlar 49,7 faizdən 7,6 faizədək aşağı enmişdir. Ümumiyyətlə, 2004-2011-ci illərdə regionların hesabına qeyri-neft sektoru 2,2 dəfə artmışdır. Qeyri-neft sektoru da sürətlə inkişaf edir, onun istehsal həcmi 2011-ci ildə 10 faiz, o cümlədən bu sektorun sənaye sahəsi 11 faizdən çox artmışdır.

Beləliklə, biz bu gün fəxrlə deyə bilərik ki, qeyri-neft sektorunun daha sürətlə inkişafı ilə əlaqədar dövlətin apardığı məqsədyönlü ardıcıl siyasət artıq öz bəhrəsini verir. İndi yanacaq sənayesi ilə yanaşı, qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının çiçəklənməsinə öz sanballı töhfəsini verir. Bir faktı qeyd edək ki, ölkədə neft istehsalı texniki səbəblər üzündən 2010-cu ildəki 50,8 milyon tondan 2011-ci ildə 46,5 milyon tona qədər aşağı düşsə və ya 8,5 faiz azalsa da, ÜDM istehsalı artmışdır və 2012-ci ildə daha sürətlə artmaqda davam edəcəkdir. Konfransda ölkə başçısı cənab İlham Əliyev qeyd etmişdir ki, "yaradılan və yaradılmaqda olan yeni sənaye müəssisələri bizim uzunmüddətli inkişaf strategiyamızı müəyyən edəcəkdir".

Azərbaycan regionlarının inkişaf imkanları hələ də böyükdür. Nəzərə almaq lazımdır ki, ölkədə  qeyri-neft sektorunun respublika üçün zəruri inkişafı əsasən regionların hesabına həyata keçməlidir. Orada əhalinin yaşı, cinsi və peşə təmayülü üzrə sənayenin kompleks inkişafı xüsusilə diqqət mərkəzində olmalıdır. Ancaq bu yolla, Prezident İlham Əliyevin dediyi kimi, əhalinin mərkəzə axınının qarşısını almaq olar. Bu baxımdan həm də sənayenin özünəməxsus inkişaf xüsusiyyətləri də nəzərə alınmalıdır. Məlumdur ki, sənaye iqtisadiyyatın aparıcı sahəsidir, öz yüksək dinamikliyi ilə seçilən bu istehsal sahəsinin inkişafının düzgün və səmərəli təşkili müqabilində bir çox əlaqəli sahələrin də yaranmasının mühüm amilinə çevrilir. Ona görə də hər hansı bir regionda yerli imkanlar və tələbat əsasında öz dinamikliyi ilə seçilən iri sənaye müəssisələrinin yaradılması həmin ərazidə iqtisadiyyatın inkişafına güclü təkan verir. Müstəqillik dövründə Azərbaycanın sənayesi çox güclü inkişaf yolu keçmişdir. ÜDM-in 2010-cu ildə quruluşunda sənayenin payı 53 faizə qədərdir. Lakin onun inkişafında müstəqil ölkəmizə ağır miras qalmış ərazi nisbətlərinin dövrün tələbinə uyğun tarazlanması hələ tamamlanmamışdır. Əksinə, Abşeronun müstəsna əlverişli infrastrukturu bir çox adamlarının istehsal fəaliyyətini daim genişləndirir. Sənayenin inkişafı üçün yerli imkanların çoxluğu burada onsuz da onun müxtəlif sahələrinin inkişafını həmişə təmin edəcəkdir və bu meyil hələ uzun müddət davam edəcəkdir. Belə şəraitdə regionlardan gətirilən müxtəlif xammal növləri əsasında burada istehsalın ərazi təşkilinin tələblərinə cavab verməyən müvafiq sənaye sahələrini inkişaf etdirmək nə qədər məqsədəuyğun və səmərəlidir? Həmin qəbildən olan müəssisələr ərazidə becərilməyən və gətirilmə tütünün, pambığın, fındığın emalı əsasında fəaliyyət göstərir. Belə müəssisələr sırasına Sumqayıt kağız emalı, bitki yağları zavodlarını, xovlu iplik parças. daxil etmək olar.  Bu yaxınlarda istismara verilmiş Qaradağ Tikinti Materialları Zavodunun əsas xammalını təşkil edən əhəng daşı Qazax rayonundan gətiriləcək, müəssisənin hazır məhsulunun bir hissəsi isə regionlara göndəriləcək. Ona Abşeronun məhdud torpaq fondundan 10 hektar sahə ayrılmış, zavodda çalışan 130 nəfərin əksəriyyəti isə regionlardan gələnlərdir. Belə misalları çox gətirmək olar. Nəticədə Azərbaycan sənayesinin 95 faizə qədərini Abşeron iqtisadi rayonu verir. Bu isə o deməkdir ki, Azərbaycan ərazisinin 6,3, əhalisinin 28,7 faizini təşkil edən Abşeron iqtisadi rayonundan sahəsinə görə 15, əhalisinə görə 2,5 dəfə böyük olan respublikanın başqa regionları birlikdə ona nisbətən 18 dəfə az sənaye məhsulu hasil edir. Hazırda əhalinin hər nəfərinə düşən sənaye məhsulunun həcminə görə Abşeron iqtisadi rayonu respublikanın orta səviyyəsindən 3,3 dəfə, 5 iqtisadi rayonundan on dəfələrlə, 3 iqtisadi rayonundan yüz dəfələrlə çox sənaye məhsulu hasil edir. Abşeronda sənaye istehsalının böyük həcmlə təmsil olunması, qeyd etdiyimiz kimi, regionun təbii sərvətlərlə xeyli zəngin olması ilə şərtlənsə də, burada istehsalın ərazi təşkilinə müvafiq olmayan xeyli müəssisələr də mövcuddur. Abşeron iqtisadi rayonunda sənayenin və onunla əlaqədar başqa istehsal sahələrinin həddən artıq təmərküzləşməsi, xüsusən Bakıda əhalinin sıxlığına (qeydiyyatda olmayan sakinləri hələ nəzərə almadan burada hər kvadratkilometrə 982 nəfər düşür) səbəb olmuş, şəhər həyatının son dərəcə mürəkkəbləşməsi (nəqliyyat tıxacları, əhalinin ərzaqla, mənzillə təminatında çətinliklər, kriminal hadisələrin artması və s.) ilə nəticələnmişdir. Buna görə də Abşeronun öz sərvətləri və tələbatı əsasında iqtisadiyyatının hələ də təbii olaraq artacağını nəzərə alaraq, burada həmin tələblərə cavab verməyən sənayenin başqa sahələrinin ərazidə bundan sonra inkişafı qəti dayandırılmalıdır.

Müstəqillik illərində Azərbaycanın digər iqtisadi rayonlarında da sənayenin bərpası və onun yeni sahələrinin yaradılması sahəsində olduqca əhəmiyyətli işlər görülmüşdür. Lakin bu müəssisələrin bir qismi çox kiçik olduğu üçün bəzən davamlı fəaliyyət göstərmir. Bu regionlarda olan sənaye müəssisələrində çalışan işçilərin sayına görə 3 iqtisadi rayonda olan müəssisələr Abşerondakı müəssisələrə nisbətən 1,3-1,5 dəfə, 4 rayonda isə 2 dəfəyə qədər kiçikdir. Kiçikorta sahibkarlıq bazar iqtisadi münasibətlərinin ən vacib əlamətlərindəndir. Yuxarıda qeyd etdiyimiz konfransda Prezident İlham Əliyev demişdir: "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişikbu  istiqamət bizə uğurlar gətirir". Uzun əsrlər bu sahədə böyük təcrübə əldə etmiş dünyanın qabaqcıl ölkələrində istehsalın fəaliyyəti göstərir ki, bu müəssisələr ancaq ərazinin sosial-iqtisadi həyatında böyük müsbət dəyişikliklər yaradan iri istehsal sahələrinin mövcudluğu şəraitində lazımi səmərə verir. Həm də kiçikorta sahibkarlıq yerli imkanlardan daha səmərəli istifadə etmək və əhalinin məşğulluq səviyyəsini artırmaq üçün iqtisadi regionların ərazisinin bütün hissələrində geniş inkişaf etməlidir. Qeyd etdiyimiz kimi, müstəqillik dövründə regionlarda da belə müəssisələr çox yaradılmışdır, onlar mövcud imkanlarına görə öz fəaliyyətlərini daha da genişləndirə bilərlər.

Faktlar göstərir ki, bu gün Azərbaycanın böyük tələbatının ödənilməsi və bu məqsədlə  regionlarda iri istehsal sahələrini yaratmaq üçün imkanlar xeyli çoxdur. Bunlardan tezliklə və təxirə salınmadan yüksək səmərə ilə işləyə biləcək iri müəssisələr hesabına Dövlət İnvestisya Şirkəti, Sahibkarlığa Kömək Milli Fondu, səhmdarlar cəmiyyətləri, Sahibkarlar Konfederasiyası, artıq istehsal yaratmaqda kifayət qədər təcrübə toplamış və böyük maliyyə resurslarına malik milli sahibkarlar dövlətin regionların inkişafına verdiyi yüksək dəstəyi və səyləri düzgün qiymətləndirərək daha işgüzar fəaliyyətə başlamalıdırlar. Belə imkanlardan biri haqqında yenə də xatırlatmaq istəyirəm. Bu, vaxtilə respublikamızın sosial-iqtisadi həyatında son dərəcə önəmli yeri olmuş toxuculuq sənayesidir. Göstərilən sahənin məhsuluna ölkənin tələbatı və onun inkişafının istehsal zəmini də çox böyükdür. Təxmini hesablamalara görə, Azərbaycanın ancaq pambıq parçalara olan tələbatı 100 milyon kvadratmetr (2010-cu ildə cəmi istehsal edilmişdir 1,1 milyon kvadratmetr) təşkil edir. Lakin bərpası son dərəcə zəruri olan bu sahəyə göstərilən qurumların münasibəti hələlik ürəkaçan deyildir. İlk növbədə məsələnin mahiyyətinə aydınlıq gətirmək üçün tələb olunan səviyyədə müxtəlif xammal istehsalının vəziyyətini nəzərdən keçirək. Pambıq xammalının bu gün Azərbaycanda alış qiyməti dünya bazarlarına nisbətən bir neçə dəfə aşağıdır. Nəticəsi də odur ki, vaxtilə 1 milyon ton pambıq istehsal edən Azərbaycanda 2010-cu ildə cəmi 38 min ton pambıq istehsal olunub. Belə getsə, ölkə fermerləri və kəndli təsərrüfatları pambıqçılıq sahəsində əsrlərlə əldə etdikləri səriştəni də tezliklə itirəcək və bununla da Azərbaycanın əlverişli torpaq-iqlim şəraitindən səmərəsiz istifadə etmək nümunəsi göstərəcəklər.

Eyni səbəbdən uzun əsrlərdən bəri milli qürurumuz olan baramaçılıq və ipək sənayesi də, demək olar ki,  öz inkişafını dayandırıb. Məgər unutmuşuq ki, yaxın keçmişdə Azərbaycanda 6 min ton barama və 30 milyon kvadratmetrdən artıq ipək parça istehsal olunurdu, həm də bu məhsulların hamısının hasilatı regionlarda cəmləşmişdi?! Yaranmış vəziyyətdə ölkənin aidiyyəti dövlət qurumları qiymətqoyma sahəsinə öz nəzarətlərini gücləndirməlidir. Ölkədə istehsal olunan 16 min tona qədər yun müvafiq xammal kimi xaricə satılır, halbuki onun hesabına respublikada bir neçə yun parça istehsal edən fabrik inşa etmək olar. Toxuculuq sənayesinin xammal bazasına olan diqqətsizlik onun istehsalını xeyli aşağı salıb. Yaşlı nəslin yaxşı yadındadır ki, hələ keçən əsrin 80-ci illərində respublikada bütün parça növlərinin istehsalı 190 milyon m2 təşkil edirditoxuculuq sənayesində 100 mindən artıq işçi çalışırdı. Bu gün həmin müəssisələr mövcuddur, sadəcə olaraq onları müasir texnologiyalar əsasında yenidən  qurmaq lazımdır. Nəticədə Azərbaycan öz böyük tələbatını ödəməklə yanaşı, dünya bazarlarına daha ucuz toxuculuq malları çıxara bilər. Bundan başqa, respublika tikiş sənayesinin əvvəlki yüksək inkişaf səviyyəsini bərpa edər, daha da genişləndirər. Başqa sənaye sahələrinin inkişafı barədə müfəssəl danışmadan, qeyd etmək lazımdır ki, hazırda Gəncə şəhərində inşa edilən metal emalı zavodundan əlavə, regionlarda maşınqayırmanın, xüsusən alternativ enerji istehsalı üçün avadanlıqlar (çox yaxşı ki, artıq Azərbaycanda günəş panelləri istehsalı yaradılır), mühərriklər istehsal edən zavodlar, Heydər Əliyev adına BTC neft boru kəmərinə yaxın yerləşən şəhərlərin birində (Gəncə, Yevlax) neft emalı zavodu, sanitar-gigiyena şəraitinə nəzarət edən çörək zavodları, konserv zavodları və başqa emal qeyri-neft müəssisələrinin yaradılması üçün imkanlar mövcuddur. Digər tərəfdən, regionlarda əsaslı sənaye sahələrinin inkişafı yerli əhalini, xüsusən gənc qadınları ictimai həyata geniş cəlb etməklə, onları savadlandırmaqla vaxtsız və qanunsuz nikaha daxilolmaların da qarşısını alar.

Regionlarda sənayenin inkişafının düzgün təşkilinin daha bir məsələsi barədə. Məlumdur ki, Azərbaycan ərazisi təbii xüsusiyyətlərinə və iqtisadi inkişaf istiqamətlərinə görə 10 iqtisadi rayona bölünmüşdür. Hər birinin də tarixən formalaşmış mədəni-iqtisadi mərkəzi vardır. Məsələn, Naxçıvan iqtisadi rayonunda bu mərkəz Naxçıvan şəhəridir, Gəncə-Qazax iqtisadi rayonunda -  Gəncə, Lənkəran iqtisadi rayonunda - Lənkəran, Quba-Xaçmaz iqtisadi rayonunda - Xaçmaz, Dağlıq Şirvan iqtisadi rayonunda - Şamaxı və s. Bunlardan başqa, əraziləri böyük olan bəzi iqtisadi rayonlarda, mədəni-iqtisadi inkişaf üçün imkanları yüksək olan şəhərlərdə (Qazax, Mingəçevir, Yevlax, Şirvan, Salyan, İmişlis.) ümumi inkişaf meyilləri xeyli güclüdür. Ona görə də bu şəhərlərin sosial-iqtisadi və mədəni inkişaf imkanlarından düzgün və səmərəli istifadə etməklə iqtisadi regionların daha yüksək tərəqqisi xeyli sürətləndi. Dünya təcrübəsi göstərir ki, bu inkişaf meyli son nəticədə sosial-iqtisadi tərəqqiyə əhəmiyyətli dərəcədə təsir edən böyük şəhərlər (200-300 min əhalisi olan) sisteminin təşəkkülünə səbəb olur. Regionların əsas istehsal mərkəzləri olan bu şəhərlərdə (əyalət paytaxtları) öz imkan və şəraitinə uyğun əsasən ölkə və iqtisadi region təmayüllü iri sənaye müəssisələri cəmləşir. Getdikcə istehsalı və əhalisi artan həmin şəhərlərdə sənayenin, tikintinin, nəqliyyatın, müxtəlif  xidmət sahələrinin xeyli genişlənməsinə və əhalinin məqsədəuyğun məskunlaşması nəticəsində əlavə yerlərinin açılmasına səbəb olur. İri fermer təsərrüfatlarının yaranması, elmi-texniki nailiyyətlərin nəticələrinin və mexanikləşmənin tətbiqi hesabına kənd təsərrüfatından mütəmadi azad olan kənd əhalisinin bir qismi bu şəhərlərdə məskunlaşır, daha səbəb olmadan paytaxta yaşamağa getməyə can atmır. Həmin şəhərlərin iqtisadi regionunun başqa yaşayış məntəqələrinə aralıq mövqe tutması, bütün iqtisadi region əhalisinin rahat istifadəsində olacaq nəqliyyat şəbəkəsinin müntəzəm olaraq genişlənməsi və müasirləşməsi, kənd təsərrüfatından azad olan başqa qismin isə 30-40 dəqiqə vaxt sərf etməklə yerlərindən və mədəni-məişət xidmət imkanlarından bəhrələnən insanlar (Bakının müxtəlif yerlərində hazırda bu məqsədlər üçün sərf edilən vaxt 1 saatdaha çox olur) öz doğulduqları yerlərdə məskunlaşmalarını davam etməklə çox kəndlərin boşalmasının qarşısını alacaqlar. Təbii ki, əhalinin maddi təminatının daim yüksək səviyyədə ödənilməsi ilə yanaşı, onun mədəni-mənəvi, ruhi tələblərini qane etmək də gündəmə gəlir. Bu şəhərlərdə əhalinin artması onların bəzilərində teatrlar (indi artıq bir çoxlarında uğurla fəaliyyət göstərir), filarmoniya, opera, konservatoriya, rəsm studiyaları, xalq çalğı və simfonik orkestrləri və s. incəsənət ocaqları, zəngin mərkəzi kitabxana, iqtisadi regionun inkişaf istiqamətinə uyğun olan tədqiqat mərkəzi, texniki peşə məktəbi, kollec, hətta ali məktəb də yaranır. Bunlar yerli istedadların üzə çıxarılması ilə yanaşı, əhalinin ümumi intellektual səviyyəsinin yüksəldilməsində misli görünməmiş xidmətlər göstərirlər.

Son 8 ildə Azərbaycanda ümumi daxili məhsulun 3 dəfədən çox artması ölkənin iqtisadi potensialını xeyli gücləndirmişdir. Nəticədə Azərbaycan Cənubi Qafqaz respublikalarının birlikdə iqtisadiyyatının 80 faizdən artığını verir. Qarşıdakı dövrdə - cəmisi 10 il ərzində (2013-2023-cü illərdə) ölkədə ümumi daxili məhsulun həcmi daha 2 dəfə artacaqdır. Bu hədəfə nail olmaqla Azərbaycanın dünyanın inkişaf etmiş qabaqcıl ölkələrinin sırasına daxil olması xeyli sürətlənəcəkdir.

Gəlin hər cəhətdən böyük inkişaf yollarında olan respublikamızın daha da çiçəklənməsi naminə ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək hamılıqla bu amala böyük xidmət əzmkarlığımızı davam etdirək!

 

 

Asəf NADİROV,

akademik

 

Azərbaycan.- 2012.- 10 aprel.- S. 4.