Azərbaycan
Şəhər Bələdiyyələri Milli
Assosiasiyasının Mingəçevirdə keçirilən ümumi yığıncağında qurumun son birillik
fəaliyyəti müzakirə edilmişdir
Aprelin 9-da Mingəçevir şəhərində Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev hesabat məruzəsi ilə çıxış etmişdir. O, ölkə iqtisadiyyatının yüksək sürətlə və sabit inkişafını, bu inkişafın əhalinin maddi rifah səviyyəsinə müsbət təsirini qeyd edərək vurğulamışdır ki, 1999-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış bələdiyyələr bu gün sürətlə inkişaf edir, bələdiyyə üzvləri arasında qadınların və gənclərin sayı artır. Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası 2006-cı ildə yaradılmış və ölkənin 67 şəhərinin bələdiyyə qurumlarını könüllülük əsasında ətrafında birləşdirir. Bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə, həmin fəaliyyətin beynəlxalq hüquq normalarına və mövcud qanunvericiliyə uyğun olaraq qurulmasına, ortaya çıxan problemlərin birgə həll edilməsinə kömək göstərən assosiasiya ölkədə yerli özünüidarəetmənin daha da inkişafına və möhkəmləndirilməsinə nail olmağa çalışır.
Ə.Babayev rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, görülmüş işlər barədə geniş məlumat vermişdir. Məruzəçi assosiasiyanın fəaliyyətinin bütün aspektlərini konkret faktlar və rəqəmlər əsasında açıqlayaraq onun işini hərtərəfli təhlil etmişdir. Yerli özünüidarəetmənin inkişafı, vətəndaş cəmiyyətinin yaradılması, habelə demokratik prinsiplərin təbliğatında təşkilatın rolunun artması assosiasiyanın fəaliyyətinin prioritet istiqamətidir. Ötən ilin aprelindən bəri bələdiyyələrin fəaliyyəti ilə bağlı mövcud qanunlara bir sıra əlavə və dəyişikliklər edilmiş, ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunan iqtisadi artım bələdiyyələrin inkişafı üçün münbit şərait yaratmış, bələdiyyələr yerli əhəmiyyətli sosial məsələlərin həllində fəallıq nümayiş etdirmişlər. Assosiasiyanın "Bir bələdiyyə - azı bir layihə" təşəbbüsü çərçivəsində qabaqcıl təcrübəni öyrənmək və geniş yaymaq məqsədi ilə əhalinin gündəlik ehtiyaclarından irəli gələn sosial sifarişlərin yerinə yetirilməsinə xüsusi diqqət yetirilmişdir. Yerli əhəmiyyətli yolların bərpası istiqamətində daha çox layihə həyata keçirilmişdir. Məruzədə qeyd edilmişdir ki, ümumilikdə respublikamızda yolların saxlanılması üçün şəhər və kənd bələdiyyələri tərəfindən icra olunan 1.259 layihənin icrasına 5 milyon 700 min manat, abadlaşdırma və yaşıllaşdırma işlərinin görülməsi üçün 745 layihənin icrasına 1 milyon 600 min manat, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün 359 layihənin icrasına 730 min manat vəsait xərclənmişdir. Bu layihələrdən 303-nün icrası şəhər bələdiyyələri tərəfindən həyata keçirilmişdir və bunun üçün 3 milyon 670 min manat vəsait xərclənmişdir. Vətəndaşların bələdiyyələrə marağının artırılması məqsədi ilə "Azərbaycanda yerli demokratiya həftəsi" tədbirləri həyata keçirilmişdir. "Həftə" ərzində şəhər bələdiyyələri də daxil olmaqla vətəndaşlarla keçirilmiş 6.207 görüşdə ümumilikdə 430 mindən artıq insan iştirak etmiş, 50 minə yaxın fərdi qəbul aparılmışdır. Görüşlərdə vətəndaşların gündəlik ehtiyaclarından irəli gələn sosial sifarişlər öyrənilmiş, yerli əhəmiyyətli vacib məsələlər icra edilmişdir. Bələdiyyələrin ərazisində operativ əlaqələrin təmin edilməsi üçün "Qaynar telefon", "Bələdiyyə poçtu" yaradılmış, məlumat lövhəsi quraşdırılmışdır.
Ə.Babayev assosiasiya xətti ilə keçirilmiş sosial, mədəni və idmanyönümlü çoxsaylı tədbirlər barədə geniş məlumat verməklə yanaşı, Milli Məclisin Regional məsələlər komitəsi, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar, yerli və beynəlxalq QHT-lərlə, xarici ölkələrin bələdiyyə assosiasiyaları ilə əməkdaşlıq əlaqələrinin də davam etdirildiyini bildirmişdir. Sədr bələdiyyə sisteminin optimallaşdırılması mövzusuna toxunaraq müasir informasiya texnologiyalarından istifadənin zəruriliyini xüsusi vurğulamış, həmkarlarını elektron məlumatlar sistemini daha fəal tətbiq etməyə çağırmışdır.
Assosiasiyanın nəzarət-təftiş komissiyasının sədri Eldar Əhmədovun çıxışından sonra yığıncaq iştirakçıları assosiasiyanın 2012-ci il üçün büdcəsini müzakirə etmişlər. Yığıncaqda çıxış edən Gəncə, Mingəçevir, Şabran, Ağsu, Göygöl bələdiyyələrinin sədrləri Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının fəaliyyətini qənaətbəxş qiymətləndirmiş, özünüidarəetmə orqanlarının uğurlu fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlər qaldırmışlar. Açıq dialoq və işgüzar şəraitdə keçən ümumi yığıncaqda bələdiyyələrlə dövlət hakimiyyəti orqanlarının qarşılıqlı münasibətlərinin tənzimlənməsi ilə əlaqədar bir sıra aktual məsələlər qaldırılmışdır.
Yığıncaqda Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Pənah Cahangirov və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə çıxış edərək dövlət başçısı İlham Əliyev tərəfindən ölkə vətəndaşlarının həyat səviyyəsini yaxşılaşdırmaq üzrə qarşıya qoyulmuş məsələlər və bununla bağlı bələdiyyələrin artan rolunu yığıncaq iştirakçılarına xatırlatmışlar. Onlar yerli özünüidarəetmə orqanlarının peşəkarlığını qeyd etmiş, Azərbaycan bələdiyyə sisteminin effektivliyinin və fəallığının artırılmasının vacibliyini vurğulamışlar.
Tədbirdə şəhər bələdiyyələri
sədrlərinin sualları cavablandırılmış, onlara tövsiyələr
verilmişdir.
Azərbaycan.- 2012.- 10 aprel.- S. 5.