Bakıda “Cənubi Qafqaz 2021: Neft, Demokratiya və
Geosiyasət” adlı kitabın təqdimatı
olmuşdur
Aprelin 9-da "Park Hyatt Baku" mehmanxanasında ABŞ-ın Ceymstaun Fondunun nəşri olan "Cənubi Qafqaz 2021: Neft, Demokratiya və Geosiyasət" adlı kitabın təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən təşkil olunmuşdur.
Mərasimdə çıxış edən SAM-ın direktor müavini Gülşən Paşayeva bildirmişdir ki, dünyanın bir çox ölkələrindən 13 müəllifin imzası ilə dərc olunan kitaba Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev və ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz proqramının rəhbəri Frederik Star ön söz yazmışlar.
G.Paşayeva demişdir ki, kitabda fövqəlgüclərin regiondakı maraqları, miqrasiya məsələləri, Türkiyə-Ermənistan sərhədlərinin açılması ətrafında baş verən proseslər və digər mövzularla bağlı təhlillər yer almışdır.
ABŞ-da kitab çap etməyin çətin olduğunu deyən Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadə bildirmişdir ki, yeni nəşri maraqlı edən cəhətlərdən biri onun müəlliflərinin müxtəlifliyidir. Qeyd edilmişdir ki, Azərbaycanın dünyaya daha yaxından tanıdılması üçün bu kitabın böyük əhəmiyyəti vardır.
Kitabın Cənubi Qafqazda baş verən prosesləri öyrənmək baxımından mühüm vasitə olduğunu deyən F.İsmayılzadə bu nəşrin ABŞ-da müxtəlif beyin mərkəzlərinə, ali təhsil müəssisələrinə və kitabxanalara paylandığını diqqətə çatdırmışdır.
Azərbaycan ilə əməkdaşlıqdan məmnun olduqlarını deyən Ceymstaun Fondunun prezidenti Qlen Hovard ölkəmizin siyasi və iqtisadi baxımdan dünyada vacib rol oynadığını, Qafqaz iqtisadiyyatının üçdə ikisini əhatə etdiyini bildirmişdir. Q.Hovard Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın mühüm rol oynadığını xüsusi vurğulamış, yeni nəşrin əhəmiyyəti haqqında fikirlərini bölüşmüşdür. Qeyd edilmişdir ki, yaxın gələcəkdə Qafqaz və Xəzər bölgələrində baş verə biləcək dəyişiklikləri də əhatə edən kitabda müxtəlif ölkələrdən analitiklərin düşüncələrinin əksini tapması təqdirəlayiqdir.
Milli Məclisin
deputatları Səməd Seyidov və Asim Mollazadə çıxış edərək
kitabın əhəmiyyəti haqqında fikirlərini tədbir
iştirakçılarına çatdırmışlar.
Azərbaycan.- 2012.- 10 aprel.- S. 5.