Aqrar-Sənaye Kompleksi məsələləri üzrə
növbəti iclasda Azərbaycan ilə
bağlı hesabat dinlənilmişdir
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov Ukraynanın Kiyev şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin Hökumətlərarası Şurasının Aqrar-Sənaye Kompleksi məsələləri üzrə növbəti iclasında iştirak etmişdir.
İclasın gündəliyində Birlik dövlətlərinin aqrar-sənaye kompleksinin 2011-ci il üçün yekunları, əsas ərzaq məhsullarının birgə balansının formaları və hesablanması metodikası, cari ilin oktyabr ayında Türkmənistanın Aşqabad şəhərində keçirilməsi nəzərdə tutulan MDB-də ərzaq təhlükəsizliyinin qorunması üzrə Beynəlxalq elmi-texniki konfransa hazırlıq, aqrar sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və digər məsələlər müzakirə olunmuşdur.
A.Aslanov iclasda çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən aqrar islahatlardan danışmış, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, qəbul olunmuş dövlət proqramları nəticəsində yeni iş yerlərinin açılması, ərzaq təhlükəsizliyinin həlli, yoxsulluğun kəskin azaldılması, ölkəmizin aqrar istehsal və emal sahəsində əldə etdiyi nailiyyətlər, beynəlxalq təsisatlar tərəfindən maliyyələşən layihələr barədə iclas iştirakçılarına məlumat vermişdir.
Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 10 aprel.- S. 6.