Türk ruhunu özündə qoruyan qardaş ölkə

 

 "Yadımdadır ki, hörmətli Heydər Əliyev "Manas" dastanının 1000 illik yubileyi ilə bağlı Bişkekdə olanda demişdir: "Dinimiz bir, dilimiz bir, kökümüzbirdir".

 

 Qırğızıstan Prezidenti Almazbek Atambayev

 

 

Qırğızıstan Prezidenti ölkəmizdə rəsmi səfərdə oldu. Yüksək səviyyədə keçən danışıqlar, imzalanan sənədlər Azərbaycan-Qırğızıstan əlaqələrini yeni bir mərhələyə çıxartdı. Anadolu türklərinin sevə-sevə Qazaxıstanla yanaşı "ata yurd" dedikləri Qırğızıstan, sözün həqiqi mənasında, böyük türk ruhunu sədaqətlə qoruyub saxlayan ölkələrdən biridir. Bəşər mədəniyyətinə bəxş etdiyi "Manas" dastanı və Çingiz Aytmatov sənəti ilə qırğız xalqı ümumtürk ruhunun güclənməsində də öz sözünü deməkdədir. Bəs bizdən uzaq olduğu qədər də yaxın olan bu ölkə barədə nələri bilirik?

Qırğızıstan digər sovet respublikaları kimi öz müstəqilliyinə 1991-ci ilin 31 avqustunda sovetlər birliyi dağıldıqdan sonra qovuşa bildi. Digər keçmiş sovet respublikaları kimi müstəqillikdən doğan acı və şirin nə varsa, hamısını dadmaqdadır -  iqtisadi həyatı canlanır, insanlarının sosial problemləri tədricən öz həllini tapır. 1999-cu ilin məlumatlarına görə, ölkədə əsasən qırğızlar  (64,86 faiz),  özbəklər (13,79 faiz), ruslar (12,51 faiz), digər xalqlar, o cümlədən azərbaycanlılar (8,84 faiz) yaşayırlar. Qırğızıstanın ərazisi 199 900 km, əhalisi 2009-cu ilin hesablamalarına görə, 5 362 000 nəfərdir. Pul vahidi -somdur. Kimsə nə vaxtsa Qırğızıstana, Bişkekə zəng etmək istəsə, bu koddan istifadə etməli olacaq: +996.

2010-cu ilin aprelində ölkədə baş verən siyasi hadisələrdən sonra Roza Otumbayevanın rəhbərliyi ilə müvəqqəti hökumət yaradıldı, ölkədə əmin-amanlıq bərqərar oldu. 30 oktyabr 2011-ci ildə Almazbek Atambayev ölkə Prezidenti seçildi. Onu da qeyd edək ki, Qırğızıstan regionda yeganə parlament respublikasıdır.

Dənizə çıxışı olmayan Qırğızıstanın qonşuları şimalda Qazaxıstan, qərbdə Özbəkistan, cənub-qərbdə Tacikistan və cənub-şərqdə Çin Xalq Respublikasıdır. Tanrı dağları ölkənin 80 faizini əhatə etdiyi üçün respublikanı bəzən "Mərkəzi Asiyanın İsveçrəsi" adlandırırlar. Tanrı dağlarının şimal-qərbində yerləşən və ölkənin ən böyük gölü olan İssıkkul gölü Titikakadan sonra dünyanın ən hündür dağ gölüdür və insanlar onu həqiqətən Tanrının qırğızlara hədiyyəsi kimi qəbul edirlər.

 

 

Təbiəti, suları və insanları

 

 Qırğızıstan Respubliikası Mərkəzi Asiyada, okeanlardan uzaq, materik daxilində yüksək dağlıq regionda - Tyan-Şan, Talas, Qırğız, Türküstan dağlarında yerləşir. Ən uca zirvələri Qələbə piki (7439 metr) və Xan-Tenqridir (6995 metr). Dağlar arasında geniş İssıkkul, Narın, Talas vadiləri və Fərqanə çökəkliyinin Qırğızıstana aid olan cənub və şərq dağətəyi sahələri yerləşir. Ərazinin 95 faizi 1000 metrdən yüksəkdə yerləşir. Qırğızıstan ərazilərində dağəmələgəlmə prosesi hələ də davam edir. Burada əlvan metallar - mis, molibden, demir filizi, qızıl, civə, qurğuşun yataqları, dağarası çökəkliklərdə isə neft və kömür ehtiyatları var.

Qırğızıstan ərazisi subtropik və mülayim iqlim qurşağında yerləşir. Orta və yüksək dağlıqda sərt iqlim, dağarası çökəkliklərdə bir qədər mülayim iqlim hakimdir.

Qırğızıstan çayları Aral, Tarim, İssıkkul və Balxaş hövzələrinə tökülür.  Çaylar böyük enerji mənbəyidir. Çu, Narın, Çatkal, Aksay çayları daha böyükdür, onların üzərində su anbarları və  elektrik stansiyaları tikilib. Burada həm də 2 mindən artıq dağ gölü var. Bunlardan ən böyükləri İssıkkul, Songöl və Çatırgöldür.

 

Torpaq və bitki örtüyü yüksəkliyə görə və yamacların səmtindən asılı olaraq kəskin dəyişir. Çox yağıntılı yüksəkliklərdə küknar, qoz meşələri, Türküstan, Alatau, Talas dağlarında isə meşə-kollar yayılmışdır. Yüksək dağ vadilərindəki dağ-çöl, dağ-çəmən, dağ-tundra bitkiləri heyvandarlığın inkişafında böyük rol oynayır. Dağlar daimi qar və buzla örtülüdür. Buzlaqların ümumi sahəsi 6578 kvadratkilometrdən artıqdır. Xan-Tenqri massivindəki buzlaq sahəsi daha böyükdür.

Qırğızların etnik tarixi hun, sak və usun qəbilələri ilə bağlıdır. Bu qədim türk qəbilələri e.ə VII əsrdə köçəri tayfa ittifaqları yaratmışdılar. Sonrakı əsrlərdə Qırğızıstan ərazisi müxtəlif yadelli dövlətlərin əsarəti altına düşmüşdür. Ölkə XIX əsrdə Rusiyanın tərkibinə daxil edilmişdir. Qırğızıstan çoxmillətli ölkədir. Qırğızıstanda taleyin hökmü ilə 1930-1940-cı ilərdə buraya sürgün olunan azərbaycanlılar da yaşayırlar. Qırğızıstan Prezidenti azərbaycanlıların bu ölkədəki fəaliyyətinə toxunaraq dünənimizə, keçmişimizə də nəzər salaraq  demişdir: "Qırğızların və azərbaycanlıların dövlətçilik yolu çox çətin və keşməkeşli olmuşdur. Atalarımız və babalarımız çox cəsur və azadlığı sevən insanlar olmuşlar. Onlar əsrlər boyu türk ruhunu özlərində qoruyaraq tariximizi, adətlərimizi bu günə qədər yaşadıblar. Biz atalarımızın və babalarımızın dediklərinə əməl etməliyik".

Ölkədə əhalinin 48 faizi kənd təsərrüfatı və heyvandarlıqla məşğuldur. Qırğızıstan 2003-cü ildə 22,5 ton qızıl istehsal edərək Rusiya və Özbəkistandan sonra MDB-də üçüncü yerə çıxdı. 2000-ci ildən iqtisadiyyatda artım hiss olunmaqdadır. Ölkəyə daxil olan əsas pul kütləsi - 800 milyon dollar müxtəlif ölkələrdə çalışan etnik qırğızlara məxsusdur. Xeyli vaxtdır ölkəni Çin və Özbəkistanla birləşdirməklə Avropaya çıxışı təmin edəcək dəmiryolu barədə danışıqlar davam etməkdədir. İndi ixrac etdiyi pambıq, yun, ət, tütün məmulatları, qızıl, uran, məişət malları və s. İsveçrə, Rusiya, Özbəkistan, Qazaxıstan, Fransa bazarlarına çıxarılır.

Bu ölkədə insanlar 70 yaşı adlaya bilirlər. Qırğızlarla, azərbaycanlılarla yanaşı, qazaxlar, uyğurlar, ruslar, ukraynalılar, almanlar, tatarlar da ölkənin gələcəyi üçün birləşərək çalışmaqdadırlar. Təbii artım yüksəkdir - hər 1000 nəfərə 16 nəfər. Orta sıxlıq 1 kvadratkilometrə - 27 nəfərdir. Əhalisi çox sıx olan ərazilər Çu, Fərqanə və Talas vadiləridir. Şəhər əhalisinin, demək olar ki, 40 faizi Qırğızıstanın paytaxtı Bişkekdə yaşayır. Qırğızlar cəm halda ölkə sərhədlərindən kənarda da yaşayırlar. Şəhər həm də ölkənin böyük elm və mədəniyyət mərkəzidir.

Qırğızıstan iqtisadiyyatına görə aqrar-sənaye ölkəsi sayılsa da, burada əlvan metallurgiya sənayesi də inkişaf etmişdir, civə, sürmə, qalay, qurğuşun-sink filizləri çıxarılır, tikinti materialları istehsal olunur. Qırğızıstanda ildə on minlərlə ton pambıq, taxıl, tütün, üzüm, kartof, tərəvəz yığılır. Qırğızıstan taxıla olan tələbatını tam ödəyir. Heyvandarlığın aparıcı sahələri zərifyunlu qoyunçuluq və atçılıqdır. İldə 15 min tondan çox yun istehsal edilir ki, bu sahədə dünyada üçüncü yeri tutmaq deməkdir.

Ölkə ərazisi dəmiryolu nəqliyyatı ilə tam təmin olunmasa da, xarici iqtisadi əlaqələr, əsasən dəmiryolu vasitəsilə həyata keçirilir. Əsas avtomobil yolları Bişkek-Oş, Bişkek-Balıqçı, Bişkek-Narın respublikanın ən mühüm sənaye və kənd təsərrüfatı rayonlarını birləşdirir. Təyyarə uçuşları 50-dən çox dövləti əhatə edir.

 

Ata yurdun gözəllikləri

 

Nəinki Qırğızıstanın, eləcə də Mərkəzi Asiyanın füsunkar təbiət abidəsi olan İssıkkul gölü beynəlxalq əhəmiyyətli turizm, müalicə və istirahət mərkəzidir. Gölü dünya turizm mərkəzlərindən birinə çevirmək üçün dövlət proqramı hazırlanıb. O, ölkənin şimal-şərqində dəniz səviyyəsindən 1609 metr yüksəklikdə yerləşir. İssıkkul su ehtiyatlarına görə dünyada beşinci yeri tutur. Onun sahillərində çoxlu pansionatlar və istirahət mərkəzləri fəaliyyət göstərir. Ala Tau dağlarında, eyni zamanda, digər iki böyük göl də yerləşib - Songöl və Çatırgöl. İssıkkuldan 50 kilometrə şərqə doğru təbiətin əsl möcüzələrindən biri olan buzlu bir göl də yerləşir. Bu göldə qışda aysberqlər üzür, yayda isə su müəyyən səviyyəyə çatdıqdan sonra tamamilə yoxa çıxır.

Yoxa çıxmayan yalnız bu diyarın vəfalı, etibarlı sakinləridir. Turistləri bu diyara cəlb edən onların əsrlərin sınağında keçib gələn qonaqpərvərliyi, bir də gözəl, səliqəli, qədim şəhərləridir. Onların isə sayı çoxdur: Bişkek, Oş, Cəlalabad, Qaragöl, Toxmaq. Ölkə  özü isə ərazi cəhətdən yeddi vilayətə, 42 rayona bölünüb. Çuy, İssıkkul, Talas, Narın, Calalabad, Oş, Batken vilayətlərində 22 şəhər, 429 kənd - aul birləşir.

Qırğızıstanın dənizə çıxışı olmasa da, ölkə ərazisinin dördəüçünü dağlar təşkil edir. 7439 metr hündürlüyə malik olan Qələbə zirvəsi də qırğızların payına düşüb (çinlilər bu dağa Tomur dağı deyirlər). Qırğız xalqının məşhur yazıçısı, dünya şöhrətli Çingiz Aytmatovun əsərlərindəki bir çox hadisə məhz bu dağlarla, xüsusilə "Qırmızı yaylıqlı qovağım mənim" povestindəki qəhrəmanların ömür yolu bu dağlarla, Tyan-Şanın, Pamirin qarı-buzu ilə əlaqəlidir. Ölkənin, demək olar ki, bütün sərhədləri dağlardan, dağ zirvələrindən, yüksəkliklərdən keçir. Ölkə dəniz səviyyəsindən 401 metr, bəzi yerlərdə 1000-dən 3000 metrə qədər yüksəklikdə yerləşir. Hətta 3000 metrdən 4000 metrədək olan ərazilər də az deyil. Çin və Qazaxıstanla sərhəddə Qələbə zirvəsi, Lenin zirvəsi ilə yanaşı, 6995 metr yüksəklikdən Xan-Tenqri - Tanrı dağı da qürurla ətrafa boylanır. Bu, həm də türkün şərəfli tarixindən doğur.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti ilə görüşündə məhz xalqlarımız arasında, türk xalqları arasındakı dostluq, qardaşlıq əlaqələrinə toxunaraq bir daha qeyd etmişdir: "Sizin Prezident kimi ilk rəsmi səfərlərinizdən birini Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Bu, dostluq və qardaşlıq əlamətidir. Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında münasibətlərdə yeni səhifə açacaqdır. Bizim qardaş xalqlarımız əsrlər boyu həmişə sülh və dostluq şəraitində yaşamış, həmişə bir-birinə böyük sevgi və rəğbətlə yanaşmışlar".

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 10 aprel.- S. 6.