Parisdə “Əli və Nino” əsəri əsasında
səhnələşdirilmiş musiqili tamaşa nümayiş etdirilmişdir
Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) dəstəyi ilə Parisin Sorbon Universitetində azərbaycanlı yazıçı Qurban Səidin "Əli və Nino" əsəri əsasında hazırlanmış musiqili tamaşa nümayiş etdirilmişdir.
Fransız musiqisevərlərinə yaxşı tanış olan azərbaycanlı gənc pianoçu Səidə Zülfüqarovanın ideyası və layihəsi əsasında Şarlot Lorionun səhnələşdirdiyi tamaşada fransız və rus aktrisaları Flaviya Tursin və Olqa Qişina-Maqno əsərdən məhz tamaşa üçün seçilmiş parçaları fransız dilində ifa etmişlər. Həmin parçalara uyğun olaraq, Azərbaycan-Fransa Gənclik Assosiasiyasının üzvləri xalqımıza məxsus toy mərasimindən bir hissə göstərmiş və milli rəqslərimizi ifa etmişlər. Gürcülərdən ibarət "Laz" ansamblının ifa etdiyi mahnılar və oynaq rəqslər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Musiqili tamaşada S.Zülfüqarova fortepianoda dahi Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, Vaqif Mustafazadənin, Azər Rzayevin, habelə avropalı bəstəkarlardan Frits Kreyslerin, Jüle Massnenin, S.Raxmaninovun əsərlərini səsləndirmişdir. Onu skripkada Prisil Lyaşa Sarret müşayiət etmişdir.
Tamaşada fransız musiqisevərləri, Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları, diaspor təmsilçiləri və burada təhsil alan tələbələrimiz iştirak etmişlər.
İki saata yaxın davam etmiş tamaşa böyük maraqla qarşılanmışdır.
Əsgər
ƏLİYEV
Azərbaycan.- 2012.- 10 aprel.- S. 8.