Azərbaycan
Respublikasında yeni Neft-Qaz
Emalı və Neft-Kimya Kompleksinin
inşasına həsr olunmuş forumun iştirakçılarına
Hörmətli forum
iştirakçıları!
Sizi ölkəmizdə yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşasına həsr olunmuş forumun öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə işlərinizdə uğurlar arzu edirəm.
On səkkiz il bundan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın yeni neft strategiyasının bünövrəsi qoyulmuş və respublikamızın uzunmüddətli inkişaf perspektivləri müəyyənləşdirilmişdir.
Ötən dövr ərzində ölkəmiz dünyada enerji daşıyıcılarının etibarlı təchizatçısı kimi tanınmışdır. Neft sahəsində nüfuzlu şirkətlərlə bağlanan sazişlər, tərəfdaşlıq müqavilələri və neft-qaz layihələrinə yatırılan sərmayələr öz bəhrəsini vermiş, qeyri-neft sektorunun inkişafına əlverişli zəmin hazırlamışdır.
Neft-qaz əməliyyatlarından əldə edilən gəlirlərin saxlanılması və səmərəli idarə olunması üçün ölkəmizdə Dövlət Neft Fondu yaradılmışdır. Uzun illərdən bəri tam şəffaf şəkildə fəaliyyət göstərən fondun vəsaitləri xalqımızın rifah halının daha da yüksəldilməsi naminə ən zəruri layihələrin gerçəkləşdirilməsinə yönəldilir.
Neft strategiyasının hasilatı və nəqletmə sahələrində qazanılan nailiyyətlərin məntiqi davamı olaraq, bu gün əsas məqsədlərimizdən biri Azərbaycanda rəqabətə dayanıqlı, müasir standartlara cavab verən neft və neft-kimya məhsulları istehsal edəcək yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşa edilib istismara verilməsidir.
Əminəm ki, forum çərçivəsində aparılan dolğun müzakirələr, geniş təhlillər və təcrübə mübadiləsi iqtisadi inkişaf istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsində əhəmiyyətli rol oynayacaqdır.
Ən xoş arzularla,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 aprel
2012-ci il
Azərbaycan.- 2012.- 11 aprel.- S. 1.