Məmməd Səid Ordubadinin 140 illik yubileyi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 2012-ci ildə görkəmli Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 ili tamam olur.

Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. Çoxşaxəli ədəbi fəaliyyət göstərən və bir çox məşhur operaların librettosunun müəllifi olan sənətkar həmçinin dövrün mühüm ictimai-siyasi hadisələrini zəngin faktlar, sənədlər əsasında dolğun əks etdirən əsərləri ilə tanınır.

Azərbaycan ədəbiyyatının inkişafında təqdirəlayiq xidmətlər göstərmiş Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Məmməd Səid Ordubadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 11 aprel.- S. 1.