Dövlət
İdarəçilik Akademiyasında “Çin mərkəzi”
açılmışdır
Aprelin 10-da Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə "Çin mərkəzi"nin açılışı olmuşdur.
DİA-nın rektoru, akademik Urxan Ələkbərov açılış mərasimində mərkəzin iki ölkənin dostluq, mədəniyyət əlaqələrinin möhkəmlənməsinə və oxşar akademiyalar arasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini bildirmişdir.
DİA ilə Çinin Azərbaycandakı səfirliyi arasında dostluq və əməkdaşlıq əlaqələrinin daim diqqət mərkəzində olduğunu vurğulayan rektor qurulan əlaqələr çərçivəsində akademiyanın altı müəlliminin Çinin dövlət orqanlarında təcrübə keçdiyini, Pekin Milli İdarəçilik Akademiyası ilə mübadilə və əməkdaşlıq haqqında memorandumun imzalandığını diqqətə çatdırmışdır.
DİA-da "Çin mərkəzi"nin açılmasını yüksək qiymətləndirən Çinin ölkəmizdəki səfiri Xun Tşyuin bildirmişdir ki, yeni yaradılmış mərkəz xalqlarımızın bir-birini daha yaxından tanımasına, ölkələrimizin ali təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə, Çin dilini öyrənməyə marağın artmasına kömək edəcəkdir.
Millətlərin inkişafında təhsilin əhəmiyyətini və müasir dünyada çox dil bilməyin vacibliyini vurğulayan Xun Tşyuin demişdir ki, Çin səfirliyi mərkəzin uğurlu fəaliyyəti ilə bağlı hər cür köməyi göstərməyə hazırdır.
Sonra tədbir iştirakçıları "Çin mərkəzi" ilə tanış olmuşlar.
AzərTAc
Azərbaycan.- 2012.- 11 aprel.- S. 3.