Bakı dünyanın “Humanitar
Davos”una çevrilir
Birinci
Forumda 36 ölkədən, 6 beynəlxalq təşkilatdan 263
nümayəndənin, 3 Nobel mükafatı laureatının və
6 sabiq prezidentin iştirakı da bunu təsdiqləyir
Sürətlə
qloballaşan dünyada sivilizasiyalar arasında münasibətlərin
yeni formaları yaranır, dəyərlər sisteminin
arxitekturasında dəyişikliklər baş verir, fərqli
düşüncə mədəniyyəti formalaşır.
Bütün bu amillər humanitariyanın yeni
platformasını formalaşdırmaq zərurətini
yaradır. Bu zərurəti nəzərə alan Azərbaycan humanitar əməkdaşlığın
gündəliyini müəyyənləşdirən təşəbbüslər
irəli sürərək, bu istiqamətdə
genişformatlı tədbirlər keçirərək
multikulturalizmə böyük önəm verən məkana
çevrilir. Bu baxımdan 2011-ci il
oktyabrın 10-11-də Azərbaycan Prezidenti İlham Əliyevin
və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü
və himayəsi ilə "XXI əsr: ümidlər və
çağırışlar" devizi altında keçirilən
Birinci Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini
xüsusi vurğulamalıyıq. Bu tədbirin təşkil edilməsi haqqında
qərar 2010-cu ilin yanvarında Bakıda keçirilmiş
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya
Forumunda qəbul olunmuşdu. Humanitar əməkdaşlıqla
bağlı ən mühüm məsələlərin
müzakirəsi üçün nüfuzlu bir platforma kimi nəzərdə
tutulmuş beynəlxalq tədbirin məqsədi
XXI əsrdə bəşəriyyətin
qarşısında duran qlobal çağırışlara
cavablar axtarmaq, növbəti onilliklər üçün
strategiyanı müəyyən etmək idi.
Siyasətçilər,
sabiq dövlət və hökumət
başçıları, nüfuzlu beynəlxalq təşkilatların
nümayəndələri, dünyanın hər yerindən gəlmiş
adlı-sanlı alimlər və mədəniyyət xadimləri,
o cümlədən Nobel mükafatı və digər
nüfuzlu mükafatların laureatları, aparıcı
KİV-lərin rəhbərləri, ictimai xadimlər öz
fikirlərini bölüşmək üçün Bakıda
toplaşmışdılar. Foruma bu qədər
məşhur şəxslərin gəlməsi onun gündəliyinin,
habelə iştirakçılara təqdim edilən və ətraflı
müzakirəyə ehtiyacı olan məsələlərin
aktuallığına dəlalət edirdi.
Bu forumun keçirilməsi üçün məhz
Bakının seçilməsi təsadüfi deyildi. Qədim və
zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin,
sivilizasiya və konfessiyaların əsrlər boyu dinc
yanaşı mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin
keçirilməsi üçün həqiqətən də əvəzsiz
məkandır. Əvvəla, Azərbaycan bu cür tədbirlərə
ev sahibliyi etməkdə yaxşı təcrübə
qazanmışdır. 2009-cu il oktyabrın
13-14-də, "Bakı - İslam Mədəniyyətinin
Paytaxtı-2009" mədəniyyət ili çərçivəsində
dünyanın 45-dən çox ölkəsindən, eləcə
də ISESCO, IRSIKA, Avropa Şurası, TÜRKSOY və digər
təşkilatlardan 200-dən çox nümayəndənin
iştirakı ilə respublikamızda İslam Əməkdaşlıq
Təşkilatına üzv dövlətlərin mədəniyyət
nazirlərinin VI konfransı keçirilmişdir. 2011-ci il
aprelin 7-də Bakıda 20 ölkədən 435 qonağın,
o cümlədən Avropa Şurası Parlament Assambleyası,
ISESCO, Dünya İctimai Forumu, UNESCO və BMT rəsmilərinin
iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilmişdir.
Bundan əlavə,
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi
ilə bir sıra tədbirlər - "Azərbaycan:
sivilizasiyalararası dialoqun keçmişi və
bugünü", "Gənclər sivilizasiyaların
alyansı naminə" mövzusunda beynəlxalq konfranslar,
"Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq
forum, "Dünya gənclərinin 4-cü məşğulluq
sammiti" və s. keçirilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 27 may tarixli Fərmanı ilə
hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun təşkil edilməsi barədə verilmiş
tapşırıqlar Azərbaycanda bu cür tədbirlərin
keçirilməsinin artıq ənənə halı
aldığını göstərir.
Digər
tərəfdən, son onillikdə Azərbaycan sosial-iqtisadi
inkişafda misli görünməmiş uğurlar
nümayiş etdirir, diplomatiya və mədəniyyət sahəsində
sanballı qələbələr qazanır və regionda
şəksiz liderə çevrilmişdir. Ölkəmizin BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsi bunun daha bir təsdiqidir.
Humanitar
forumun keçirilməsi üçün nəyə görə
məhz Bakının seçilməsini şərtləndirən
amilləri Prezident İlham Əliyev çox gözəl izah
etmişdir: "Əsrlər boyu Azərbaycanda müxtəlif
mədəniyyətlərə mənsub olan xalqlar bir ailə
kimi yaşamışlar. Hesab edirəm, bizim təcrübəmiz
əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə,
müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq,
sülh, əməkdaşlıq şəraitində yaşaya
bilərlər".
Azərbaycan
dövlət müstəqilliyini bərpa edəndən sonra
öz qarşısına elə bir cəmiyyət qurmaq məqsədi
qoymuşdur ki, onun əsas postulatları siyasi sabitlik, iqtisadi səmərə
və sosial ədalət olsun. 1993-cü il payızın əvvəlində,
yəni Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışından iki ay sonra seçki kampaniyası
zamanı onun fotoşəklinin yanında belə bir
şüar yazılmışdı: "Mən Azərbaycanı
siyasi cəhətdən sabit, iqtisadi cəhətdən səmərəli
və sosial baxımdan ədalətli bir dövlət kimi
görürəm". Ümummilli lider Heydər Əliyevin və
onun siyasi varisi, strateji xəttinin davamçısı
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
dövlətinin davamlı inkişafı sayəsində bu məqsədlərə
çatmaq təmin edilmişdir.
Ölkə
humanitar sahədə də böyük uğurlar
qazanmışdır. Elm, təhsil, səhiyyə, mədəniyyət,
idman humanitar sektorun özəyini təşkil edir. Ona görə
də bu sahələrin inkişafı diqqət mərkəzindədir,
onların hər birinə dair uzunmüddətli proqramlar həyata
keçirilir.
Elmi-texniki
tərəqqi həmişə ölkələrin uğurlu
inkişafını müəyyən etmiş və bu
inkişafa güclü təkan vermişdir.
İqtisadiyyatın sabit inkişafı və maliyyə
imkanları olmadan humanitar sahənin davamlı inkişafı
mümkün deyildir. Azərbaycan dövlət müstəqilliyinin
ilk illərində çətin bir dövr yaşamış,
dərin siyasi və iqtisadi böhran keçirmişdir.
İndi isə dünyada ən yüksək sürətlə
inkişaf edən dövlətlərdən biridir. Bu isə
humanitar sahənin inkişafı üçün möhkəm
təməldir. Prezident İlham Əliyev xüsusi
vurğulamışdır ki, "...ölkənin gələcəyi
və uğurlu inkişafı təbii ehtiyatlarla deyil, humanitar
amillərlə müəyyən olunur". Ona görə də
təhsilə və elmə qoyulan sərmayələrin
uzunmüddətli nəticələr qazanılmasına
yönəlməsi tamamilə qanunauyğundur.
İndi
Azərbaycan elə bir ölkədir ki, multikulturalizm onun vizit
kartıdır. Bu termin nisbətən yaxın vaxtlarda
yaranmışdır, Azərbaycanda isə xalqlar artıq
neçə əsrdir ki, multikulturalizm şəraitində
yaşayırlar. Təsadüfi deyil ki, Bakı Humanitar
Forumunda müzakirə mövzularından biri məhz
multikulturalizm idi. Prezident İlham Əliyev bu hadisənin Azərbaycanın
ictimai həyatında əhəmiyyətini xüsusi
vurğulamışdır: "Multikulturalizm başqa
xalqın nümayəndəsinə hörmət, başqa dinə
hörmətdir. Öz dininə hörmət başqa dinə
hörmətdən başlayır. Multikulturalizm
ayrı-seçkiliyə yol vermir, əksinə, bütün
xalqları birləşdirir. Bizim bu gün keçirdiyimiz
forum multikulturalizmin təsdiqidir, onun təntənəsidir".
Bakı
Forumu çərçivəsində bir neçə tematik
bölmə təşkil edilmiş, müxtəlif problemlərə
dair diskussiyalar aparılmışdır: "Sosial jurnalistika
və yüksək texnologiyalar", "Dünyanı dəyişdirən
müasir texnologiyalar", "İnkişafın iqtisadi
modellərinin humanitar aspektləri", "Postmodernist mədəniyyətdə
ənənəvi dəyərlər sistemləri",
"Biotexnologiyalar və etik problemlər",
"Multikulturalizm: nailiyyətlər və problemlər",
"Elmlərin konvergensiyası". Müzakirələrdə
fəlsəfi, humanitar mövzulara toxunulmuş,
inkişafın müasir mərhələsində bəşəriyyət
qarşısında duran suallara cavablar verilmişdir.
Forumun
gedişində AzərTAc və İTAR-TASS bu tədbirin
informasiya dəstəyini və KİV-lərdə
işıqlandırılmasını təmin etmiş, bundan əlavə,
sosial jurnalistika və yüksək texnologiyalar məsələlərinə
həsr olunmuş bölməni aparmışdır. Bu
bölmə çərçivəsində XXI əsrdə
sosial jurnalistika, informasiya sənayesində yüksək
texnologiyaların inteqrasiyası, habelə müasir cəmiyyətin
inteqrasiyası və qütbləşməsi şəraitində
sosial media və siyasət məsələləri təhlil
edilmişdir. Müzakirələrin əsas nəticələri
müasir jurnalistikada yeni istiqamətlərin - sosial
medianın, elmi-texniki nailiyyətlərin qlobal inkişafda və bəşəriyyətin ümumi tərəqqisində
artmaqda olan rolunun etiraf edilməsi oldu. Bu amillərin əhəmiyyəti
media sektorunda hi-tech nailiyyətlərinin tətbiq edilməsi
prosesində daha çox nəzərə çarpır.
Doğrudan da, yeni minillikdə bəşəriyyətin
üzləşdiyi təhdidlərə bizim cəmiyyətlərin
hazır olub-olmaması indi dünya jurnalistikasında ən
çox müzakirə edilən məsələlərdən
biridir. İnformasiya sektorunun yeni rolu yeni reallıqları əks
etdirir. Heç şübhəsiz, yeni texnologiyaların, o
cümlədən internetin yaranması və tətbiq edilməsi
KİV-nin inkişafında və demokratikləşməsində
yeni mərhələnin başlanğıcıdır.
Hazırda
planetdə internet istifadəçilərinin sayı təqribən
iki milyard nəfərdir. Şübhə yoxdur ki, media gələcəkdə
də bəşəriyyətə təsir göstərəcək
və öz böyük rolunu davam etdirəcək, son xəbərlər
isə ən populyar "qida" rolunu saxlayacaqdır. Əvvəllər
olduğu kimi, bəşəriyyət yenə bu
"qidaya" ehtiyac duyacaq, onu istehlak edəcəkdir. Bu səbəbdən
də xəbərlər sektorunun nümayəndələri dəqiq,
qərəzsiz və peşəkarlıq baxımından
qüsursuz informasiyanın hazırlanması və dərhal
istehlakçıya çatdırılması işinə
sadiqliyini qoruyub saxlayacaqlar.
Bu
bölmədə aparılmış müzakirələrdə
çıxarılmış daha bir nəticə ondan ibarətdir
ki, multimedia informasiya agentliklərinin işində yeni bir mərhələ
hesab edilir. Nisbətən yaxın vaxtlarda multimedia gündəlik
reallıqlardan birinə çevrilmişdir. İnformasiya
agentliyinin arsenalında mətn məlumatları ilə
yanaşı, video və audio xəbərlərin olması
artıq heç kəsi təəccübləndirmir. Bir
sıra agentliklərin veb-saytlarına daxil olsaq, xəbər
materiallarının bu növünün yerləşdirildiyi
bölmələrə rast gələrik. Həmin agentliklərin
çoxu videomaterialların yayılmasında xüsusi
videoportalların, məsələn, YouTube saytının
resurslarından istifadə edirlər. Lakin agentliklərin
çoxunun öz texniki imkanları vardır.
Şübhə
yoxdur ki, vaxt gələcək, bu gün yüksək
texnologiyalar dediyimiz imkanlar tarixə çevriləcək və
öz yerini elə nailiyyətlərə verəcək ki,
onlar hələ bəşəriyyətə məlum deyildir.
Bu, reallıqdır! Elə buna görə də media sektorunun
peşəkar vəzifəsi bu reallıqdan geri qalmamaqdır. Əgər
elmi-texniki nailiyyətlər xəbər məhsulları
istehsalına vaxtında tətbiq edilərsə, yeniliklərin
istehlakçıları qazanacaq, bu isə bütün cəmiyyət
üçün qazanc olacaqdır.
Azərbaycanlı
mütəxəssislər Bakı Humanitar Forumunun işində
fəal iştirak etmələri ilə fərqləndilər.
Forumun müxtəlif bölmələrində
çıxış edən alimlərimiz vurğuladılar
ki, tarixən Qərb və Şərq dəyərlərini
özündə birləşdirmiş Azərbaycan mədəniyyətinin
formalaşmasında ölkəmizdə yaşayan bütün
xalqların və dini icmaların rolu olmuşdur. Forumun ən
mühüm ideya istiqamətlərindən biri müzakirə
edilən problemlərə humanitar prinsiplər aspektində bu
cür yanaşmadır. Forumun əsas məqsədlərindən
biri cəmiyyətin sosial-mədəni həyatının
humanitar dəyərlər əsasında inkişafı
modelinin müzakirəsi idi. Bu məqsəd əldə edildi.
Forumun digər
bölmələrində müzakirələrin
iştirakçıları belə qənaətə gəldilər
ki, müasir dünyada polietniklik və multikulturalizm amilləri
daha böyük aktuallıq kəsb edir. Bakı Humanitar
Forumunun postmodernist mədəniyyətin ənənəvi dəyərlərlə
sıx bağlılığını etiraf etməsi ilə
yanaşı, bir məqamı da inkar etmək olmaz ki, tədbirin
gündəliyindəki bütün məsələlər
xarici ölkələrdən gəlmiş, tamamilə müxtəlif
sahələri təmsil edən alim və mütəxəssislərin
iştirakı ilə müzakirə edilmişdir.
Bununla bərabər,
müasir elm cəmiyyətin inkişafına əvvəlki
kimi çox güclü təsir göstərən əsas
ideyalar generatoru rolunu qoruyub saxlayır. Lakin fundamental problemləri
təkcə elmi-texniki tərəqqi və iqtisadi modellər
vasitəsilə həll etmək mümkün deyildir. Forumda
çıxış edən alimlərin çoxu bunu
vurğulamışlar. Bütün ictimai strukturların və
konsepsiyaların dəyişikliklərə məruz qalması
fundamental məsələdir.
Bakı Beynəlxalq Humanitar Forumunun əsas yekunlarından biri bu faktın etiraf edilməsi olmuşdur ki, qloballaşma yalnız bütün bəşəriyyətə məxsus olmağa əsaslanan ümumi gələcəyin formalaşması üzrə genişmiqyaslı və israrlı səylərin həyata keçirilməsi yolu ilə ədalətli xarakter kəsb edə bilər. Forum iştirakçılarının qənaəti belə olmuşdur ki, qloballaşan müasir dünyada dəyər sistemləri yenilənir, sosial və mədəni proseslər sürətlənir, həyatın bütün sahələrində fundamental dəyişikliklər yaradan siyasi və mənəvi irəliləyişlər baş verir, əvvəlki tarixi dövrlərdə cəmiyyətin şüurunda formalaşmış stereotiplər və sosial təsəvvürlər dəyişir. Bu şəraitdə elmin və təhsilin inkişafı, yeni texnologiyaların yaranması, informasiya cəmiyyətinin təşəkkülü vaxtilə sırf nəzəri təsir bağışlayan bir sıra problemləri aktuallaşdırır.
Forumun daha bir nəticəsi bunun etiraf edilməsi olmuşdur ki, genişlənməkdə və dərinləşməkdə olan qloballaşma prosesi alimlər və siyasətçilər qarşısında çoxsaylı məsələlər qoyur, o cümlədən elə məsələlər qarşıya çıxır ki, bəşəriyyət bunlarla əvvəllər üzləşməmişdi və yeni humanitar gündəliyin formalaşmasını zərurətə çevirir.
Bakı Forumunun iştirakçıları narahatlıqlarını bildirmişlər ki, bəşəriyyət təbiətlə harmoniya şəraitində yaşamağa hazır olmadığına və bunu bacarmadığına görə planetar miqyaslı təhdidlərlə üzləşir. Forumda çıxış etmiş görkəmli nümayəndələr vurğulamışlar ki, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üçün göstərilən bütün cəhdlərə baxmayaraq, sivilizasiyaların münaqişəsi hələ də kifayət qədər aktual problem olaraq qalmaqdadır. Qloballaşma şəraitində mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı təsiri prosesi heç də o demək deyil ki, bütün cəmiyyətlərə müəyyən dəyərlər toplusu zorla qəbul etdirilməlidir. Qloballaşmanın müxtəlif modellərinin və variantlarının nəzərdən keçirilməsi bu gün mövcud olan mədəniyyətlərin və dəyər oriyentirlərinin müxtəlifliyini ən adekvat şəkildə nəzərə almağa imkan verir.
Azadlıq, bərabərlik, həmrəylik, dözümlülük və təbiətə hörmət kimi fundamental dəyərlərin əhəmiyyətinin etiraf edilməsi Bakı Forumunun leytmotivi olmuşdur. Eyni zamanda, bir ölkənin və ya bir qrup ölkənin dəyərləri yeganə düzgün dəyərlər kimi qəbul edilməməlidir. Sivilizasiyaların parçalanmasının qarşısını ala biləcək və qlobal etika hüququnda bərqərar olmağa şərait yaradan etik prinsip və normaların müəyyən olunmasının zəruriliyi dərk edilməlidir.
Müxtəlif ölkələrin dövlət siyasətinin tərkib hissəsi kimi multikulturalizmin nailiyyətlərinin və imkanlarının bir daha təhlil olunmasının vacibliyinin bildirildiyi Forumda dünya ictimaiyyəti etnik və mədəni identiklik arasında sərbəst seçimi təmin etməyə, insanın əsas hüquq və azadlıqlarını müdafiə etməyə, ksenofobiya, irqçilik, dözümsüzlük kimi halların bütün təzahürlərini qətiyyətlə pisləməyə çağırılmışdır. Forum iştirakçıları planetar miqyaslı təhdidlərin dərk edilməsi, ekoloji və texnogen fəlakətlər baş verə bilməsinin, iqlim dəyişmələrinin, təbii ehtiyatların tükənməsinin aktuallaşması probleminə, habelə biotexnologiyalar sahəsində böyük uğurlarla bağlı fəlsəfi və etik problemlərin geniş spektrinə diqqəti cəlb etməyi zəruri saymışlar.
Forum iştirakçıları bəşəriyyətin qorunub saxlanması və daha müsbət inkişafı üçün şərt kimi mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real mexanizmlər yaratmağı, ilk növbədə, mədəniyyətlərin və dəyər sistemlərinin müxtəlifliyini qoruyub saxlamaqla onların ümumi cəhətlərini aşkara çıxarmağı vacib hesab etmişlər.
Birinci Bakı Beynəlxalq Humanitar Forumu uğurla başa çatmış, iştirakçıların mövqeyi Bakı Bəyannaməsində öz əksini tapmışdır. Forum iştirakçılarının bu tədbirin ənənəvi təşkili barədə təklifini dəstəkləyən Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il oktyabrın 24-də Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında sərəncam imzalamışdır. Həmin sərəncama əsasən Bakı Forumunun ənənəvi olaraq keçirilməsini təmin etmək üçün Prezident Administrasiyasının rəhbəri, görkəmli filosof alim, akademik Ramiz Mehdiyevin sədrliyi ilə təşkilat komitəsi yaradılmışdır.
Çox məsuliyyətli bir məsələnin akademik Ramiz Mehdiyevə həvalə edilməsi heç də təsadüfi deyildir. Akademik Ramiz Mehdiyevin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında həyata keçirilən dövlət quruculuğu prosesinin elmi-nəzəri və praktik istiqamətlərinin tədqiqi ilə bağlı fundamental tədqiqatları müasir müstəqil Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikrin inkişafında həqiqətən yeni mərhələ kimi qiymətləndirilir. Qloballaşma, demokratik inkişaf modelləri, milli münasibətlər, milli ideologiya, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi və humanitar islahatların, modernləşmə xəttinin nəzəri-fəlsəfi əsaslarının işlənib hazırlanması filosof alimin elmi fəaliyyətinin əsas trendləridir.
İndi Azərbaycanın növbəti on il üçün inkişaf konsepsiyası üzərində ciddi iş aparılır. Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması haqqında sərəncam imzalamışdır. Ölkəni siyasi, iqtisadi və humanitar quruculuğun üçüncü fazasına çıxaracaq bu sənəddə nəzərdə tutulacaq tədbirlərin hazırlanıb həyata keçirilməsi çoxmədəniyyətliliyin Azərbaycan modelini yeni hədəflərlə zənginləşdirəcəkdir.
Son olaraq bir daha demək lazımdır ki, Birinci Beynəlxalq Humanitar Forumun Azərbaycan paytaxtında keçirilməsi əlamətdar hadisə olmaqla yanaşı, dövlətimizin beynəlxalq nüfuzunu daha da artırmışdır. Bu Forumun hər il keçirilməsi ilə əlaqədar Bakı da tədricən bəşəriyyətin qlobal məsələlərinin müzakirə edildiyi beynəlxalq platformaya, belə demək olarsa, dünyanın "Humanitar Davos"una çevrilir.
Aslan Aslanov,
AzərTAc-ın baş direktoru
Azərbaycan.-
2012.- 11 aprel.- S. 4.