Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə əlaqədar Nil əxbarMasriyya telekanallarında efirə verilişlər getmişdir

 

 Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə əlaqədar səfir Şahin Abdullayevin iştirakı ilə aprelin 8-9-da ölkənin "Nil əxbar" və "Masriyya" aparıcı peyk telekanallarında efirə verilişlər getmişdir.

Verilişdə Azərbaycanın zəngin tarixi haqqında məlumat verən səfir Ş.Abdullayev Azərbaycanın müstəqilliyini ilk dəfə 1918-ci ildə qazandığını və bununla da Şərqin ilk parlamentli respublikasının Azərbaycanda təşəkkül tapdığını qeyd edərək 1920-ci ildə bolşevik işğalı nəticəsində ölkənin müstəqilliyini itirdiyini tamaşaçıların diqqətinə çatdırmışdır.

SSRİ-nin dağılmasından sonra Azərbaycanın müstəqilliyini bərpa etdiyini söyləyən səfir ermənilərin Azərbaycana qarşı tarixi ərazi iddiaları, Ermənistanın təcavüzü və Azərbaycan torpaqlarının 20 faizinin işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün halına düşdüyünü qeyd etmişdir.

Müasir Ermənistan dövlətinin Azərbaycanın tarixi ərazilərində yaradıldığını xatırladan səfir BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların qətnamə və sənədlərinə məhəl qoymayan Ermənistanın münaqişənin həlli üzrə qeyri-konstruktiv mövqeyi, danışıqlar prosesi və ATƏT-in Minsk qrupunun fəaliyyəti haqqında televiziya tamaşaçılarına ətraflı məlumat vermişdir. Səfir Azərbaycanın açıq, şəffaf və tarazlı xarici siyasət yürütdüyünü və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunduğunu qeyd edərək Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini bunun bariz nümunəsi olduğunu nəzərə çarpdırmışdır.

Azərbaycanın keçid dövrü təcrübəsi ilə bölüşən səfir Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərindən danışmış, Azərbaycanın siyasi, iqtisadi, sosial, elm, təhsil və idman sahəsində əldə etdiyi uğurları haqqında geniş məlumat vermişdir. Azərbaycanın neft-qaz strategiyası haqqında söhbət açan səfir Azərbaycanın dünyada ilk neft istehsal edən ölkə olduğunu və ərəb səyyahlarının əsərlərində ölkəmizin neft sərvətləri haqqında çoxsaylı məlumatların yazıldığını bildirmişdir.

Azərbaycan ilə Misir arasında əlaqələrin antik dövrlərə və erkən orta əsrlərə təsadüf etdiyini qeyd edən səfir Misirin Afrika qitəsi ölkələri və ərəb dövlətləri arasında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu nəzərə çatdıraraq ötən 20 illik dövr ərzində iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafı istiqamətində böyük uğurların əldə olunduğunu vurğulamışdır.

Verilişlər zamanı Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, memarlıq abidələri və iqtisadiyyatı haqqında televiziya tamaşaçılarına maraqlı videosüjetlər də nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 11 aprel.- S. 4.