Bakıda yeni neft-qaz emalı və neft-kimya kompleksinin yaradılması layihəsinin təqdimatına və müzakirəsinə həsr olunmuş forum işə başlamışdır

 

 Aprelin 10-da "Hilton Baku" hotelində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təşəbbüsü ilə neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) forumu işə başlamışdır.

AzərTAc xəbər verir ki, NQNK-nın yaradılması layihəsinin təqdimatına və müzakirəsinə həsr olunmuş forumun baş sponsoru ARDNŞ, təşkilatçıları qismində isə "Iteca Caspian" və "INBC Consulting" şirkətləri çıxış edirlər.

Forumun məqsədi bir çox şirkətlərə, o cümlədən potensial investorlara, mühəndis-layihələndirmə, təchizat, tikinti və digər podratçı şirkətlərə, texnoloji proseslər üzrə məsləhətçilərə, neftin emalı, neftneft-kimya məhsullarının istehsalı qurğularının dünya üzrə məşhur istehsalçılarına, habelə maliyyə strukturları, hüquq ekspertləri və ekoloji məsələlər üzrə məsləhətçilərə, neft emalı və neft-kimya məhsullarının alıcılarına, logistika (maddi-texniki təchizat), servis və digər şirkətlərə NQNK layihəsi barədə məlumat verməkdir.

Layihə ilə tanış olmaqla bərabər, forum dünyanın qabaqcıl şirkətlərinə (rəhbərlik və digər yüksək rütbəli nümayəndələr səviyyəsində) neft-qaz emalı və neft-kimya sahəsindəki təcrübələrini, texnologiyaları və digər resursları və innovasiya xarakterli həll variantlarını təqdim etmək üçün nadir imkan yaradır.

Forumu açan ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, Azərbaycan bu gün öz tarixinin sosial-iqtisadi yüksəliş dövrünü yaşayır. Bunun təməlində ümummilli lider Heydər Əliyev tərəfindən işlənilmiş neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində əldə olunan nailiyyətlər dayanır. Azərbaycan qarşıdakı uzun müddət üçün öz enerji təhlükəsizliyini təmin etmiş, regional və beynəlxalq enerji təhlükəsizliyinin qorunmasına isə mühüm töhfələr vermişdir. Karbohidrogenlərin hasilatı və nəqli üzrə keçirilən genişmiqyaslı layihələr və əldə olunan uğurlar, yeni yataqların kəşfi Azərbaycanın rolunu daha da artırır.

NQNK layihəsinin əhəmiyyətindən də danışan R.Abdullayev qeyd etmişdir ki, layihənin hazırlıq işlərinə başlanmasından qısa müddət keçməsinə baxmayaraq, dünyanın 30-dan artıq ölkəsindən 150-yə yaxın müxtəlif şirkətdən 450-dək yerlixarici mütəxəssisin burada iştirakı beynəlxalq aləmdə bu layihəyə olan marağın bariz sübutudur.

Sonra Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxumuşdur (məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Fondun yaranma tarixindən və məqsədlərindən danışmışdır. Bildirmişdir ki, artıq Azərbaycan bir neçə ildir ki, iqtisadi artım göstəricilərinə görə inkişaf etməkdə olan dövlətlər arasında xüsusi yer tutur. Bu günədək ARDNF-in vəsaitlərinin ümumi həcmi 30 milyard ABŞ dollarını keçmişdir.

Ş.Mövsümov qeyd etmişdir ki, təqdimatına toplaşdığımız NQNK layihəsi strateji əhəmiyyətinə, ölkənin sosial-iqtisadi inkişafına verəcəyi töhfəyə və miqyasına görə xüsusilə fərqlənir. Layihənin  maliyyələşdirilməsinin uğurla həyata keçirilməsində maraqlı olduqlarını deyən ARDNF-in icraçı direktoru NQNK-nın reallaşdırılmasının əhəmiyyətindən də bəhs etmişdir.

Sonra tədbirdə NQNK layihəsinə aid videotəqdimat göstərilmişdir.

Forum panel iclaslarda işini davam etdirmişdir.

Aprelin 12-dək davam edəcək dünyada böyük maraq doğuran bu forumda "Azenco", "Air Liquide", "Air Products", "Axens", "Baker & McKenzie", "Baker Botts LLP", "Daelim", "Daewoo", "Deloitte & Touche LLC", "Dow Chemical", "Fluor", "Foster Wheeler", "Honeywell", "Hyundai E&C", "ING Bank", "JGC Corporation", "KBR", "Lanxess", "Marubeni Corporation", "Mitsui & Co", "Petkim Petrokimya Holding", "Protasis SA", "Shaw Energy & Chemicals", "SNC-Lavalin", "Stamicarbon", "Socar Turkey", "UOP Limited", "Velosi" bir çox digər şirkətlər iştirak edir.

NQNK layihəsi çərçivəsində illik istehsal gücü müvafiq olaraq 10 milyon ton 10 milyard kubmetr təşkil edən neft emalı qaz emalı zavodlarının tikintisi planlaşdırılır. Layihəyə, həmçinin hər il təxminən 2 milyon ton baza polimerlərin istehsalını nəzərdə tutan neft-kimya zavodunun inşası daxildir. Yeni kompleksin məqsədləri üçün avtonom enerji blokuna malik olan ümumzavod təsərrüfatının tikintisi planlaşdırılır. Bütövlükdə isə kompleksin konfiqurasiyasına 20-dən çox texnologiya lisenziyasının tətbiqi ilə təxminən 30 qurğu daxil olacaqdır.

Bakı şəhərindən 60 kilometr aralıda yerləşəcək kompleksin bütövlükdə 2020-ci ildə istismara verilməsi planlaşdırılır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 11 aprel.- S. 5.