Bakıda Türkiyənin tanınmış karikaturaçı rəssamı Kadri Doğruerin fərdi sərgisi açılmışdır

 

Aprelin 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  "Qız qalası" qalereyasında Türkiyənin tanınmış karikaturaçı rəssamı Kadri Doğruerin əsərlərindən ibarət sərgi açılmışdır.

Tədbirin açılışında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev  bildirmişdir ki, sərginin məqsədi Azərbaycan ilə Türkiyə arasında incəsənət sahəsində mövcud əlaqələrin daha da genişləndirilməsi, türk rəssamının yaradıcılığının ölkəmizdə tanıdılmasıdır. Kadri Doğruerin fərdi sərgisi Azərbaycanda ilk dəfə açılır. Nəzərə çatdırılmışdır ki,  ixtisasca həkim olan Kadri Doğruer həm də Türkiyə Rəssamlar Birliyinin üzvü, Karikaturaçılar Dərnəyi sədrinin müavinidir. Həmçinin Türkiyə və Avropada çoxlu sayda müəllif və müştərək sərgilərin iştirakçısı olmuşdur. Vurğulanmışdır ki, bugünkü sərgi həm də iki ölkənin karikaturaçılar birlikləri, yaradıcı ittifaqları arasındakı əməkdaşlığın bəhrəsidir. Ədalət Vəliyev Kadri Doğruerə yaradıcılıq uğurları arzulamışdır.

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə və başqaları Kadri Doğruerin əsərlərinin yaradıcılıq xüsusiyyətindən danışmışlar.

K.Doğruer sərginin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirmişdir.

Sonra sərgiyə baxış keçirilmişdir.

Qeyd edək ki, Kadri Doğruer 1962 -ci ildə Samsunda anadan olmuşdur. İlk, ortalisey təhsilini İstanbulda tamamlamışdır. Ali tibb təhsilinə malikdir. Hazırda İstanbul Memorial Xəstəxanasında ümumi reanimasiya modulunun direktoru vəzifəsində çalışır. Çoxsaylı elmi konfrans və yığıncaqlarda iştirak etmiş, elmi məqalə və tezislərini nəşr etdirmişdir.

Onun ilk karikatura işi 1977-ci ildə "Çarşaf" yumoristik jurnalında nəşr olunmuşdur. Daha sonra karikaturaları "Çarşaf", "Çivi", "Gırgır", "Karikatura" və "Diyojen" jurnallarında, "Hürriyyət" və "Tərcüməçi" qəzetlərində nəşr edilmişdir. İki dəfə Karikaturaçılar Dərnəyi idarə heyətinin üzvü seçilmişdir.

Bir sıra milli və beynəlxalq karikatura müsabiqə və sərgilərinin iştirakçısıdır. Bu müsabiqələrin bir çoxunun yüksək mükafatlarını almışdır.

Aprelin 20-dək davam edəcək sərgidə Kadri Doğruerin 38 işi nümayiş olunur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 11 aprel.- S. 5.