Milli Qəhrəman Yelmar
Edilovun xatirəsi yad edildi
Azərbaycanın Milli Qəhrəmanı
Yelmar Edilovun doğum günü ilə bağlı Ağdam rayonundakı Şəhidlər abidəsi
önündə tədbir
keçirilmişdir.
AzərTAc xəbər verir
ki, Milli Qəhrəmanın ailə
üzvləri, döyüş
yoldaşları, rayon ictimaiyyətinin
nümayəndələri və
hərbçilər abidə
önünə gül-çiçək
qoymuş, respublikamızın
müstəqilliyi və
ərazi bütövlüyü
uğrunda şəhid
olmuş Vətən övladlarının xatirəsini
bir dəqiqəlik sükutla yad etmişlər.
Mərasimdə rayon icra hakimiyyətinin
başçısı Nizami
Sadıqov, Y.Edilovun həyat yoldaşı, onunla bir yerdə
döyüşmüş Reyhan
Quliyeva, keçmiş
döyüşçü, ehtiyatda olan kapitan İbad Həsənov Milli Qəhrəmanın mənalı
həyat və qəhrəmanlıqla dolu
döyüş yolundan
danışmışlar.
Məlumat verilmişdir ki,
Yelmar Şahmar oğlu Edilov 1946-cı il aprelin
10-da Ağdam rayonunun Əlimədədli kəndində
anadan olmuşdur. 1954-1964-cü illərdə Əlimədədli kənd
orta məktəbində
təhsil almış,
sonra Ağdam Kənd Təsərrüfatı
Texnikumuna daxil olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan
sonra M.F. Axundov adına üzümçülük
sovxozunda işləmişdir.
Yelmar Edilov
1991-ci ildə Ağdamda
özünümüdafiə batalyonu yaradaraq Vətənimizin erməni
işğalçılarından qorunmasında fədakarlıq
göstərmişdir. 1994-cü il
aprelin 11-də Çəlik
kökəltmə məntəqəsi
uğrunda gedən döyüşdə Y. Edilov
qəhrəmanlıqla vuruşaraq
həlak olmuşdur.
Bakı şəhərindəki İkinci
Şəhidlər xiyabanında
dəfn edilmişdir.
İgid
və cəsur komandir Yelmar Edilov Azərbaycan Respublikası Prezidentinin
1994-cü il 16 sentyabr tarixli fərmanı ilə ölümündən sonra
"Azərbaycanın Milli
Qəhrəmanı" adına
layiq görülmüşdür.
Azərbaycan.- 2012.- 11 aprel.- S. 5.