Milli Qəhrəman Valeh Müslümov anıldı

 

Qəhrəmanın abidəsini ziyarətlə başlayan tədbiri giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əlipənah Bayramov açdı. Bildirdi ki, Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Valeh Müslümovun şəhid olmasından 20 il ötür. Mənfur düşmənin xalqımıza, dövlətimizə qarşı əsassız torpaq iddiaları nəticəsində alovlanan Dağlıq Qarabağ müharibəsində ürəyi Vətən eşqi ilə döyünən minlərlə igid oğullarımız kimi Valeh də torpaqlarımızın müdafiəsinə qalxmışdı.

Valeh Əlizahid oğlu Müslümov 1968-ci il sentyabrın 2-də Lerik şəhərində anadan olmuşdur. 1983-cü ildə Lerik şəhər 2 nömrəli orta məktəbinin 8-ci sinfini bitirərək Sumqayıt şəhər 17 nömrəli peşə məktəbinə daxil olmuşdur. Təhsil aldığı zaman idmanla da məşğul olan Valeh əmək fəaliyyətinə tikinti trestində başlamışdır. 1988-ci ildə ordudan tərxis olunduqdan sonra yenidən Sumqayıta qayıdan V.Müslümov 1991-ci ilin avqust ayında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlamışdır. O, Şuşa, Xocalı, Tovuz, Füzuli, Qubadlı, Zəngilan və Ağdərə rayonlarının ərazilərində döyüşlərdə iştirak etmişdir. Füzuli rayonunda döyüş əməliyyatlarının birində düşmən mühasirəsində qalan döyüşçü yoldaşlarının cəsədlərini götürmək üçün həyatını riskə atmış, ölümdən qorxmamışdır. Döyüşdə öz cəsurluğu ilə hamının məhəbbətini qazanan Valeh Müslümov 1992-ci ilin aprelin 8-dən 9-na keçən gecə  Ağdərə rayonunun Marquşavan kəndi uğrunda gedən döyüşdə əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Düşmənlə qeyri-bərabər döyüşdə şəhid olanyaralanan 11 nəfər döyüşçü yoldaşını xilas edərək təhlükəsiz zonaya aparmışdır. Lakin axırıncı yoldaşını xilas edərkən aldığı ağır güllə yarasından həlak olmuşdur.

Onun bu igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Prezidentin 6 iyun 1992-ci il tarixli fərmanı ilə ilk dəfə "Azərbaycan Milli Qəhrəmanı" adını almış 11 nəfərdən biri də məhz Valeh Müslümov olmuşdur.

Şəhid olmasından 20 il keçməsinə baxmayaraq, həmyerliləri onun xatirəsini bu gün də əziz tuturlar. Lerik şəhərinin küçələrindən birinə və təhsil aldığı orta məktəbə onun adı verilmiş, büstü qoyulmuşdur. Təzəlikcə isə RİH-in dəstəyi ilə onun adını daşıyan məktəbdə qəhrəmanın xatirə muzeyi yaradılmışdır.

Tədbirdə rayon prokuroru Salman Səmədov, səfərbərlik və hərbi xidmətə çağırış şöbəsinin rəisi Elməddin Cəfərov, YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov və başqaları çıxış edərək Milli Qəhrəmanın keçdiyi döyüş yoluna nəzər saldılar, həyatının bütün gənclər üçün nümunə olduğunu qeyd etdilər.

Sonda Milli Qəhrəmanın atası Əlizahid Müslümov göstərilən qayğı və diqqətə görə rayon ictimaiyyətinə minnətdarlığını bildirdi.

 

 

Azərbaycan.- 2012.- 11 aprel.- S. 5.