“Azərbaycan dilində
mükəmməl sintaktik bütövlər” kitabının təqdimatı olmuşdur
Aprelin 10-da Bakı Slavyan Universitetində bu təhsil müəssisəsinin rektoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin rəhbərliyi ilə müəllif kollektivi tərəfindən yazılmış "Azərbaycan dilində mükəmməl sintaktik bütövlər" kitabının təqdimatı olmuşdur.
Kitaba ön sözün müəllifi, ümumi və rus dilçiliyi kafedrasının müdiri, professor İlyas Həmidov bildirmişdir ki, bu tədris vəsaiti AMEA-nın müxbir üzvü K.Abdullayevin rəhbərliyi və iştirakı ilə müəlliflər qrupu tərəfindən hazırlanmışdır. Həcmi 600 səhifədən çox olan kitab "Mətn sintaksisinin ensiklopediyası" formatında tərtib edilmişdir. Mürəkkəb sintaktik bütöv (MSB) bir sintaktik qurum kimi mətndən təcrid olunmuş şəkildə araşdırılmır, ancaq mətn müstəvisində reallaşan və özünün dil-nitq mövcudluğunu mətndə göstərən bir kompozisiya kimi qəbul edilir.
Vəsaitin əsas konseptual prinsipini məhz bu yanaşma təşkil edir. MSB kateqoriyası barədə
rusistika, germanistika sahəsində tədqiqatların
nəticələri sistemləşdirilmiş,
aparıcı ideyalar yığcam formada oxuculara təqdim olunmuşdur.
Kamal Abdullayev kitabda mətn nəzəriyyəsinin
obyektini 3 aparıcı
istiqamətin kəsişməsində
tədqiq edir - müasir mətn nəzəriyyələri işığında
orta əsr bədii abidələrin dilinin sistemli tipoloji öyrənilməsi,
mətn və mürəkkəb sintaktik
bütövün ümumi
və xüsusi cəhətlərinin təyin
olunması, cümlələrin
və mürəkkəb
sintaktik bütövlərin
aktual üzvlənməsi
ilə bağlı problemlərin həlli.
Professor Kamal Abdullayev nəzərə çatdırmışdır
ki, kitab ölkəmizin müxtəlif
elm təhsil müəssisələrində
çalışan 15 mütəxəssisin
reallaşdırdığı elmi proyektdir və bu, Azərbaycan
dilçiliyində konkret
bir elmi məktəbin bünövrəsinin
təməl daşı
hesab oluna bilər. Respublikanın görkəmli elm xadimlərinin müəllifi
olduqları kitaba, həmçinin gənc mütəxəssislərin də
Azərbaycan, türk,
rus və ingilis dillərində elmi araşdırmaları
daxildir. Burada
"Kitabi-Dədə Qorqud"
dastanı və "Beovulf" eposunda təkrarlar", "Kitabi-Dədə
Qorqud " dastanında
və "İqor polku haqqında dastan"da sintaktik paralelizm" mövzusunda elmi araşdırmaları
yer almışdır.
Azərbaycanda yeni dilçilik
məktəbinin yaranmasından
xəbər verən vəsait mətn sintaksisinin özəlliklərini
araşdıran yeni tədqiqatçılar nəslinin
yetişməsi ilə
yanaşı, dil mədəniyyətinin inkişafına
da müsbət təsir göstərəcəkdir.
Tədbirdə professorlar Tofiq Hacıyev, Fəxrəddin
Veysəlli, Aslan Məmmədli və digərləri çıxış
edərək kitabın
təkcə filologiya üzrə təhsil alan tələbələr
üçün deyil,
magistrantlar və mətn sintaksisi ilə məşğul olanlar üçün də əhəmiyyətli
olduğunu qeyd etmişlər. Sintaksis nəzəriyyəsi ilə bağlı olan bu dərs
vəsaiti tədris prosesində geniş istifadə edilə biləcək ilk nəşrdir.
AzərTAc
Azərbaycan.- 2012.- 11 aprel.- S. 5.