Dahi bəstəkarın yadigarı
Azərbaycan Televiziya və
Radiosunun Simfonik Orkestri - 80
Üzeyir Hacıbəylinin təşəbbüsü və xeyir-duası ilə 1932-ci ildə Azərbaycan Dövlət Radio Komitəsinin nəzdində yaradılan Niyazi adına Simfonik Orkestrin 80 illik yubileyi musiqisevərləri yenidən bir araya gətirdi. Müslüm Maqomayevin adını daşıyan Azərbaycan Dövlət Filarmoniyasında bu möhtəşəm musiqi kollektivinin bədii hesabatı 80 illik bir tarixin müxtəlif çalarlarından, ziddiyyətlərindən, uğur və sevinclərindən xəbər verdi.
Azərbaycan Televiziya və Radiosunun Simfonik Orkestrinin ilk bədii rəhbəri və baş dirijoru Aleksandr Şvarts olub. Bir qədər sonra Üzeyir Hacıbəylinin dəvəti ilə Avstriyadan Bakıya gələn alman dirijor Otta Ştarsser də bir neçə il bu kollektivdə çalışıb. Beləliklə, məhz dahi bəstəkarın arzuladığı bir musiqi kollektivi formalaşıb. İlk dəfə notlu orkestrin yaradılması da Üzeyir bəyin adı ilə bağlıdır. Bu kollektivdə musiqiçilərlə bərabər neçə-neçə dirijor, müğənni yetişib. İkinci dünya müharibəsi illərində orkestr ayrı-ayrı qruplara bölünərək ön cəbhədə əsgərlər qarşısında müxtəlif konsert proqramları ilə çıxış edib. Güllə yağışı altında orkestr üzvlərinin heç nədən çəkinmədən, qorxmadan musiqi ifa etməsi, şövqlə oxuması o zaman əsgərlərdə əsl döyüş ruhu yaradıb. Döyüşçüləri qələbəyə ruhlandıran bu kollektivin də böyük əməyini sonralar həm mütəxəssislər, həm də cəbhədən qayıdan insanlar etiraf edirdilər.
1941-ci ildə orkestrin bədii rəhbəri və baş dirijoru Əşrəf Həsənov, ikinci dirijoru Çingiz Həsənov olub. Bir məsələni də qeyd edək ki, Əşrəf Həsənov bu kollektivdə çalışan ilk azərbaycanlı dirijor idi. Sonrakı illərdə bu tanınmış orkestrin bədii rəhbərliyi xalq artisti Ramiz Məlik-Aslanova tapşırılıb. Kollektivin inkişafında əməkdar incəsənət xadimləri İsmayıl Hacıyev və Yaşar İmanovun da əməyi az olmayıb. Bu orkestrin repertuarı da zəngin idi. Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına müraciət edilirdi. Hətta Üzeyir Hacıbəylinin 1945-1946-cı illərdə məşhur "Arşın mal alan" operettası da məhz bu orkestrlə ifa olunub. Müxtəlif dönəmlərdə orkestrin solistləri arasında Bülbül, Şövkət Məmmədova, Rəşid Behbudov, Sona Aslanova, Firəngiz Əhmədova, Lütfiyar İmanov, Mobil Əhmədov, Ağakərim Əliyev, Böyükağa Sadıqbəyov, Məmməd Orucov, Yaqub Hacıyev kimi tanınmış sənətkarların xüsusi yeri olub. Məhz onların bənzərsiz ifaçılıq məharəti sayəsində Azərbaycan mədəniyyətinin qızıl səhifələri yazılıb. Azərbaycan radiosunun yaranmasından beş il sonra həyata vəsiqə alan bu orkestr həm ifaçılıq, həm də musiqi sənətinin inkişafında misilsiz fəaliyyət göstərib. Məhz bu orkestrin xidmətidir ki, milli və klassik musiqimizin xoş sədası dünyanı bürüyüb. Azərbaycan Televiziyasının (1956-cı ildə) yaranışı ilə orkestrin növbəti dövrü başlayıb. Səs və görüntülər birləşərək bu kollektivin həyatına yeni nəfəs gətirib.
Bu kollektivin inkişafında ümummilli lider Heydər Əliyevin xüsusi xidməti var. Orkestri bir neçə dəfə dağılmaq təhlükəsindən məhz ulu öndər xilas edib. Müharibədən sonrakı illərdə bu kollektivə bəslənən laqeydlik nəticəsində, demək olar ki, orkestrin həyatı sona çatmaq üzrə idi. Konsertləri möhtəşəm keçirilmir, maddi və mənəvi təzyiqlərə məruz qaldığından üzvləri bir-bir onun sırasından uzaqlaşırdı. Demək olar ki, orkestrin yalnız kağız üzərində adı qalmaqda idi. Məhz o zamanlar Azərbaycana rəhbər seçilən Heydər Əliyevin mədəniyyətə göstərdiyi ilk qayğılardan biri də 1971-ci ildə orkestrin dirçəlməsi ilə bağlı oldu. Bu orkestr yalnız Azərbaycan Televiziya və Radiosunun nəzdində fəaliyyət göstərməklə öz işini bitmiş hesab etmirdi. Müxtəlif rəsmi görüşlərdə, mərasimlərdə, xarici ölkələrdə keçirilən musiqi festivallarında, mədəniyyət günlərində kollektivin kiçik də olsa qruplaşdırılmış üzvləri öz məharətlərini nümayiş etdirə bilirdilər. Getdikcə şöhrətlənən orkestrin sırasına yenidən tanınmış ifaçılar cəlb olundu. Bu orkestrin ən diqqətçəkən cəhətlərindən biri də məhz milli və klassik musiqinin vəhdətində gözəl konsert proqramlarının hazırlanması idi. 1985-ci ildə Niyazinin adını daşıyan Simfonik Orkestr vaxtilə ona qayğı göstərən bu unudulmaz maestronun arzularını həyata keçirmək üçün fəaliyyətinin yeni proqramını tərtib etdi. Amma bu proqramın axıradək davam etməsi sonralar çətinləşdi. Buna səbəb də namərd qonşularımızın torpaq iddiası ilə əlaqədar başladığı işğalçılıq siyasəti idi. Soydaşlarımızın yurd-yuvalarından qovulması, quruluşun dəyişməsi, bir sözlə, qəflətən aləmin bir-birinə dəyməsi bütün mənəvi tərəflərin üzərinə də bir qara pərdə çəkirdi.
Beləliklə, ötən əsrin sonlarında ölkəni bürüyən qarışıqlıq və xaos bu kollektivin də taleyindən izsiz keçmədi. Yenə də maddi və mənəvi təzyiqlərə məruz qalan orkestr fəaliyyətini, demək olar ki, dayandırdı. Dirijorlar, ifaçılar onun sırasını tərk etdilər. Konsert proqramları təxirə salındı. Bax, belə bir çətin zamanda bu orkestrin qolundan tutan, onu məhv olmağa qoymayan yenə də ulu öndər Heydər Əliyev oldu. Məhz ümummilli liderin qayğısı sayəsində orkestr əvvəlki missiyasını yerinə yetirməyə qayıtdı. Prezident İlham Əliyevin himayəsi nəticəsində orkestrin bütün maliyyə problemləri dövlət tərəfindən həll edilir. Orkestr üzvlərinin əməkhaqları bir neçə dəfə artırılıb. Dövlətin göstərdiyi bu diqqət və qayğı isə kollektivin fərəhinə və sevincinə səbəb olub. Bu da təbiidir. Yaradıcı insanın daxili aləmi elədir ki, o, həmişə diqqət sevir. Məhəbbət və qayğı göstəriləndə həqiqətən də yaratmaq imkanı genişlənir. İndi orkestrin bədii rəhbəri və baş dirijoru əməkdar incəsənət xadimi Azad Əliyevdir.
Dövlət müstəqilliyimizin bərpasından sonra bəxtinə gün doğan Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestrinin şöhrəti indi nəinki ölkəmizi, eləcə də dünyanı dolaşmaqdadır. Hazırda orkestrə yeni solistlər İlahə Əfəndiyeva, Gülnaz İsmayılova, Əvəz Abdullayev cəlb olunublar. Orkestr Azərbaycan teleradiosunun Cahangir Cahangirov adına xoru ilə birlikdə yeni repertuar üzərində işləyir.
Azərbaycan Dövlət Filarmoniyasında Simfonik Orkestrin 80 illik yubileyi ilə əlaqədar keçirilən mərasimdə əməkdar incəsənət xadimi Zəhra Quliyeva çıxış edərək musiqi mədəniyyətimizin inkişafında öz yeri olan kollektivin keçdiyi yoldan danışdı. Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə hələ gənclik illərində bu kollektivlə qurduğu əməkdaşlıqdan danışaraq orkestri dahi Üzeyirdən yadigar qalan bir nişanə kimi dəyərləndirdi. Hazırda Türkiyədə yaşayan və bu yubileyə dəvət alan xalq artisti Ramiz Məlik-Aslanov kollektivin səmərəli fəaliyyətindən söz açaraq Az.TV rəhbərliyinin yaratdığı şəraitdən razılığını bildirdi.
Orkestrin təqdim etdiyi konsert proqramı da rəngarəng və maraqlı təsir bağışladı. Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin və başqa korifey sənətkarların əsərlərindən nümunələr səsləndirildi. Xalq artisti Azər Zeynalovun, gənc ifaçılardan Ramil Qasımovun, Güllü Muradovanın və başqalarının ifaları da alqışlarla qarşılandı. Konsert başa çatsa da, musiqi sədalarının salonda yaratdığı cazibə tamaşaçıları onun əfsunundan ayrılmağa qoymurdu.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 11 aprel.- S. 7.