On Beşinci Avrasiya İqtisadi Zirvə
toplantısının iştirakçılarına
Hörmətli
toplantı iştirakçıları!
Sizi səmimi qəlbdən salamlayır və On Beşinci Avrasiya Zirvə toplantısının işə başlaması münasibəti ilə təbrik edirəm.
Müasir dünyada sülhün və əmin-amanlığın qorunmasına, sosial-iqtisadi tərəqqiyə öz əməli töhfəsini verən Türkiyə Cümhuriyyətində hər il Mərmərə Vəqfinin təşkilatçılığı ilə keçirilən Zirvə görüşləri regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Avrasiya bölgəsində xalqlar və dövlətlərarası siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi işinə müsbət təsir göstərir. Sonuncu Zirvə toplantısından ötən müddət ərzində region ölkələri arasında iqtisadi, siyasi və humanitar əlaqələr daha da güclənmiş, genişmiqyaslı yeni-yeni transmilli layihələrin əsası qoyulmuşdur. Azərbaycan həmişə olduğu kimi, bu layihələrin reallaşdırılmasında, iqtisadi əməkdaşlığın dərinləşdirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. Son illərdə intensiv həyata keçirilən və inşası başa çatmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında imzalanmış "Trans-Anadolu" qaz xəttinin tikintisinə dair anlaşma memorandumu da bu məqsədə xidmət edir.
Dünyada cərəyan edən mürəkkəb proseslər, geosiyasi, geoiqtisadi və strateji maraqların mübarizəsi, ekoloji vəziyyət bir sıra təhlükəli meyillərin meydana çıxmasına, iqtisadi böhranların və sosial gərginliyin yaranmasına yol açır, sülhün və təhlükəsizliyin qorunmasını çətinləşdirir. Qlobal inkişafın yeni çağırışlarına cavab verilməsi üçün dünyanın görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, iş adamlarının və aparıcı beyin mərkəzlərinin müxtəlif formatlarda müzakirələr aparmasına və adekvat qərarlar çıxarmasına ehtiyac duyulur. Bu baxımdan, çoxsaylı ölkələri və beynəlxalq təşkilatları təmsil edən mötəbər nümayəndə heyətlərinin iştirak etdiyi Avrasiya Zirvə toplantılarının səmərəli fəaliyyəti gözlənilən ümidləri doğruldur.
İnanıram ki, bugünkü yığıncaqda hamımızı düşündürən regional problemlərin həllinə, dövlətlərarası iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına təkan verən, xalqlarımızın mənafelərinə xidmət edən yeni ideyalar irəli sürüləcək və qərarlar qəbul olunacaqdır.
Bu yolda hər birinizə uğurlar arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 aprel
2012-ci il
Azərbaycan.- 2012.- 12 aprel.- S. 1.